Məhkəmə qərarları › İş №2(103)-6359/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6359/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6359/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2259/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1550 manat məbləğində əsas borc, 350 manat məbləğində cərimə borcu və 31,00 manat dövlət rüsumu, ümumilikdə 1931 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir (əmr icraataında iddia icraatına keçirilmişdir). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2259/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Xanatova (Mustafayeva) Səbirə Əlimusa qızından 1550 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat, ümumilikdə 1590,40 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişlər. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı deyildir, odur ki, qətnamənin ləğv edilməsini və iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçı Bakı Apelyasiya Məhkəməsinə ünvanladığı ərizədə apelyasiya şikayətini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh S.Xanatova məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 11412 saylı alğısatqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh1 ümumi dəyəri 2641 manat olan mal satılmış, alıcı isə əşyanın ümumi dəyərini 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 11412/1 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclunun müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün satıcı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə satıcı qarşısında birgə məsuliyyət daşıyır. Mülki iş materiallarında olan xx.xx.2013-cü il tarixli 11412 saylı alğı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh1 mətbəx mebeli, termosifon və televizor satılmış, alıcı isə əşyanın ümumi dəyərini hər ay 146,72 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020- cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə xx.xx.2013-cü il tarixli 11412 saylı alğı-satqı müqaviləsi üzrə 1550 manat məbləğində əsas, 350 manat məbləğində cərimə borcu, ümumilikdə 1900 manat məbləğində borcu vardır. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli tərəflər arasında razılıq barədə arayışa əsasən Cavabdeh1 qalıq borcu etiraf etmiş və 2019-cu ilin oktyabr ayından başlayaraq 50 manat olmaqla hər həftə borclu tərəfindən borc ödənilməsi barədə razılıq əldə olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, cərimə əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüzdür, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarını azaldılmalı, yəni xx.xx.2013-cü il tarixli 11412 saylı alğısatqı müqaviləsi üzrə 10 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddətin axımı xx xxxxx 2015-ci il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinə xitam verilmiş, bu səbəbdən iddia tələbi borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. ««Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2259/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar