Məhkəmə qərarları › İş №2(103)-6347/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6347/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6347/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər:pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı özünə məxsus “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh təqsiri (“Haval-H9” markalı **-KY-*** nömrəli avtomaşını park etmək üçün sürücülük vəsiqəsi olmayan azyaşlı oğluna etibar etməsi və bu zaman avtomaşın arxaya verilərkən iddiaçının maşınına dəyib onu əzməsi) ucbatından xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində baş vermiş inzibati xəta nəticəsində 16275.58 manat zərərin ödənilməsini tələb etmişdir.

2. İşin qeyd edilən, yəni, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan vurulması hissəsi mübahisəsizdir. Hazırda iddiaçı avtomobilinə dəymiş zərərin aradan qaldırılması məqsədi ilə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən 8.958,82 manat (sığorta ödənişi ilə nəzərə alınmış məbləğ) və keçmiş müddət ərzində avtomobilin ödənilməmiş 4 aylıq icarə haqqına görə 6.976,76 manatın cavabdehdən tutulmasını tələb edir.

3. Cavabdeh tərəf ehtiyatsızlıqla əhatə olunan təqsirli hərəkət olmasını qəbul edir və real olaraq vurulmuş ziyanı ödəməyə hazır olmalarını, lakin bunun üçün dəymiş zərərin düzgün müəyyən olunmalı olmasını bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan «VOLVO S 90» markalı, Az **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh təqsirli hərəkəti nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədi ilə tələb olunan 8.958,82 manat, keçmiş müddət ərzində avtomobilin ödənilməmiş 4 aylıq icarə haqqına görə 6.976,76 manat, hüquqi yardım üçün vəkilə ödədiyi 200 manat və dövlət rüsumu olaraq ödədiyi 140 manat, ümumilikdə isə toplam olaraq 16.275,58 (on altı min iki yüz yetmiş beş manat əlli səkkiz qəpik) manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində mülkiyyətçisi olduğu avtomobili ünvan 1 ünvanında olan «AZİNKO» yaşayış kompleksinin həyətində X2 etibarnamə əsasında idarə edərkən qarşıdan gələn “Haval-H9” markalı 10-KY- 516 nömrəli avtomobil onu vuraraq zədələməklə maddi ziyan vurmuşdur. Hadisə yerinə X5 şöbəsinin əməkdaşı dəvət olunmuş və hadisə araşdırılarkən qəzanın baş verməsinə səbəbin “Haval-H9” markalı **-KY-*** nömrəli avtomobilin sürücüsünün idarəetməni itirməsinin səbəb olduğu məlum olmuşdur. Həmçinin məlum olmuşdur ki, “Haval-H9” markalı **-KY-*** nömrəli avtomobil Cavabdeh məxsus olmaqla hadisə baş verən zaman yetkinlik yaşına çatmayan, xx.xx.2008-ci ildə anadan olmuş, sürücülük hüququ və adına etibarnamə olmayan oğlu X1 tərəfindən idarə edilmişdir. Eyni zamanda hadisə ilə əlaqədar tərəflərin izahatları alınan zamanı Cavabdeh bildirmişdir ki, evə gələrkən “Haval-H9” markalı **-KY-*** nömrəli avtomobilini binanın həyətində saxlamış, lakin bir qədər sonra məlum olmuşdur ki, avtomobili digər avtomobillərin hərəkətinə manne olur, bu səbəbdən də yetkinlik yaşına çatmayan oğluna bildirmişdir ki, gedib yerini dəyişsin. Göründüyü kimi, “Haval-H9” markalı **-KY-*** nömrəli avtomobilin mülkiyyətçisi Cavabdeh avtomobilini idarə etmək üçün sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan şəxsə vermiş, bu səbəbdən qəza baş vermişdir. Bu hal DYPŞ-nin əməkdaşı tərfindən Cavabdeh əməllərində İXM-nin 335.3-cü maddəsinin tərkibi olduğundan 180 manat cərimə edilməsi halı ilə öz təsdiqini tapır. Eyni zamanda qəzanı törətmiş X1 yetkinlik yaşına çatmayan şəxs olduğundan mülki iş üzrə cavabdeh qismində onun qanuni nümayəndəsi tanınır. Belə olan halda həmçinin qəzaın baş verməsinin digər səbəbkarı kimi də hazırkı iş üzrə cavabdeh qismində Cavabdeh tanınmalıdır. Baş vermiş hadisə zamanı ona məxsus “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 13958,82 manat zərər dəymişdir. X6 MMC-nin «Volvo Servis» tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı də təsdiq edir. Zərərin 5000 manat hissəsi icbari sığorta şirkəti tərəfindən ödənilmiş, qalın 8958,82 manat hissəsinin ödənilməsi cavabdeh tərəfindən dəfələrlə tələb olunsa da bir nəticə olmamışdır. Həmçinin, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2022-ci il tarixli 12 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi əsasında "xxxx" MMC-nə hər ayı 1.744,19 manat olmaqla 2 il müddətinə icarəyə vermişdir. Qəza baş verəndən sonra cavabdeh tərəfindən ödəniş vaxtında həyata keçirilmədiyindən avtomobil təmir edilmədi və ona ödənilən icarə haqqı dayandırıldı. Artıq 4 aydan artıq bir müddədir ki, avtomobilə görə icarə haqqı ödənilmir, yəni ona 6.976,76 manatdan artıq zərər də icarə haqqına görə vurulub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097.1, 1115-ci maddələrinə əsasən iddianın təmin olunması xahiş olunur.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə, iş № 2(005)-80/2025) iddia qismən təmin edilərək, Cavabdeh 7615 (yeddi min altı yüz on beş) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə iddiaçı tərəfin və cavabdeh tərəfin iddiaya olan dəlillərinə qiymət verərək hesab etmişdir ki, hər bir halda cavabdeh tərəfin məhz hüquq pozuntusu nəticəsində (yol-nəqliyyat hadisəsi) iddiaçının avtomobilinə zərər vurulması faktı mövcuddur və cavabdeh tərəf bu zərərin sığorta şirkəti tərəfindən tamamilə aradan qaldırılmasını bildirməsi ilə yanaşı, həmçinin bu qəzanın ehtiyatsızlıqla əhatə olunan təqsirli hərəkət olmaqla real olaraq vurulmuş ziyanı ödəməyə hazır olmalarını da qeyd etmişdir. Lakin cavabdeh tərəf iddiaçı tərəfin təqdim etdiyi qüsur aktının və buna dair verilmiş ekspertiza rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan mötəbər sübutlar təqdim etmədiyindən, cavabdehin ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillərinin ehtimal xarakterli olmasını nəzərə alaraq hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Cavabdeh tərəfin təqdim etdiyi "xxxx" MMC-nin qiymətləndirmə rəyində göstərilənlər inandırıcı olmamaqla dəymiş ziyanın real vəziyyətini (məbləği) əks etdirmir.

6. Məhkəmə həmçinin qeyd etmişdir ki, avtomaşına fiziki olaraq baxış keçirmədən qoyulmuş suallar əsasında qiymətləndirmə aparmış «Meyar Ekspertiza” MMC sözügedən avtomobilə dəymiş maddi zərərin 14706 manat civarında olmasını müəyyən etmişdir. Lakin sözügedən MMC-nin müəyyən etdiyi məbləğ iddia tələbində göstərilən məbləğdən artıq olduğu üçün məhkəmə iddiada göstərilən tələblər üzrə nəticəyə gəlinməsini mümkün sayır.

7. Beləliklə də, məhkəmə 2019-cu il buraxılışlı “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12615 manat olmasını və sığorta şirkəti tərəfindən ziyanın 5000 manat hissəsinin ödənilməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 7615 manat tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın qismən təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin tələbə daxil olan ziyan hissəsindən biri kimi iddiaçı avtomaşını "xxxx" MMC-yə icarəyə verməsini, hər ay icarə haqqı olaraq 1744.19 manat icarə haqqı olmaqla 4 aylıq təmir müddətində ona əldən çıxmış fayda qismində 6976.76 manat ziyan dəydiyini göstərmişdir. İddia bu hissədə İcarə müqaviləsinin asılı şəxslər arasında iddia tələblərini süni artırmaq məqsədilə yazılması birinci instansiya məhkəməsində müəyyən edildiyindən rədd edilmişdir. Lakin buna baxmayaraq, saxta sənəd tərtib olunması, vəzifə səlahiyyətlərindən sui-istifadə halları olması, sübutları saxtalaşdırma faktları (AR CM-in 294, 308, 313-cü maddələri) üzrə tələb etməyimizə baxmayaraq xüsusi qərardad qəbul edilməmişdir.

11. Avtomobilin həmin MMC-də təmir olunmadığı, bu qüsur aktı üzrə hansı təmir işləri görülməsi və dəyərinin ödənilməsi barədə təsdiqedici sübutlar təqdim olunmadığı halda, birinci instansıya məhkəməsi bu aktı işin hazırlıq mərhələsindən işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Halbuki, məhkəmə mülki mübahisəni obyektiv araşdırsaydı, aşağıdakı səbəblərdən həmin qüsur aktına tənqidi yanaşardı: Qüsur aktında 2019-cu il buraxılışlı “Volvo S90” markalı avtomaşının qəza nəticəsində əzilmiş detallarının dəyəri təzə - əvvəllər əzilib düzəlməmiş detal qiymətləri ilə göstərilmişdir. Qəza günü sığorta əməkdaşının çəkdiyi fotoşəkillərdən aşıq-aydın həmin detalların örtük rənginin altında şpatlevka işləmələri olması aydın görünür və görüntülər iş materiallarınaa əlavə olunmaqla böyüdülmüş şəkildə işə baxan hakimə təqdim edilmişdir. Bundan başqa, AR DİN BDYPİnin 3-13-16/2-151907 saylı məktubundan görünür ki, 2019-cu il buraxılışlı “Volvo S90” avtomaşını həmin qəzaya qədər xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, G.Mehdiyev küçəsində "Mitsubishi" markal, **-CS-*** dövlet qeydiyyat nişanlı avtomobillə, xx.xx.2021ci il tarixdə Bakı şəhəri, Heyder Əliyev prospektinde "isuzu" markalı, **-JK-*** dğviet qeydiyyat nişanlı yük avtomobili ilə, xx.xx.2022-ci il tarixde Bakı şəhəri,, Akademik H.Əi yev küçesinde "BMW" markalı **-LB-*** dovlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla 3 dəfə yol nəqliyyat hadisələrinin iştirakçısı olmuş, həmişə zərər çəkmişdir. Yəni, iddia tələbində qeyd olunan ziyan məbləği təzə detallara aid olsa da, həmin sənədlərdən və fotoşəkillərdən görünür ki, əzilmiş detallar təzə detallar olmamışdır. Nəzərə alsaq ki, əvvəllər əzilib düzəlmiş həmin detallar indi də dəyişilmədən bərpa oluna bilərdi, iddianın şişirdilməsi açıq aydın anlaşılar. Birinci instansiya məhkəməsi obyektiv olsaydı, AR DİN BDYPİ-nin 3-13-16/2- 151907 saylı məktubunu və hadisə günü çəkilmiş foto və video görüntüləri işin mübahisəsiz halı kimi qiymətləndirərək, mübahisənin həlli istiqamətində doğru qərarlar qəbul edərdi. 2019-cu il buraxılışlı “Volvo S90” avtomaşını hadisəyədək 3 dəfə toqquşma hadisəsində olub və 4 il istismar olunub. Təbii ki, belə avtomaşının həmin hadisələr fonunda və istismar prosesində mexaniki hərəkət hissələri aşına bilər və dəyişilməli ola bilər (bu da böyük sual altındadır, çünki iddiaçı iddiasının həmin hissəsini sübut etməmiş, avtomaşının bu hissələrinin dəyişilməsi və dəyərinin ödənilməsi barədə təsdiqedici sübutları məhkəməyə təqdim etməmişdir), bu o demək deyil ki, həmin hissələr məhz xx.xx.2023-cü il tarixdə olan qəzada aradan qaldırıla bilməcək dərəcədə zədələnmişdir. "xxxx" MMC-nin qüsur aktında böyük hissəni həmin ehtiyat hissələri tutur. Buna isə müvəkkilim heç bir halda cavabdeh ola bilməz. Birinci instansiya məhkəməsində hazırlıq mərhələsində tərəfimizdən verilən vəsatətlərdə bunlar aydın şəkildə yazılmağına, şifahi şəkildə izah olunmasına baxmayaraq hakim iddianı artırmaq məqsədilə ona saxta sənədlər təqdim edən iddiaçının mövqeyindən çıxış etmişdir. Ekspertiza aparılması zamanı iş materialları təqdim edilən ekspert işin mübahisəsiz halı kimi yuxarıda göstərilən halları qəbul edib, dəymiş ziyanın 1320 manat həcmində qiymətləndirir, lakin qətnamədə hakim deyir yox, bunlar düzgün deyil. Həmin qiymət işin mübahisəsiz halları üzrə - fotovideo görüntülər, avtomobilin əvvəllər daha 3 dəfə vurulması nəzərə alınmaqla "xxxx" MMC-nin keçirdiyi qiymətləndirmə rəyinə dair Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəy üzrə gəldiyi nəticədir və işin halları ilə heç bir ziddiyyət təşkil etmir. Həmin rəydə eyni zamanda Aral Auto MMC-nin qüsur aktında olan qiymətlərə də münasibət bildirilmişdir. Məsələ ondadır ki, Aral Auto MMC-nin qüsuraktında göstərilən əzilən detalların həqiqətən yenisi ilə əvəz olunması, eyni zamanda mexaniki hərəkət hissəsi detallarınıın məhz qəza nəticəsində zərər görməsi iddiaçı tərəfindən sübut olunmamışdır (avtomobil Aral Auto MMC-də təmirolunmaması bildirilmiş, təmirə dair Aral Auto MMC-nin aktı, hesab-fakturası və ödəniş sənədləri hakim tərəfindən tələb olunsa da təqdim edilməmişdir). Lakin hakim əvvəldən bu qüsur aktını işin mübahisəsiz halı hesab etmişdir. Tərəfimizdən təqdim olunan vəsatətlərdə yuxarıda qeyd etdiyimiz arqumentlərin yoxlanması üçün avtomaşının ekspertə təqdim olunması tələb edilsə də, ekspert bu barədə vəsatət versə də iddiaçı bunu təmin etməmişdir. Səbəb çox sadədir: yenisi ilə əvəz edildiyi iddia edilən detalların əslində yeni olmadığı, dəmirçi tərəfindən bərpa olunduğu, faktiki mövcud olan detalların üzərindəki zavod sıra nömrələrinin avtomaşın istehsal olunduğu vaxtdan həmin avtomaşının üzərində olması, yəni dəyişilmədiyi aşkar olunardı. İddiaçı tələblərini sübut etmədiyi halda, işə baxan hakim bunu görməzdən gəlmişdir, halbuki dəfələrlə diqqətinə çatdırılmışdır. Beləliklə, deliktlə əlaqədar formalaşmış məhkəmə təcrübəsinə və AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilən hallar sübut olunmamışdır: Zərərin mövcud olması (zərərin tam həcmi, detalların yenisi ilə əvəz olunması və çəkilən xərclər iddiaçı tərəfindən sübut olunmamışdır); Təqsirli hərəkət (mövcuddur, tərəfimizdən etiraf edilmişdir); Zərərlə təqsirli hərəkət arasında səbəbli əlaqə (4 il istismar olunmuş və hadisədən əvvəl 3 dəfə vurulmuş avtomaşının müxaniki hərəkət hissələri ilə əməl arasında əlaqə müəyyən olunmamışdır).

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisəni düzgün həll etmişdir.

20. Zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusunun tərkibini mülkihüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: - törədilmiş əməlin hüquqa zidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəi və ya hərəkətsizliyi anlaşılır. - törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. - zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir. hüquqpozan şəxsin təqsirinin olması.

22. Beləliklə, yalnız yuxarıda göstrərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayılır.

23. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsindən 4 gün sonra "xxxx" MMC-i tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktı tərtib edilmiş və bu aktda avtomobilə 13958,82 manat zərər dəyməsi qeyd edilmişdir.

24. Cavabdeh tərəfin təqdim etdiyi "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitəsinin qüsurları nəzərə alınaraq bərpa-təmiri üçün laxım olan ehtiyat hissələri və işçilik xərcinin ümumi dəyəri 3220 manat təşkil edir.

25. Cavabdeh tərəf "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli qüsur aktı ilə razılaşmadığından və dəymiş zərərin iddia olunan məbləğdən daha az olmasına dair müvafiq rəy təqdim etdiyindən məhkəmə tərəfindən yaranmış ziddiyətin aradan qaldırılması məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.

26. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, (nəticə hissəsi) İ sual üzrə nəzəri hesablama yolu ilə iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur akıtndakı məlümatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Volvo S90” markalı **-GY- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12615 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti 11435,00 manat, təmir bərpa işlərinin qiyməti 1180 manat. İİ sual üzrə nəzəri hesablama yolu ilə iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur akıtndakı məlümatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1320 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti 500 manat, təmir bərpa işlərinin qiyməti 820 manat. Qüsur aktında göstərilən ötürücü mexanizmlərin (xodovoyun) diaqnostikası və usta işləri üzrə kifayət qədər məlumat olmadığından həmin təmir-bərpa işləri üzrə qiymətləndirmə aparılmadı. İİİ və İV suallar üzrə: “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra təmir olunduğuna görə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası aparılmır.

27. Məhkəmə kollegiyası iddiaçı tərəfin və cavabdeh tərəfin iddiaya olan dəlillərinə qiymət verərək hesab edir ki, hər bir halda cavabdeh tərəfin məhz hüquq pozuntusu nəticəsində (yol-qəza hadisəsi) iddiaçının avtomobilinə zərər vurulması faktı mövcuddur və cavabdeh tərəf bu zərərin sığorta tərəfindən tamamilə aradan qaldırılmasını bildirməsi ilə yanaşı həmçinin də bu qəzanın ehtiyatsızlıqla əhatə olunan təqsirli hərəkət olmaqla real olaraq vurulmuş ziyanı ödəməyə hazır olmalarını da qeyd etmişdir. Lakin cavabdeh tərəf iddiaçı tərəfin təqdim etdiyi qüsur aktının və buna dair verilmiş ekspertiza rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan mötəbər sübutlar təqdim etmədiyindən, cavabdehin ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillərinin ehtimal xarakterli olmasını nəzərə alaraq hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Cavabdeh tərəfin təqdim etdiyi "xxxx" MMC-nin qiymətləndirmə rəyi obyektiv olmayaraq vurulmuş ziyanla bağlı göstərilənlər inandırıcı olmamaqla yanaşı dəymiş ziyanın real vəziyyətini (məbləği) əks etdirmir.

28. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, avtomaşına fiziki olaraq baxış keçirmədən qoyulmuş suallar əsasında qiymətləndirmə aparmış «Meyar Ekspertiza” MMC-i də sözügedən avtomobilə dəymiş maddi zərərin 14706 manat civarında olmasını müəyyən etmişdir. Lakin sözügedən MMC-nin müəyyən etdiyi məbləğ iddia tələbində göstərilən məbləğdən artıq olduğu üçün məhkəmə iddiada göstərilən tələblər üzrə nəticəyə gəlinməsini mümkün sayır.

29. Birinci instansiya məhkəməsi AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyini və ödənilmiş sığorta məbləğini nəzərə alaraq avtomobilə dəymiş ziyanı 7615 manat hissəsində təmin etmişdir.

30. Apelyator adı çəkilən ekspert rəyinin birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməsi ilə razılaşmır və apellyasiya şikayətinin əsas dəlili kimi də məhz bu hala istinad edir.

31. Kollegiya apellyasiya şikayətinin bu dəlilini əsassız sayır və qeyd edir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və həmin rəydə göstərilən məlumatları şübhə altına almaq üçün hər hansı əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsinin gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.

33. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 16 iyul 2025-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar