Məhkəmə qərarları › İş №2(103)-635/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-635/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-635/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2(004)-3866/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında xx.xx.2014-cü il tarixli 23-M-1-0-938-14 nömrəli “Bank hesabı, kredit və zaminlik” müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 (bundan sonra-cavabdeh) illik 28 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Zaminlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdürlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən özünün xeyrinə 8534 ABŞ dolları əsas, 2358 ABŞ dolları faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması baradə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-11334/2015 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir.

3. Borclu Cavabdeh1 etirazı təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-11334/2015 saylı məhkəmə əmri həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv edilmiş və işə mahiyyəti üzrə yenidən ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

4. İddiaçı iddia ərizəsinə əlavə və yeni maliyyə arayışı təqdim edərək, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 6838,42 ABŞ dolları əsas, 3194,07 ABŞ dolları faiz, 5392.36 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1006,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 16431,10 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, borclu kreditin və faizlərin qaytarılmasına dair öhdəliyi vaxtında və lazimı qaydada icra etməmiş və nəticədə onun kredit qarşısında öhdəliyi yaranmışdır.

6. 31 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin borcu 6838,42 ABŞ dolları əsas, 3194,07 ABŞ dolları faiz, 5392.36 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1006,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 16431,10 ABŞ dolları təşkil edir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 sentyabr 2021-ci il tarixli 2(004)-3866/2021 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6838,42 ABŞ dolları əsas, 3194,07 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1006,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11638,74 ABŞ dolları məbləğində borcun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.1, 445.2.1, 467, 472.1, 448.1, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, tərəfindən bankın xeyrinə ödənişlər edilmiş, sonradan “Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə bağlı rəhbərliyə müraciət etsə də, Fərmanın müddəaları tətbiq edilməmişdir. Halbuki Fərmanın müddəaları tətbiq edilməli, vaxtı keçmiş kredit borcu olan fiziki şəxs kimi onunla yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməli idi.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. İddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

19. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

22. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

23. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

32. İddiaçı ərizə təqdim edərək, Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını və ona münasibətdə iddia tələbindən imtina edilməsi barədə qərar qəbul edilməsini və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

33. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 aid hissədə iddiaçının iddiadan imtinası qəbul edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 2(004)-3866/2021 saylı qətnaməsi mərhum Cavabdeh2 aid hissədə ləğv edilməklə həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

34. Hazırki apelyasiya baxışının predmetini qətnamənin qalan hissəsində Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Qalan hissədə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna aid hissədə dəyişdirilməlidir

36. İddiaçı cavabdehlə bağlanmış müqaviləyə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.

37. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

38. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.

39. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, 28 fevral 2019-cu il tarixli Fərmanın müddəaları tətbiq edilməmişdir.

40. Təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdehə Fərmanla bağlı xx.xx.2019-cu il tarixdə 1086,97 ABŞ dolları məbləğində kompensasiya ödənişi edilmişdir.

41. İş materiallarından da görünür ki, məhkəmə əmri ilə bankın xeyrinə əsas borc üzrə 8534 ABŞ dolları tutulmuş, kompensasiya məbləğindən sonra isə birinci instansiya məhkəməsində iddiaçı yeni maliyyə arayışı təqdim edərək, əsas borc hissəsində tələbini azaldaraq 6838,42 ABŞ dolları tələb etmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, kompensasiya tətbiq edilsə də, qalıq borcun restrukturizasiya olunması üçün tələb olun şərtlər mövcud olmamışdır, belə ki, cavabdehin aktiv kredit borcları 10000 ABŞ dolları və ya 17000 manatdan artıq olmuşdur.

42. Hazırki iş üzrə göründüyü kimi, cavabdehə kompensasiya ödənilsə də, digər şərtlərə görə Fərmanın təsir dairəsinə düşmədiyi üçün bank tərəfindən cavabdehə münasibətdə restrukturizasiya şamil olunmamışdır.

43. Beləliklə müəyyən edilmişdir ki, əsas və faiz borcu düzgün hesablanmışdır.

44. Cavabdeh apelyasiya baxışı zamanı əsas borcun manatla ödənilməsini istədiyini, faiz məbləğinə aid hissədə isə bank tərəfindən ona güzəşt ediləcəyinin bildirildiyini qeyd etmişdir.

45. Lakin bankın nümayəndəsi hər hansı güzəşt ediləcəyi barədə məlumatının olmadığını, bununla belə, əsas borc bağlanacağı təqdirdə faizlərdən güzəşt edilməsinin istisna olmadığını göstərmişdir.

46. Kollegiya qeyd edir ki, kredit müqaviləsi üzrə hər hansı güzəşt edilməsi bankın vəzifəsi yox, hüququdur. Hazırda bank tərəfindən belə bir güzəşt edilməsi ilə bağlı razılıq olduğu təsdiqlənməmişdir.

47. Borc məbləğinin manatla ödənilməsi ilə bağlı isə Kollegiya qeyd edir ki, cavabdehlə bank arasında bağlanmış müqavilənin valyutası ABŞ dolları olmuşdur, haqlı olaraq borc məbləği də həmin valyuta ilə tələb edilmişdir.

48. Məhkəmə kollegiyası dəbbə pulunun tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində qismən əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan dəbbə pulu məbləğini müəyyən edərkən cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır.

49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər.

50. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

51. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, mövcud müqavilə üzrə tənasübsüz surətdə müəyyən edilmiş dəbbə pulu tələbinin azaldılmasını və 50 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3866/2021 saylı iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulmalı olan cərimə borcuna aid hissədə dəyişdirilsin və iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan cərimə borcunun məbləği 50 ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar