Məhkəmə qərarları › İş №2(103)-6351/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6351/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6351/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onun ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2014-cü il tarixli, 05L000005280 saylı “Kredit xətti müqaviləsi” çərçivəsində 05.08.2016-cı il tarixdə bağlanmış 005R********** saylı “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.548,57 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 280,63 manat və ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 631,16 manat, həmin tarixdə bağlanmış 005R********** saylı “Kredit razılaşması” üzrə isə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 11.019,54 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.511,64 manat və ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 6.156,36 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə” bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manat, həmin bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzinin – 20 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun, yuxarıda qeyd edilən müqavilə və razılaşmalar üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlərdən - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Cavabdeh3 məxsus olan və ünvan 1 ünvanında yerləşən 63 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin borcludan və zaminlərdən ümumi qaydada tutulması, ev satıldığı halda 1 aydan gec olmayaraq cavabdehlərin evdən çıxarılması, evin boşaldılması, cavabdehlərin ev üzərində olan istifadə hüquqlarının itirilməsi, evin alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2014-cü il tarixli, 05L000005280 saylı “Kredit xətti müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqavilə çərçivəsində Bank ilə Cavabdeh1 arasında 05.08.2016-cı il tarixdə 005R********** və 005R********** saylı “Kredit razılaşmaları barədə müqavilələr” bağlanmışdır. 005R********** saylı “Kredit razılaşması” əsasında Cavabdeh1 Bankdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.500 manat məbləğində kredit götürmüşdür. 005R********** saylı “Kredit razılaşması” əsasında isə Cavabdeh1 Bankdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12.500 manat məbləğində kredit götürmüşdür. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcalan Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar və bu barədə onlar ilə Bank arasında 16.04.2014-cü il tarixdə “Zaminlik müqavilələri” bağlanmışdır. Bundan başqa Cavabdeh3 borcalan Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək özünə məxsus fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı 29.07.2016-cı il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Evdə qeydiyyatda olan cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh8 və Cavabdeh9 evin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə yazılı razılıq vermiş və evə tutma yönəldildiyi təqdirdə evi qeyd-şərtsiz tərk edəcəkləri barədə üzərilərinə öhdəlik götürmüşlər. Onların razılıq ərizələri 3 saylı Asan Xidmətdə fəaliyyət göstərən notarius tərəfindən təsdiq edilmişdir. Evin ipoteka ilə yüklülüyü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində (bundan sonra – DƏDRX Əİ) qeydə alınmış və bununla bağlı RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarış” verilmişdir. Cavabdeh1 hər iki “Kredit razılaşmasının” 1.2-ci bəndlərinin tələbini pozaraq Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, Banka olan borcunu, aybaay, hissə-hissə, yəni yuxarıda qeyd edilən razılaşmalarda və “Ödəniş qrafiklərində” nəzərdə tutulmuş qaydada ödəməmişdir. Nəticədə onun iddiaçı Banka 005R********** saylı razılaşma üzrə 1.548,57 manat məbləğində əsas kredit borcu, 280,63 manat məbləğində faiz borcu, 631,16 manat məbləğində cərimə (dəbbə) borcu; 005R********** saylı “Kredit razılaşması” üzrə isə 11.019,54 manat məbləğində əsas kredit borcu, 4.511,64 manat məbləğində faiz borcu, 6.156,36 manat məbləğində cərimə (dəbbə) borcu yaranmışdır. Bank qeyd edilən borcların ödənilməsi ilə bağlı borcluya və zaminlərə xəbərdarlıq məktubu ilə müraciət etsə də, onlar Banka olan borcu ödəməmişlər. Bu səbəbdən də Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə” bildirişin qeydə alınması üçün 10 manat məbləğində dövlət rüsumları, habelə həmin bildirişin qeydə alınması üçün 20 manat məbləğində xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.11.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh1 ilə Bank arasında bağlanmış 16.04.2014-cü il tarixli, 05L000005280 saylı “Kredit xətti müqaviləsi” çərçivəsində 05.08.2016-cı il tarixdə bağlanmış 005R********** saylı “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.409,09 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 234,53 manat və ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 100 manat, həmin tarixdə bağlanmış 005R********** saylı “Kredit razılaşması” üzrə isə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 11.019,54 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.194,80 manat və ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh1 tutularaq Banka ödənilməsini; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi ilə 220 manatın Cavabdeh1, 200 manatın isə iddiaçı Bankdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsini; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmənin xərcinin ödənilməsi məqsədi ilə 150 manatın Cavabdeh1, qalan 150 manatın isə iddiaçı Bankdan tutularaq "xxxx" MMC-yə ödənilməsini; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmənin xərcinin ödənilməsi məqsədi ilə 75 manatın Cavabdeh1, qalan 75 manatın isə iddiaçı Bankdan tutularaq "xxxx" MMC-yə ödənilməsini; iddianın qalan hissələrdə təmin edilməməsini qət etmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilməyən, yəni zaminlərə və ipoteka qoyana münasibətdə; həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı hissələrində ləğv edilməsi və həmin hissələrdə də iddianın təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddianın bir qisminin təmin edilməməsi hissəsində Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsaslı olan həmin tələbləri əsassız olaraq təmin etməmişdir. İş üzrə Cavabdeh1 də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən Məhkəməyə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bu apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə, tam həcmdə əsassız olan iddianı qismən də olsa təmin etmişdir. İddiaçı Bankın nümayəndəsi M.Hüseynova apellyasiya baxışı iclasında iştirak edərək, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi Bankın apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, iddiaçı Bankın apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermiş Cavabdeh1 apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, Cavabdeh1 qətnamənin düzgün araşdırılmadan və qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyini qeyd etsə də, Rayon Məhkəməsinin nəyi düzgün araşdırmadığını və yol verdiyi qanun pozuntularının nədən ibarət olmasını göstərməmişdir. Bunun əksinə Məhkəmə tərəfindən iş materiallarına əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən iddianın təmin edilməsi hissəsində düzgün araşdırma aparılmış və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2014-cü il tarixli 05L000005280 nömrəli “Kredit xətti müqaviləsindən” görünür ki, Bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2016-cı il tarixli, 005R********** nömrəli “Kredit razılaşmasından” görünür ki, Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.500 manat məbləğində kredit vermişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2016-cı il tarixli, 005R********** nömrəli “Kredit razılaşmasından” görünür ki, Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12.500 manat məbləğində kredit vermişdir. Bank tərəfindən verilmiş 03.07.2018-ci il tarixli “Maliyyə arayışlarından” görünür ki, borclu Cavabdeh1 05.08.2016-cı il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 28.06.2018-ci il tarixə əsas kredit borcu 1.548,57 manat, faiz borcu 280,63 manat, cərimə borcu 631,16 manat olmaqla, cəmi 2.460,36 manat borc, 05.08.2016-cı il tarixli 055R********** saylı kredit razılaşması üzrə əsas kredit borcu 11.019,54 manat, faiz borcu 4.511,64 manat, cərimə borcu 6.156,36 manat olmaqla, cəmi 21.687,54 manat borcu vardır. Bank tərəfindən cavabdehlərə ünvanlanmış 27.09.2017-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlər Banka olan borclarını ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. İşdə olan sənədlərdən görünür ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2014-cü il tarixli 05L000005280 nömrəli “Kredit xətti müqaviləsinə” əsasən Bank Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açmış və həmin kredit xətti müqaviləsi əsasında Bank ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2016-cı il tarixli, 005R********** nömrəli “Kredit razılaşmasına” əsasən Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.500 manat məbləğində və Bank ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2016cı il tarixli, 005R********** nömrəli “Kredit razılaşmasına” əsasən isə Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə - hissə qaytarmaq şərti ilə 12.500 manat məbləğində kreditlər vermişdir. Bank iddia edir ki, iş üzrə cavabdehlər Bank qarşısında üzərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş, kredit borcunu ödəməmişlər. Bank tərəfindən təqdim edilmiş hesablamadan görünür ki, cavabdehlərin Banka, 05.08.2016-cı il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 28.06.2018-ci il tarixə əsas kredit borcu 1.548,57 manat, faiz borcu 280,63 manat, cərimə borcu 631,16 manat olmaqla, cəmi 2.460,36 manat borc, 05.08.2016-cı il tarixli 055R********** saylı kredit razılaşması üzrə əsas kredit borcu 11.019,54 manat, faiz borcu 4.511,64 manat, cərimə borcu 6.156,36 manat olmaqla, cəmi 21.687,54 manat borcu vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi tələbi barədə xəbərdarlıq məktubları göndərilmiş, lakin, cavabdehlər borcu ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məcəllənin 741-ci maddəsinə görə, müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 5672 saylı, 12.07.2019-cu il tarixli rəyindən görünür ki, 15.08.2016-cı il tarixli, 065R1S21850019 saylı kredit razılaşması üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və Bank ilə Cavabdeh1 arasında 16.04.2014-cü il tarixində bağlanmış 05L000005280 saylı “Kredit xətti müqaviləsinə” əsasən 05.08.2016-cı il tarixdə bağlanmış 005R********** saylı “Kredit razılaşmasının” şərtləri nəzərə alınmaqla Cavabdeh1 28.06.2018-ci il tarixə Banka olan əsas borcu 1.404,09 manat, faiz borcu 233,62 manat, cərimə borcu 413,02 manat məbləğindədir. Onlar arasında bağlanmış həmin “Kredit xətti müqaviləsinə” əsasən 05.08.2016-cı il tarixdə bağlanmış 005R********** saylı “Kredit razılaşmasının” şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni 05.08.2018-ci il tarixə Banka olan əsas borc üzrə 1.404,09 manat; faiz borcu üzrə 274,01 manat; cərimə borcu 484,43 manat məbləğindədir. Həmçinin, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 005R********** saylı “Kredit razılaşmasının” şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni 05.08.2018-ci il tarixdən 04.09.2018-ci il tarixinədək illik 5%-lə hesablanmaqla Banka olan əsas borcu üzrə 1.404,09 manat, faiz borcu üzrə 279,67 manat, cərimə borcu üzrə 0 manat müəyyən olunmuşdur. 005R********** saylı “Kredit razılaşması” üzrə Cavabdeh1 28.06.2018-ci il tarixə Banka olan əsas borcu 10.990,0 manat, faiz borcu 4.446,35 manat, cərimə borcu 290,58 manat müəyyən edilmişdir. Tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış 005R********** saylı “Kredit razılaşmasının” şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni 05.08.2018-ci il tarixə Banka olan əsas borcu 10.990,0 manat, faiz borcu 4.762,50 manat, cərimə borcu 312,04 manat müəyyən edilmişdir. Tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış 005R********** saylı “Kredit razılaşmasının” şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni 05.08.2018-ci il tarixdən 04.09.2018-ci il tarixinədək illik 5%-lə hesablanmaqla Banka olan əsas borcu 1.404,09 manat, faiz borcu 4.806,77 manat, cərimə borcu 0 manat müəyyən edilmişdir. Rayon Məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 25539 saylı, 13.11.2019-cu il tarixli rəyindən görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2014-cü il tarixli “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 005R********** saylı “Kredit razılaşmasının” şərtləri nəzərə alınmaqla Cavabdeh1 28.06.2018-ci il tarixə Banka olan əsas borcu 1.404,09 manat, faiz borcu 233.62 manat, cərimə borcu 413,02 manat məbləğindədir. Həmin “Kredit razılaşması” üzrə Cavabdeh1 müqavilə müddətinə, yəni 05.08.2018-ci il tarixə Banka olan əsas borcu 1.404,09 manat, faiz borcu 274,01 manat, cərimə borcu 484,43 manat məbləğindədir. 05.08.2018-ci il tarixdən 04.09.2018-ci il tarixinədək illik 5%-lə hesablanmaqla Banka olan əsas borcu 1.404,09 manat; faiz borcu 279,67 manat məbləğindədir. Cərimə borcu müəyyən edilmir. 05.08.2016-cı il tarixli, 005R********** saylı “Kredit razılaşması” üzrə Cavabdeh1 28.06.2018-ci tarixə Banka olan əsas borcu 10.990,0 manat, faiz borcu 4.446,35 manat, cərimə borcu 290,58 manat məbləğindədir. Həmin “Kredit razılaşması” üzrə Cavabdeh1 müqavilə müddətinə, yəni 05.08.2018-ci il tarixə əsas borcu 10.990,0 manat, faiz borcu 4.762,50 manat, cərimə borcu 312,04 manat məbləğindədir. 05.08.2018-ci il tarixdən 04.09.2018-ci il tarixinədək illik 5%-lə hesablanmaqla Banka olan əsas borcu 1.404,09 manat, faiz borcu 4.806,77 manat məbləğindədir. Cərimə borcu müəyyən edilmir. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/2620 saylı, 25.09.2020-ci il tarixli rəyindən görünür ki, 005R********** saylı “Kredit razılaşmasının” şərtləri və digər sənədlər nəzərə alınmaqla Cavabdeh1 həmin “Razılaşma” üzrə 28.06.2018-ci il tarixə Banka olan əsas və faiz borcu 1.643,62 manat məbləğində, əsas borc qalığına 05.08.2018-ci il tarixdən - 04.09.2018-ci il tarixədək illik 5%-iə hesablanmalı faiz borcu 5,68 manat məbləğində müəyyən edilir, o cümlədən – 28.06.2018-ci il tarixə - əsas borc üzrə 1.409,09 manat, faiz borcu üzrə 234,53 manat, 05.08.2018-ci il tarixdən - 04.09.2018-ci il tarixədək illik 5%-lə 04.09.2018-ci il tarixə faiz borcu üzrə 5,68 manat müəyyən edilmişdir. 005R********** saylı “Kredit razılaşmasının” şərtləri və digər sənədlər nəzərə alınmaqla Cavabdeh1 28.06.2018-ci il tarixə Banka olan əsas və faiz borcu 15.629,92 manat məbləğində, əsas borc qalığına 05.08.2018-ci il tarixdən - 04.09.2018-ci il tarixədək illik 5%-lə hesablanmalı faiz borcu 46,06 manat məbləğində müəyyən edilir, o cümlədən 28.06.2018-ci il tarixə - əsas borc üzrə - 11.435,11 manat, faiz borcu üzrə 4.194,80 manat, 05.08.2018-ci il tarixdən 04.09.2018-ci il tarixədək illik 5 faizlə 04.09.2018-ci il tarixə faiz borcu üzrə 46,06 manat müəyyən edilmişdir. Rayon Məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2620 saylı, 25.09.2020-ci il tarixli rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd etmişdir ki, iddiaçı Bank tərəfindən təqdim edilmiş 03.07.2018-ci il tarixli “Maliyyə arayışında” Cavabdeh1 28.06.2018-ci il tarixinə 005R********** nömrəli “Kredit razılaşması” üzrə 1.548,57 manat kredit borcu, 280,63 manat faiz borcu və 631.16 manat cərimə borcu olmaqla, cəmi 2.460.36 manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. Lakin ekspert rəyində Cavabdeh1 28.06.2018-ci il tarixə qeyd edilən “Razılaşma” üzrə Banka olan əsas və faiz borcu 1.643,62 manat məbləğində, yəni əsas borc üzrə 1.409,09 manat, faiz borcu üzrə isə 234,53 manat borcunun olması müəyyən edilmişdir. Rayon Məhkəməsi ekspert rəyinin qeyd edilən hissəsini etibarlı sübut kimi qiymətləndirərərək Cavabdeh1 005R********** nömrəli “Kredit razılaşması” üzrə əsas borca görə 1.409,09 manat, faiz borcuna görə 234,53 manat, cəmi 1.643,62 manat məbləğində borcun tutulması nəticəsinə gəlmişdir. Rayon Məhkəməsi MPM-nin 218-ci maddəsinə istinad edərək, 005R********** saylı “Kredit razılaşması” üzrə faiz borcun tutulması ilə bağlı hissədə ekspert rəyini əsas götürsə də, əsas borcun tutulması ilə bağlı hissədə iddia tələbini və maliyyə arayışını əsas götürərək borcun hesablanmasını məqsədə müvafiq hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iddianın “cərimə tutulmasına dair” hissəsi ilə bağlı işin hallarını, 05.08.2016-cı il tarixli, 005R********** nömrəli “Kredit razılaşması” üzrə 1.409,09 manat əsas borcun, 055R********** saylı “kredit razılaşması” üzrə 11.019,54 manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, Cavabdeh1 ödənişi gecikdirməsinə görə hesablanmış müvafiq olaraq hesablanmış 631,16 manat cərimə və 6.156,36 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə məbləğlərinin azaldılaraq 005R********** nömrəli “Kredit razılaşması” üzrə 100 manat, 055R********** saylı kredit razılaşması üzrə 1.000 manat məbləğində müəyyən edilməsinin Bankın və Cavabdeh1 mənafeyləri baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlməklə ədalətli nəticəyə gəlmişdir. Belə ki, “Kredit razılaşmalarının” 4.2.2-ci bəndlərinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində əsaslıdır. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Məhkəmə iddiaçı Bankın iddianın təmin edilməyən hissəsindən verdiyi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya şikayətini qismən əsaslı hesab edir. Belə ki, Bank ilə cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 arasında bağlanmış 16.04.2014-cü il tarixli, 05S000011518 nömrəli “Zaminlik müqaviləsindən” görünür ki, zamin Cavabdeh2 Bank ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2014-cü il tarixli, 05L000005280 saylı “Kredit xətti müqaviləsi” və bu “Kredit xətti müqaviləsinin” ayrılmaz hissəsi olan və gələcəkdə bağlanması nəzərdə tutulan “Kredit razılaşmaları” üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıması və Banka olan kredit borcunun qaytarılması barədə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür. Bank ilə cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh3 arasında bağlanmış 16.04.2014-cü il tarixli, 05S000011519 nömrəli “Zaminlik müqaviləsindən” görünür ki, zamin Cavabdeh3 Bank ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2014-cü il tarixli, 05L000005280 saylı “Kredit xətti müqaviləsi” və bu “Kredit xətti müqaviləsinin” ayrılmaz hissəsi olan və gələcəkdə bağlanması nəzərdə tutulan “Kredit razılaşmaları” üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıması və Banka olan kredit borcunun qaytarılması barədə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür. Bank ilə cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh4 arasında bağlanmış 16.04.2014-cü il tarixli, 05S000011533 nömrəli “Zaminlik müqaviləsindən” görünür ki, zamin Cavabdeh4 Bank ilə Cavabdeh1 arasında bağlanmış 16.04.2014-cü il tarixli, 05L000005280 saylı “Kredit xətti müqaviləsi” və bu “Kredit xətti müqaviləsinin” ayrılmaz hissəsi olan və gələcəkdə bağlanması nəzərdə tutulan “Kredit razılaşmaları” üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıması və Banka olan kredit borcunun qaytarılması barədə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kreditor Bank ilə borclu Cavabdeh1 arasında bağlanmış “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş, Cavabdeh1 öhdəliklərin icrasına təminat vermiş və onunla birgə məsuliyyət daşımaları barədə Bank qarşısında üzərilərinə öhdəlik götürmüşlər. Bundan başqa Cavabdeh3 borcalan Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək özünə məxsus fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı 29.07.2016-cı il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Evdə qeydiyyatda olan cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh8 və Cavabdeh9 evin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə yazılı razılıq vermiş və evə tutma yönəldildiyi təqdirdə evi qeyd-şərtsiz tərk edəcəkləri barədə üzərilərinə öhdəlik götürmüşlər. Onların razılıq ərizələri 3 saylı Asan Xidmətdə fəaliyyət göstərən notarius tərəfindən təsdiq edilmişdir. Evin ipoteka ilə yüklülüyü DƏDRX Əİ tərəfindən qeydə alınmış və bununla bağlı RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarış” verilmişdir. Bank tərəfindən DƏDRX Əİ-yə ünvanlanmış 09.01.2018-ci il tarixli məktubundan görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İşə baxmış Rayon Məhkəməsinin 28.01.2019-cu il tarixli qərardadı ilə göstərilən evin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC tərəfindən verilmiş ƏEM/Y 49-049/19 saylı, 16.01.2019-cu il tarixli rəydən görünür ki, evin bazar dəyəri 80.500 manat, likvid dəyəri 75.000 manatdır. İşə baxmış Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli qərardadı ilə göstərilən evin qiymətləndirilməsi həmçinin "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC tərəfindən verilmiş 002-02/DR/12-19 saylı, 02.12.2019-cu il tarixli rəydən görünür ki, evin bazar dəyəri 55.000 manatdır. Rayon Məhkəməsi iddianın Cavabdeh3 məxsus həmin fərdi yaşayış evinə yönəldilməsi və hərracda əldə olunan vəsait hesabına Banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin borcludan və zaminlərdən müştərək qaydada tutulması hissələrinin, tələbin əsassız olması əsası ilə rədd edilməsi nəticəsinə gəlmişdir. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında 16.04.2014-cü il tarixdə “Kredit xətti müqaviləsi” bağlanan zaman zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə “Zaminlik müqavilələri” bağlanmşdır. Bundan başqa Cavabdeh3 ilə 29.07.2016-cı il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. Daha sonra, yəni 05.08.2016-cı il tarixdə Cavabdeh1 ilə Bank arasında 005R********** nömrəli “Kredit razılaşması” üzrə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.500 manat, 005R********** nömrəli “Kredit razılaşması” üzrə isə eyni şərtlərlə 12.500 manat məbləğində Bank tərəfindən Cavabdeh1 kreditlər vermişdir. Bank, nə zaminləri nə də ki, ipoteka qoyanı həmin şərtlər ilə tanış etməmiş, şərtlər ilə bağlı onların razılığını almamışdır. Halbuki, “Zaminlik müqavilələrində” zaminliyin müddəti göstərilməmişdir. Bunları nəzərə alan Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni məsuliyyət daşımırlar və onlara qarşı Bankın yönəltdiyi tələb təmin edilə bilməz, çünki onların zaminliyinə Mülki Məcəlləsinin 477.0 və 477.0.1-ci maddələrinin tələbinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.09.2012-ci il tarixli, 31.05.2018-ci il tarixli və 25.07.2019-cu il tarixli qərarlarında təsbit edilmiş hüquqi mövqeyə görə xitam verilməlidir. Bununla yanaşı Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 həmçinin ipoteka qoyan kimi də, borclu Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsinə görə də, yuxarıda qeyd edilən səbəbə görə məsuliyyət daşımır. Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi zamin Cavabdeh2 və zamin, habelə ipoteka qoyan Cavabdeh3 “Kredit razılaşmalarının” ayrılmaz tərkib hissəsi olan 05.08.2016-cı il tarixli “Ödəniş planlarını” “tanış oldum və razıyam” qeydi aparmaqla imzalamaqlarını nəzərə almamışdır. Sözügedən “Ödəniş planlarında” əsas kredit məbləği, ona hesablanmış faiz dərəcəsi, həmçinin borcun qaytarılma müddəti müəyyən edilir. Belə olan halda, zamin Cavabdeh2 və zamin, habelə ipoteka qoyan Cavabdeh3 həmin “Ödəniş planlarını” imza etmələri artıq həmin kredit öhdəlikləri üzrə mühüm bütün şərtlərlə tanış olduqlarını və razılıq bildirdiklərini təsdiq edir. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Kredit razılaşmalarına” sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. Belə olan halda, “Kredit razılaşmaları” bağlanan zaman zaminlərin məsuliyyətinin artması və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verməmişdir. Lakin digər zamin Cavabdeh4 sözügedən “Ödəniş planlarına” hər hansı qeyd aparmamış və imza etməmişdir. Odur ki, Rayon Məhkəməsinin qətnaməsi iddianın zaminlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edilməməsi hissəsində əsassızdır və ləğv edilməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “Kredit müqaviləsi” və “Zaminlik müqaviləsi” üzrə Bank qarşısında icra edilməmiş öhdəliyinin mövcud olması müəyyən edildiyindən Bank, borcalanın kredit borcunu onlardan da müştərək qaydada tələb etməkdə haqlıdır. İddianın müzakirə edilən bu hissəsi əsaslıdır. Rayon Məhkəməsi iddianın cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 aid hissəsini rədd etməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh3 həm zamin kimi, həm də ipoteka qoyan kimi “Ödəniş planlarıni” imza etməklə kredit öhdəlikləri üzrə bütün mühüm şərtlərlə tanış olmuş və razılığını bildirmişdir. Odur ki, Rayon Məhkəməsinin qətnaməsi ipoteka qoyana və ipoteka predmetinə münasibətdə iddianın təmin edilməməsi hissəsində əsassızdır və ləğv edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Mülki Məcəlləsinin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məcəllənin 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 317-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə, görə əgər borclu təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qeyd edilən maddi hüquq normalarına əsasən, Məhkəmə hesab edir ki, iddianın Cavabdeh3 münasibətdə “tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın satılması üçün açıq hərraca çıxarılması” hissəsi tam əsaslıdır. Rayon Məhkəməsi iddianın cavabdeh (ipoteka qoyan) Cavabdeh3 aid hissəsini rədd etməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iş materiallarında olan və yuxarıda qeyd edilmiş mütəxəssis rəylərinə əsasən hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 75.000 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin mənasına görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qəbul etdiyi qərarda ipoteka predmetinin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd edilən maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində məhkəmə hesab edir ki, iddia tələbi “ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların evdən çıxarılması, evin boşaldılması” hissəsində əsaslıdır və təmin edilməlidir. Lakin Məhkəmə iddianın həmin evin alıcıya təhvil verilməsi hissəsini əsaslı hesab etmir və qeyd edir ki, bu tələbi irəli sürmək üçün subyektiv hüquq yalnız evin gələcəkdə alıcısı kim olacaqsa ona məxsus olacaqdır. Hazırki vaxtda Bankın gələcək alıcının əvəzinə bu tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, iddiaçı Bankın apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni iddianın zamin Cavabdeh2 və zamin, habelə ipoteka qoyan Cavabdeh3 aid olan hissədə rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ilə Bankın xeyrinə tutulmalı olan pulun məbləğləri zaminlər Cavabdeh2 və Cavabdeh3 da müştərək qaydada tutulmalı, həmin məbləğlərin tutulması ilə bağlı tələb Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməli və həmin ev açıq hərracdan ilkin satış qiyməti 75.000 manat olmaqla satılmalı, satışdan əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə yönəldilməli, ev satıldığı halda 1 aydan gec olmayaraq boşaldılmalı və orada yaşayan iş üzrə cavabdehlər Cavabdeh5 və başqaları evdən çıxarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 noyabr 2020-ci il tarixli qətnamə qismən, yəni iddia tələbinin “zamin Cavabdeh2 və zamin, habelə ipoteka qoyan Cavabdeh3 aid olan hissədə rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 noyabr 2020-ci il tarixli qətnamə ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan pul məbləğləri, yəni Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 16.04.2014-cü il tarixli 05L000005280 saylı “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 05.08.2016-cı il tarixli, 005R********** nömrəli “Kredit razılaşması” üzrə əsas borca görə 1.409,09 manat, faiz borcuna görə 234,53 manat, cərimə borcuna görə 100 manat olmaqla, cəmi 1.743,62 manat, 005R********** saylı “Kredit razılaşması” üzrə əsas borca görə 11.019,54 manat, faiz borcuna görə 4.194,80 manat, cərimə borcuna görə 1.000 manat, cəmi 16.214,34 manat, ümumilikdə 17.957 (on yeddi min doqquz yüz əlli yeddi) manat 96 (doxsan altı) qəpik, ödənilmiş 30 manat dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da, yəni Cavabdeh1 ilə müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmetinə - Cavabdeh3 mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 63 nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin ev açıq hərracdan ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat olmaqla satılsın. Satışdan əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə yönəldilsin. ünvan 1 ünvanında yerləşən 63 nömrəli fərdi yaşayış evi açıq hərracda satıldığı halda, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin evdən yerləşən yaşayış sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilsin və onlar 1 aydan gec olmayaraq evdən çıxarılsın, ev boşaldılsın. “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə” bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat, həmin bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 noyabr 2020-ci il tarixli qətnamə qalan hissədə, yəni İddiaçı ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış 16.04.2014-cü il tarixli 05L000005280 saylı “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 05.08.2016-cı il tarixli, 005R********** nömrəli “Kredit razılaşması” üzrə əsas borca görə 1.409,09 manat, faiz borcuna görə 234,53 manat, cərimə borcuna görə 100 manat olmaqla, cəmi 1.743,62 manat, 005R********** saylı “Kredit razılaşması” üzrə əsas borca görə 11.019,54 manat, faiz borcuna görə 4.194,80 manat, cərimə borcuna görə 1.000 manat, cəmi 16.214,34 manat, ümumilikdə 17.957 (on yeddi min doqquz yüz əlli yeddi) manat 96 (doxsan altı) qəpik, ödənilmiş 30 manat dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi ilə 220 (iki yüz iyirmi) manatın Cavabdeh1, 200 (iki yüz) manatın isə iddiaçı Bankdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsini; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmənin xərcinin ödənilməsi məqsədi ilə 150 (yüz əlli) manatın Cavabdeh1, qalan 150 (yüz əlli) manatın isə iddiaçı Bankdan tutularaq "xxxx" MMC-yə ödənilməsini; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmənin xərcinin ödənilməsi məqsədi ilə 75 (yetmiş beş) manatın Cavabdeh1, qalan 75 (yetmiş beş) manatın isə iddiaçı Bankdan tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar