Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6342/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X2 ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 qeyd olunan qətnamədən 09 aprel 2021-ci il tarixdə apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim Səadət Səlimova) prosessual müddətin ötürülməsi əsası ilə qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – qərardadın əsassız olması, qətnamədən məlumatının olmaması, qətnamənin ona rəsmi qaydada təqdim edilməməsi, sonradan qətnaməni ərizəsinə əsasən əldə etməsi və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2014-cü il tarixli qətnaməsi tərəflərə, o cümlədən Cavabdeh1 rəsmi qeydə alındığı – ünvan 1 ünvanına göndərilmiş, göndəriş məhkəməyə geri qayıtmamışdır. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Eyni zamanda, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, Binəqədi rayon İcra şöbəsinin 13 iyun 2014-cü il tarixli «icraata başlama haqqında» qərarı birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmçinin işdən görünür ki, icra işi üzrə aparılmış hərəkətlərə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh1 şikayət vermişdir. Apellyasiya şikayəti isə uzun müddətdən sonra, yəni 09 aprel 2021-ci il tarixdə (qətnamədən 7 il müddət keçdikdən sonra) birinci instansiya məhkəməsinə daxil olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Çünki, MPM-nin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, hazırki apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət (ərizə) əlavə olunmamışdır. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6342/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6342/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver