Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6359/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allaverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmlakın girovdan azad olunması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(009)-1096/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlakın girovdan azad olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 30.07.2014-cü il taixli kredit müqaviləsinə əsasən cavabdehdən kredit götürmüşdür. Sonra həmin kredit borcunu hissəhissə bağlamışdır. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Adil Məmmədov küçəsi ev 11, giriş 9, mənzil 87-də yerləşən iddiaçıya məxsus mənzili girovdan azad etmir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Adil Məmmədov küçəsi ev 11, giriş 9, mənzil 87-də yerləşən mənzilin girovdan azad olunmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(009)-1096/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(009)-1096/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən heç nəyi araşdırmadan tələm-tələsik iddianın rədd edilməsinə dair qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən muhasibatlıq ekspertizasının təyin olunmasına dair vəsatətə məhkəmə tərəfindən heç bir reaksiya verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdein nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsinı məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər İş materiallarından müəyyən edilir ki, Cavabdeh ASC-nin İddiaçı və X2 qarşı “kredit müqaviləsinin ləğvi və s.” tələbinə dair iddiası Lənkəran rayon məhkəməsinin 21.08.2019cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 99804,98 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması və tutmanın Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Adil Məmmədov küçəsi ev 11, giriş 9, mənzil 87-də yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, mənzilin 115.000 manat ilkin qiymət ilə hərraca çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 08.07.2020-ci il tarixli qətnaməsi ilə Lənkəran rayon məhkəməsinin 21.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2(102)-417/2021 saylı Qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 08.07.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yekun məhkəmə qərarı qəbul olunduqdan sonra qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə ondan tutulmalı olan borc məbləığini ödədiyini bildirməklə həmin qətnamə üzrə ipoteka predmetinin yüklülükdən azad edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razlaşaraq qeyd edir ki, sübut etmə yükü iddiaçının üzərində olmasına baxmayaraq, iddiaçı nə birinci, nə də apellyasiya instansiyalarında işə baxılarkən iştirak etməmiş, iddia tələbinin əsaslı olmasına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı banka olan borcunu tam bağladığını göstərsə də, bu halı təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası iş materaillarında olan sübutlara qiymət verərək qərara alır ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(009)-1096/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6359/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6359/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver