Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6352/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-55/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh axırıncıya məxsus ünvan 1 ünvanlarda yerləşən evin 1/6 hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün ödənilmiş vəsaitdən borclu qaldığı 13.000 manat, evin bərpasına və təmirinə sərf edilmiş 32.787 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 45.817 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh evlərin alqı-satqısı ilə məşğul olan makler Ələsgər Ağayevin vasitəsi ilə 2016-ci ilin avqust ayının əvəllərindən tanımışdır. Belə ki, 2016-cı ilin avqust ayının əvəllərində özünə Sovetski deyilən ərazidə münasib ucuz ev axtarırdı. Bu məqsədlə makler Ələsgər Ağayevə müraciət etdiyində o, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi (keçmiş K.Kazımzadə) küçəsi, 58 və 54/60 saylı evin paylı sahiblərindən biri Cavabdeh özünə məxsus iki otaqlı evi satdığını bildirmiş və o, həmin evə baxdıqda evin yarı-sökük, yaşayışa yararsız vəziyyətdə, güclü təmirə və bərpaya ehtiyacı olan ev olduğunu görmüşdür. Lakin cavabdeh evini 23.000 manata satdığını bildirdikdə o, həmin qiymətə evi alıb evin bərpa və təmir işlərini hissəhissə edərək evi yaşayışa yararlı vəziyyətə sala biləcəyinə inanaraq cavabdehlə 24.08.2016-cı il tarixdə beh müqaviləsini bağlayıb ona aralarında razılaşdıqları məbləğdən 1000 (min) manat beh olaraq vermişdir. Cavabdeh isə qısa müddətdə evin çıxarışının əslini, forma 1 və 2 saylı arayışları və evin digər paylı mülkiyyətçilərinin razılıq ərizələrini ona təqdim edərək evdə qeydiyyatda olan oğlu Türkiyə Respublikasında təhsil aldığını, onun razılığı olmadan notariusun alqı-satqı müqaviləsini təsdiq etmədiyini və oğlu 2016-cı ilin noyabr ayında Türkiyədən Bakıya gayıtdıqda aralarında alqı-satqı müqaviləsini rəsmiləşdirəcəyini bildirdi. Lakin bu razılaşmadan iki gün sonra, yəni 26.08.2016-cı il tarixdə, cavabdeh ona müraciət edərək banka kredit borcu olduğunu, bank əməkdaşlarının ondan kredit borcunu tələb etdiklərini, möhlət istəsə də vermədiklərini, evi borcu bağlamaq üçün satdığını, evin alqı-satqısı üçün razılaşdıqları puldan 20.000 manat ona verdiyi halda o, baş etibarnamə verəcəyini və aralarında razılaşdıqları tikilini ona təhvil verəcəyini, həmin tikilidə bərpa və təmir işlərini başlaya biləcəyini söylədi. Cavabdehin çıxılmaz vəziyyətdə olduğunu düşünərək onun təklifini qəbul etmiş və cavabdeh həmin gün "20 Yanvar" metro stansiyasının yaxınlığında yerləşən 14 saylı DNK-da ona baş etibarnamə verdikdən sonra ona razılaşdıqları evin dəyəri olan puldan 20.000 manat pulu ona vermiş və qalan 3000 manatı da o, alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi zaman ala biləcəyini bildirmişdir. O vaxtdan da dəyərini ödəməklə aldığı, tam yaşayışa yararsız vəziyyətdə olan evin tikinti, bərpa və təmir işlərinə başlamış və bu işlərin görülməsinə, cəmi 32.787 manat vəsait sərf etməklə aldığı evi tam təmirli və yaşayışa yararlı vəziyyətə salmış, ikinci mərtəbəsində əlavə tikili inşa və təmir etməklə özünə məxsus avadanlıqları həmin evə yerləşdirmişdir. Bu müddət ərzində, yeni 2016-cı ilin noyabr ayında cavabdeh oğlu Türkiyyədən gələ bilmədiyini, 2017-ci ilin yanvar ayında gəlmək istədiyini, lakin pulu olmadığından gələ bilmədiyini, evin ödənilməmiş dəyərindən ona 1000 manat ödəməyə razı olduğu halda o, həmin pulu oğluna göndərəcəyini və oğlu da Bakıya gələ biləcəyini söylədi. Lakin cavabdehə istədiyi 1000 manat pulu versə də onun oğlu Bakıya gəlməmiş, bununla bağlı cavabdehə narazılığını bildirdiyində o, ödənilməmiş qalan 1000 manatı da ona verməyi xahiş etmiş, bu dəfə həmin pulla Türkiyəyə gədib oğlunu gətirəcəyini söyləmişdir. Çıxılmaz vəziyyətdə qaldığından cavabdehə ondan istədiyi 1000 manatı versə də yənə heç bir nəticəsi olmamış və artıq cavabdehin hərəkətlərindən şübhələnməyə başlamış və sonuncu dəfə 23.07.2017-ci il tarixdə cavabdehə müraciət etdiyində onu aldatdığını, evi ona vermək istəmədiyini bildirdikdən sonra cavabdehin ona qarşı etdiyi dələduzluq hərəkətləri barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməsi üçün müvafiq polis orqanlarına müraciət etmişdir. Bununla əlaqədar cavabdeh Yasamal RPİ-nin istintaq şöbəsində verdiyi ifadəsində ondan ev satmaq adı ilə cəmi 20.000 manat pul aldığını etiraf etmiş, guya ona 3000 manat borclu qaldığından onunla alqı-satqı müqaviləsi bağlamadığını bildirmişdir. Bu əsasla da Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytinantı Əlibala Hacıyevin 18.08.2017-ci il tarixli qərarı ilə mübahisənin mülki xarakter daşıdığını əsas götürməklə iş üzrə cinayət işinin bağlanması rədd edilmişdir. Qeyd edilmiş qərarla müəyyən edilmiş hallardan başqa həqiqətən də cavabdehə evin alqı-satqı müqaviləsinin bağlanması üçün 23.000 manat, evin bərpasına və təmirinə 32.787 manat vəsaiti sərf etməsi, onunla bağlanmış beh müqaviləsi, cavabdehin öz adından yazdığı ərizəsi, tikinti materiallarına ödənilmiş qəbzlər və evin fotoşəlilləri ilə subuta yetirilir. Buna baxmayaraq cavabdeh ona təhvil verdiyi evin çıxarışını itirdiyini bəhanə edərək reyestr xidməti idarəsindən çıxarışın dublikatını alması faktı ona məlum olduqda o, Yasamal rayon məhkəməsində ona qarşı dəyərini faktiki ödəməklə aldığı evə dair cavabdehin adına evin 1/6 hissəsinə verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia qaldırmış, cavabdehlə aralarında alqı-satqı müqaviləsinin rəsmi bağlanmaması faktı əsas götürülməklə, Yasamal rayon məhkəməsinin 18.12.2017-ci il tarixli, 2(004)-6960/2017 saylı qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. Göründüyü kimi cavabdeh banka olan kredit borcunu bağlamaq məqsədi ilə onu aldadaraq özünə məxsus evin 1/6 hissəsini satmaq adı ilə 23.000 manat pulumu alaraq mənimsəmiş və faktiki ona satdığı yaşayışa yararsız vəziyyətdə olan tikilini tam təmir etdirməklə küllü miqdarda vəsaiti həmin evin tikintisinə, bərpasına və təmirinə sərf etdirməklə ona külli miqdarda ziyan vurmuşdur. Hazırda artıq 3 ilə yaxın müddətdir ki, müxtəlif bəhanələrlə cavabdeh ona vurduğu ziyanı qaytarmaqdan boyun qaçırır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-55/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən evin alqı-satqısı üçün 13.000 (on üç min) manat, evin bərpasına və təmirinə sərf edilmiş 6700 (altı min yeddi yüz) manat vəsaitin və ödənilmiş 4,50 (dörd manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 85 manatı (səksən beş) İddiaçı, 15 (on beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qətnamədə Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarsin nümayəndəsi baxış keçirmədiyi halda rəy verməsi, aldığı evin söküntüdən əvvəl, tikinti və təmir zamanı çəkdiyi şəkilləri sübut kimi məhkəməyə təqdim etmiş, 2-3 aydan sonra şəkillər məhkəmədə itirildiyindən, ikinci dəfə həmin şəkilləri, arxasında hansı zamana aid olduğunu qələm ilə yazıb, məhkəməyə təqdim etmişdir bu da qətnamədə öz əksini tapmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti divar kağızının qopması, tavanın şpatlyovkasının çatlamasmı, döşəmənin taxtalarının bəzi yerdə aralandığına əsaslanaraq, heç bir məntiqə uyğun olmayan 6700 AZN təmir və tikintiyə xərcləndiyini ekspert rəyində göstərmişdir. Amma 5 il qapı-pəncərənin bağlı olduğunu, içəridə havanın rütubətini, ikinci mərtəbədə yaşayan qonşunun hamamından onun evinə dəfələrlə su axıtdığını, kanalizasiya, su və qaz xətlərinin çəkilməsi, həyətin aqlay daş ilə döşənməsini nəzərə almamışdır. Təmir və tikinti işlərində iştirak edən fəlilə və ustaların bir qismi şahid ifadələrinə istinadən: elektrik Elçin Məmmədli - 500 azn , bənna Cambulad Acarov -5000 azn, iki ay müddətində (günü 20 azn) fəhləlik edən Əfqan Əzimov - 1200 azn əmək haqqı almışlar. Möhtərəm hakim, fəhlə və ustalara verilən pullardan əlavə evin söküntüsıinə və zibillərin atılmasına bir neçə dəfə yük maşənlarından istifadə olunub, tikinti və təmirinə, lazım olan tikinti materialları, avadanlıqlar a çəkilən xərclər, hansıların ki, bir çoxunun qaimələri məhkəməyə təqdim etmiş, qərarda göstərilməyib. Evin divarlarını sökəndə qonşu divarının zədələnməsi və sonradan onun təmiri, ikinci mərtəbəni tikmək üçün digər qonşudan notarial qaydada 1200 azn razılığı, onun bir otağının və tavanının təmiri xərcləri, evin tikinti-təmirinə lazım olan materiallardan, 2 seyf qapı, 4 avropa qapıları, 2 hamam tualet qapısı PVC , 2 unitaz, 2 əl-üz yuyan, su kranları, duşlar, 32 kvadrat metr kafel, 25 kvadrat metr metlax, döşəmə taxtaları, yeni açılmış 4 pəncərə, 2 nəfərlik, bir neçə yük maşını qum, sement və sair qətnamədə öz əksini tapmayıb. 14 saylı notariat kontorunda cavabdeh tərəfindən 20 000 azn, sonradan isə əlavə olaraq hissə-hissə 3000 azn, evinin ona verilməsi və gələcəkdə evə görə heç bir iddiası və tələbi olmadığını təsdiq edən ərizə, pulun hamısını alandan sonra evi satmaq və ya bağışlamaq hüquqi daşıyan baş etibarnamə, Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin Baş Leytenantı Əlibala Hacıyevə cavabdeh tərəfindən, evini satıb ona 23 000 azn dən əlavə, tikintiyə sərf etdilmiş xərcin müqabilində ona 35 000 azn verməyini yazılı surətdə təqdim etmiş, o razılaşmışdır ki, cinayət işi olmasın. Lakin sonradan onu, polisi də aldadaraq yazıb imzası ilə təsdiq etdiyini əməl etməmişdir. Bu sənədləri də məhkəməyə təqdim etməyinə baxmayaraq qətnamədə öz əksini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmayan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı tərəf qeyd edilən hissədə mübahisələndirmişdir. Cavabdeh isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-55/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 fərdi yaşayış evinin 1/6 hissəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi cavabdehin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilərək reyestrdə 7E-12615 nömrə ilə qeydə alınmış 26.08.2016-cı il tarixli ərizənin surətindən görünür ki,cavabdeh həmin fərdi yaşayış evinin özünə məxsus 1/6 hissəsinə görə iddiaçıdan 20000 manatı qəbul etmişdir. İş materiallarında olan Daşınmaz əmlakın alqı-satqısı üzrə 24 avqust 2016-cı il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh ünvan 3 ünvanda yerləşən 2 otaqlı mənzilin alqı-satqısını 23.000 manata razılaşmış, İddiaçı tərəfindən 1000 manat beh Cavabdeh ödənilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı 13000 manat borcu qaldığını, lakin onun icazəsi olmadan edilən özbaşına təmirə 2500 manat xərcin çəkildiyini etiraf etmiş, iddiaçıya 13000 manat borcunun qaldığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ünvan 1 ünvanlarda yerləşən evdə elektrik işlərini gördüyünü və İddiaçı tərəfindən ona gördüyü işlərə görə 500 manat əmək haqqı verildiyini, şahid X9 ifadəsində həmin ünvanda təmir-tikinti işlərini gördüyünü və həmin işlərə görə ona E. Quliyev-Qafqazlı tərəfindən 5000 manat əmək haqqı verildiyini, şahid X10 həmin evdə 2 ay müddətində günü 20 manat olmaqla fəhlə işlədiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, İddiaçı uzun müddətdir ki, tanıyır. Onlar təxminən 10 ilə yaxın qonşu olmuşlar. İddiaçı ona münasib qiymətə ev axtardığını bildirdikdə, o, həmin vaxt Cavabdeh məxsus evi göstərmiş və Elçinlə həmin evə baxmağa getmişlər. Daha sonra evin sahibi ilə görüşmüş və qarşılıqlı razılıq əsasında evi alaraq, təmirə başlamışlar. Ev özü çox pis vəziyyətdə idi, evi tam sökərək hətta əlavə ikinci mərtəbə də tikmişlər. Beləliklə iş materiallarında olan sübutlarla, cavabdehin borcun etirafı barədə ərizəsi ilə onun İddiaçı evin dəyəri olaraq aldığı 23000 manat məbləğindən 13.000 manat borcu qaldığı tam təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının yaşayış evinin təmir və bərpasına çəkdiyi xərclərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, evin təmirdən əvvəlki vəziyyəti barədə hər hansı sübut nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya icraatı zamanı təqdim edilməmiş və ya ekspertə təqdim edilmədiyi üçün yaşayış evində təmir işlərinə hansı məbləğdə vəsait xərcləndiyini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi hesab etmişdirki, şahid ifadələri ilə ünvan 2 ünvanında yerləşən yaşayış evində təmir işlərinin aparıldığı öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 10/2410 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinin daxilində olan tikililərin konstruktiv elementləri üzərində qüsuların (divar kağızının qopması və bir hissəsinin olmadığını, tavanın üzərində müxtəlif çatların olduğunu, boya və şpatlyovka qatının qabarması, döşəmənin taxtalarının bir-birindən aralı vəziyyətdə) olduğunu nəzərə alaraq tədqiq olunan yaşayış evində təmir işlərinin aparıb-aparılmadığını dəqiqliklə müəyyən etmək mümkün olmamamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16 oktyabr 2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə (A.Ağayev) küçəsi, 58 və 54/60 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində əlavə tikililər tikildiyindən və mövcud fərdi yaşayış evi 12.11.2009-cu il tarixli, 11/2073 inventar nömrəli texniki pasporta uyğun olmadığına görə cavabdehə məxsus evin harada yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilmiş, mənzilin yaşamaq üçün yararsız vəziyyətdə olduğu, təmirə ehtiyacı olduğu, bir sıra təmir işlərinin aparıldığı, lakin tamamlanmadığı müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, yaşayış evinin təmirinə və bərpasına xərclənmiş məbləğ hissəsində iddia tələbi qismən təmin edilməli və 6700 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qeyd etdiklərini təsdiq edəcək hər hansı sübut əlavə etməmişdir. Eyni zamanda iddiaçı şikayətində qətnamənin ləğv edilməsi üçün əsasların nədən ibarət olmasını ümumiyyətlə əsaslandırmamışdır.Ona gördə şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-55/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-55/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6352/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6352/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver