Məhkəmə qərarları › İş №2(103)-6354/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6354/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6354/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (məhkəmə) 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin olunaraq Cavabdeh 8030 manatın İddiaçı xeyrinə tutulması qət edilmiş, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti isə məhkəmənin 08 may 2021-ci il tarixli qərardadı ilə şikayətin qanunvericikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmiş olması əsas göstərilməklə geri qaytarılmışdır. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, qətnamə 07.12.2020-ci il tarixdə Cavabdeh çatdırılmış, apellyasiya şikayəti isə 06 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, qanunları bilmədiyi üçün qətnamədən apellyasiya şikayəti verməmiş, lakin hüquq-mühafizə orqanlarına şikayətlər ünvanlamış, eləcə də pandemiya səbəbilə vaxtında şikayət verə bilməmişdir. Məhkəmənin 27 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh qeydiyyatda olduğu ünvana poçt vasitəsilə göndərilmiş, işdə olan poçt xəbərnaməsinə görə 07 dekabr 2020-ci il tarixdə həmin ünvanda “Kamalova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Şikayətinin məzmunundan aydın olur ki, Cavabdeh qətnamədən vaxtında şikayət verə bilmədiyini etiraf edərək bunu hüquqi savadsızlığı ilə əlaqələndirmiş, lakin müddətin bərpa olunmasına dair ərizə verməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4844/2020 saylı iş üzrə 08 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar