Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6357/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(008)- 1958/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərtib olunmuş aktlar üzrə 6668 manat, təbii qazdan istifadəyə görə 1222.95 manat, 99.31 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 8055.26 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(008)- 1958/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 İddiaçı xeyrinə tərtib olunmuş aktlar üzrə 1472 manat, təbii qazdan istifadəyə görə 1222,95 manat, 99,31 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 2859,66 manat məbləğində pulun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı Elektron Məhkəmə İnformasiya sistemindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən prosessual müddətin bərpa olunması barədə ərizə və apelyasiya şikayəti verilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş ərizəyə baxılması və qətnamədən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364.1-ci maddəsinə görə, Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması həmin qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olan zaman mülki iş artıq Bakı Apelyasiya Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(008)- 1958/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2022-ci il tarixli 2(103)-6357/2022 saylı qərardadı ləğv olunsun, cavabdeh tərəfindən verilmiş ərizəyə baxılması və qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6357/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6357/2022
19.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver