Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6344/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı X2 nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, iddiaçı X2 Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki işə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1187/2025 saylı, 28 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-379 nömrəli kredit müqaviləsinə əsasən, ”Borc verən”- İddiaçı “borc alana”- Cavabdeh 342000 manat 00 qəpik(üç yüz qırx iki manat sıfır qəpik) məbləğində pulu-190000 (bir yüz doxsan min) ABŞ dolları ekvivalenti ilə borc vermişdir. "Borc alan" krediti ABŞ dolları şəklində, xx.xx.2016-cı il tarixdə 3000-0 (üç min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 4000 (dörd min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 5000 (beş min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 5000 (beş min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 5000 (beş min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 5000 (beş min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 5000 (beş min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 8000 (səkkiz min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 15000 (on beş min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 15000 (on beş min) ABŞ dolları, xx.xx.2017ci il tarixdə 15000 (on beş min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 15000 (on beş min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 15000 (on beş min) ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 15000 (on beş min) ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 15000 (on beş min) ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 15000 (on beş min) ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 15000 (on beş min) ABŞ dolları və xx.xx.2018-ci il tarixdə 15000 (on beş min) ABŞ dolları olmaqla xx/xx/2018 (yeddi may iki min on səkkizinci il) tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər krediti faizsiz verilməsi şərtləşdirirlər.
2. xx.xx.2021-ci il tarixli, Əlavə Razılaşmanın surətindən görünür ki, ”Borc verən”- İddiaçı və “borc alana”- Cavabdeh təsdiq edir ki, Əsas Müqavilə üzrə Borc alanın Borc verənə ödənilməmiş qalıq borcu 158 000 ABŞ dolları təşkil edir. Tərəflər razılaşır ki, bu Əlavə Razılaşmanın 1-ci bəndində qeyd olunan məbləğ 2022-ci ilin sonunadək 158000 manat məbləğdə və dövriliklə (ödəniş qrafiki) Borc alan tərəfindən Borc verənə ödəniləcəkdir.
3. İşin birinci instansiya məhkəməsində baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli rəyindən görünür ki,ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqində olan xx.xx.2021-ci il tarixli ”Əlavə Razılaşma”da “Borc alan Cavabdeh” hissəsində “İmza:” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3M-379 saylı kredit müqaviləsi və həmin müqaviləyə dair bağlanmış xx.xx.2021-ci il tarixli «əlavə razılaşma» üzrə yaranmış 158.000 ABŞ dolları borcun və ödənilmiş 558,60 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 3M-379 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, xx.xx.2018-ci il tarxinədək hissə-hissə ödəmək şərtilə Cavabdeh 190 000 ABŞ dolları faizsiz kredit verilmişdir. Sözügedən müqaviləyə dair xx.xx.2021-ci il tarixli «əlavə razılaşma»dan Cavabdeh 158 000 ABŞ dolları borc qalığının olduğu və həmin qalığı xx.xx.2022-ci il tarixinədək hissə-hissə (xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində 40 000 ABŞ dolları ödəməklə cəmi 158 000 ABŞ dolları) ödəməyi öhdəsinə götürdüyü məlum olur. Lakin qeyd edilən öhdəlik, onun icrası üçün nəzərdə tutulmuş müddətin bitməsinə baxmayaraq hələ də icra edilməmişdir.
6. Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsi 7 dekabr 2016-cı il tarixdə bağlandığı üçün iddia müddətini itirmişdir. Qeyd etmək istəyir ki, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üçün Mülki Məcəllənin 551.2.1-ci maddəsində 5 illik müddət nəzərdə tutulduğu halda,vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətləri Mülki Məcəllənin 373.3cü maddəsində 3 il müəyyən edilmişdir. Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin iddia və kəsici müddətlər olması ilə əlaqədardır. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərindən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Yixarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1187/2025 saylı, 28 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 158.000 (bir yüz əlli səkkiz min) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq) məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Hazırki iş üzrə cavabdeh - Cavabdeh (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ona qarşı tələb irəli sürmək hüququ yaranmışdır.
10. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi-vəkili ərizədə iddia müddətinin 2016-cı ildən hesablanmalı olduğunu bildirsə də, bunu əsaslandıra bilməmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, tərəflərin arasında xx.xx.2016-cı il tarixdə imzalanmış kredit müqaviləsindən sonra, xx.xx.2021-ci il tarixdə borcun etirafı barədə əlavə razılaşma müqaviləsi bağlanmış, həmin müqavilədə cavabdeh 2016-cı il tarixli kredt müqaviləsi üzrə 158000 ABŞ dolları borcu olduğunu təsdiq etmiş və hər dəfə 40000 ABŞ dolları olmaqla, ümumilikdə 4 dəfəyə borcu ödəyəcəyini öhdəsinə götürmdüşdür. Müqavilə cavabdeh tərəfindən şəxsən imzalanmışdır. Cavabdeh də öz izahatında müqavilə üzrə ödənişləri ayrı-ayrı vaxtlarda davam etdirdiyini, hazırda təxminən 40000 dollar məbləğində borcu qaldığını bildirmişdir. Razılıq müqaviləsinin cavabdeh tərəfindən imzalandığı ekspert rəyi ilə təsdiqini tapmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə - məhkəməyə müraciət edilən vaxt müddət ötürülməmişdir
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.2, 373.4, 377.1, 385.1, 448.1, 739.1, 739.2, 882, 882.2, 882.3, 882.4 və 882.5-ci maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına; Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1187/2025 saylı, 28 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxan zaman izahatında qeyd etmişdir ki, 2016-cı ildə tərəfləri arasında notarial qaydada müqavilə bağlanarkən iddiaçını artıq 5-6 il tanıyırdı. Daha sonra, 2021-ci ildə hər hansı müqavilə imzalanıb-imzalanmadığını dəqiq xatırlamır. İddia ərizəsində göstərilən məbləğdə borcunun olmasını qəbul etmir. Daha az məbləğdə, təxminən 40 min dollar həcmində borcunun qalması ola bilər. İllər ərzində həm əsas, həm faiz borclarının ödənişlərini həyata keçirib. Lakin buna dair hər hansı əl yazısı, iltizam və ya aralarındakı danışıqların əks edildiyini sübut təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Vəkil2, ekspert rəyi ilə qətiyyən razı olmadığı təqdirdə, yenidən ekspertiza təyin olunmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
21.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
22.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 24.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 26.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 28.445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün vəgecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 29.448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 30.528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 31.529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissəqəbul etdiyini təsdiqləyən sənəd verməlidir 32.739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 33.739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 34.739.3-ci maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 35.882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 36.882.3-ci maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 37.882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 38.882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. 39.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrəsübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
41.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 42.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 43.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 44.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsitərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (372.2-ci maddə).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 46.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 47.İş materiallarından göründüyü kimi, X3 iddianın faktiki əsası olaraq müvafiq sübutlara, o cümlədən onunla cavabdeh arasında notariat qaydasında bağlanmış xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmaya istinad edərək sonuncundan xx.xx.2016-cı il tarixli 3M-379 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 158.000 ABŞ dolları məbləğində pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
48. Belə ki, xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma ilə “Borc verən” - İddiaçı və “borc alan”- Cavabdeh təsdiq etmişlər ki, Əsas Müqavilə üzrə Borc alanın Borc verənə ödənilməmiş qalıq borcu 158.000 ABŞ dolları təşkil edir. Tərəflər razılaşmışlar ki, bu Əlavə Razılaşmanın 1-ci bəndində qeyd olunan məbləğ 2022-ci ilin sonunadək müəyyən dövriliklə (hər rüb üzrə 40.000 ABŞ dolları olmaqla) Borc alan tərəfindən Borc verənə ödəniləcəkdir. İşin birinci instansiya məhkəməsində baxışı zamanı əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqində olan xx.xx.2021-ci il tarixli ”Əlavə Razılaşma”da ““Borc alan” Cavabdeh” hissəsində “İmza:” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur.
49. Qeyd edilməlidir ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər.
50. Belə ki, işə əlavə edilmiş hər iki tərəfin imzaladığı xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmadan göründüyü kimi, xx.xx.2016-cı il tarixli 3M-379 saylı kredit müqaviləsi əsasında tərəflər arasında yaranmış mübahisəli münasibətlərdən irəli gələn öhdəliyin mövcudluğu cavabdeh tərəfindən etiraf edilmiş, o, iddiaçıdan aldığı məbləğ üzrə borcunu 2022-ci ilin sonunadək ödəniş cədvəlinə uyğun olaraq qaytarmalı olduğunu təsdiq etmşdir.
51. Hazırkı halda borcunu etiraf edən borclu əslində belə bir öhdəliyin olmadığına deyil, üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etdiyinə istinad edir. Mülki qanunvericiliyə əsasən də, öhdəliyin kreditorun xeyrinə lazımi qaydada icra edildiyini sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Beləliklə də, sübutetmə vəzifələrinin bölgüsü baxımından alınmış pulun geri qaytarıldığını sübut etmək vəzifəsi məhz öhdəlik daşıyan şəxsə aiddir.
52. Alınmış pulun qaytarılmasına dair sübut etmə yükü cavabdehin üzərində olduğu halda, o, yaranmış öhdəliyi lazımi qaydada və tam şəkildə icra etdiyini təsdiq edən sənədləri təqdim etməmişdir. Bu isə iddiaçının cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində zərərə məruz qaldığını təsdiq edir.
53. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Göründüyü kimi iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə, iddiaçının bu hüququnu pozmuş, bununla da MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
54. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
58. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1187/2025 saylı, 28 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev