Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6347/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-129/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC «Xalq» Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-129/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 mülki işin aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Məhkəmə qənaətini bununla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında, digər Cavabdeh2 isə ünvan 2 ünvanında qeydiyyatda olmuş, sonuncunun qeydiyyat ünvanı hazırda ünvan 3n qanunvericilik normalarına əsaslanaraq belə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyatda olduğu üçün aidiyyət qaydaları pozulmamışdır. Cavabdeh1 (nümayəndəsi və vəkili Vəkil) şikayət verərək həmin qərardadın ləğv edilməsini və mülki işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, iddia tələbində mülkiyyətçinin çıxarılması tələb edilən daşınmaz əmlak Bakı şəhəri Binəqədi rayonunda yerləşir. Bu səbəbdən qanunvericiliyin tələblərinə görə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-129/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır, ipoteka predmeti olan əmlak isə Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsi, məh. 3117, ev 44A ünvanında yerləşən 25 saylı mənzildir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 iyun 2021-ci il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbinin necə və hansı hissələrdən ibarət olması bəllidir və bu cür iddia tələbinin irəli sürülməsi iddiaçının seçimi olub. Bu tələbin yekun hissəsinin necə göstərilməsindən asılı olmayaraq əsas tələb tutmanın ipoteka predmeti olan mənzilə yönəldlməsi, onun açıq hərracdan satılması və əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi ilə bağlı olub. Düzdü, tələbin nəticə hissəsində həm də göstərilib ki, mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər onlarla brlikdə yaşayan ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin yaşayış evindən məcburi qaydada çıxarılsınlar. Ancaq hazırki iddianın bu hissəsi bilavasitə əsas tələbdən asılıdır və müstəqil tələb sayılmır. Təsadüfü deyil ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində göstərilb ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Demək ki, iddia ərizəsinin nəticə hissəsində bu cür tələb göstərib-göstərməməsindən asılı olmayaraq əsas tələbin təmin olunacağı təqdirdə yaşayış sahəsindən cavabdehlərin və digər şəxslərin məcburi çıxarılması onsuzda təmin olunacaq və bunun üçün ayrıca məhkəmə qərarı tələb olunmayacaq. Məhz bu amilə görə, yəni ipoteka predmetinə tutma yönəldilməsi və hərracdan satılma ilə əlaqədar yaşayış sahəsindən məcburi çıxarılma törəmə tələb və əsas tələbin tərkib hissəsi olduğundan hazırki işdə müstəsna aidiyyət qaydaları da tətbiq edilə bilməz. Ancaq cavabdeh bununla razılaşmır və şikayətində bunun səbəblərini göstərib. Göstərdikləri açıq-aşkar əsassız görünməyə bilər. Lakin bu dəlillər də yuxarıda qeyd olunanlara əsasən qərardadın ləğv edilməsi üçün əsas ola bilməzdi. Əlbətdə ki, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin məqsədləri xaricində tətbiq edilməsi ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etmir və nəticə etibarı ilə həqiqətin müəyyən edilməsi və ədalətin təmin olunması əsassız hallara görə uzana bilir ki, bu da işdə iştirak edən şəxslərdə haqlı narazılıq yaranması ilə nəticələnə bilər. Lakin Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası hazırki iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olmadığından hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə verilə və baxıla bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 129/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-129/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6347/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6347/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver