Məhkəmə qərarları › İş №2(103)-6356/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6356/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6356/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X4 və X3 ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2345.09 manat əsas, 57.34 manat faiz borcu, 441,70 manat cərimə, 349.80 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 3193.93 manat məbləğində kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş №2(009)-748/20) iddia rədd olunmuşdur. İddiaçı apelyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən «xxxxxxxxx» ASC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 6% olmaqla, 12.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit borcunu və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 2345.09 manat əsas, 57.34 manat faiz borcu, 441.70 manat cərimə, 349.80 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3193.93 manat məbləğində borcu yaranmışdır. İddiaçı tələb etdiyi borcun məbləği barədə maliyyə arayışı təqdim etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı əsassız olaraq təmin etməmişdir. Digər tərəfdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən qabaq pretenziya qaydasında cavabdehə göndərilmiş bildirişdə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh bundan sonra müqavilənin onun tərəfindən imzalanmadığı barədə banka bildirməmiş, bu məsələnin araşdırılması üçün banka və digər quruma məlumat verməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən cəmi 3193.93 manat məbləğində kredit borcunun tutulması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə, hüquqi əsası kimi isə Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448-ci və s. maddələrinə istinad etmişdir. Lakin işə baxılarkən iddiaçı tələbinin faktiki əsası kimi istinad etdiyi halı, yəni xx.xx.2014-cü il tarixdə cavabdehlə kredit müqaviləsi bağlanmasını təsdiq edən müqavilənin surətini məhkəməyə təqdim edə bilməmiş və buna görə də birinci instansiya məhkəməsi iddianı əsassız sayarq rədd etmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 385.1, 442-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iddiaçı tələb etdiyi borc məbləğinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında yarandığını iddia etsə də, həmin halın təsdiqi üçün mötəbər sübut sayılan kredit müqaviləsini nə iddia ərizəsini məhkəməyə təqdim edərkən, nə də sonradan işə baxılarkən məhkəməyə təqdim etməmişdir. İddiaçı apelyasiya şikayətində pretenziya qaydasında xəbərdarlığın olmasına və bu xəbərdarlıqdan sonra cavabdehin müqavilənin onun tərəfindən imzalanmadığını bildirməməsinə istinad etmişdir. Məhkəmə Kollegiyası pretenziya qaydasında xəbərdarlığın əsas deyil, əlavə sübut növü olduğunu qeyd edərək bildirir ki, sözügedən pretenziyanın verilməsinin kökündə, məhz istinad edilən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin əsasında yaranmış borc iddiası durmuşdur. Göründüyü kimi, hazırkı iddiada əsas sübut xx.xx.2014-cü il tarixli kredit müqaviləsidir ki, həmin müqavilə əsasında bütün öhdəliklər, hüquq və vəzifələr yarana bilər. Cavabdehin müqavilənin onun tərəfindən imzalanmadığını bildirməməsi isə iddianın etirafı, yəni müqavilənin mövcudluğu kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə, iddianın etirafının cavabdehin hansısa hərəkətsizliyi ilə əlaqələndirilməsi absurd bir fikirdir. İddianın etirafı qanunvericiliklə dəqiq müəyyən edilmiş şəkildə, cavabdehin iradə ifadəsi yolu ilə müvafiq prosedur qaydasıda həyata keçirilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bütün dəlillərini əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırki vəziyyədə, iddiaçı tərəf istinad etdiyi halı, yəni, müqavilənin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər imzalar Əsli ilə düzdür. Hakim Akif İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar