Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6360/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əzizova (Əliyeva) Nəzrin Ehtibar qızına qarşı «ziyan tələbi» tələbinə dаir mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-713/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «ziyan tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10,470 manat məbləğində dəymiş ziyanın əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildən “xxxx” MMC-nin təsisçisi olaraq şirkətə və digər şəxslərə məxsus olan avtomobilləri gündəlik və aylıq icarəyə verməklə məşğul olur. Boz metallik rəngli “Hyundai Elantra” marklı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili 18.09.2020-ci il tarixdə 146 saylı icarə müqaviləsi əsasında Cavabdeh iki günlük icarəyə vermişdir. Avtomobil icarəyə verilən zaman təmiz vəziyyətdə olmuş, heç bir nasazlığı olmamışdır. Həmin gün cavabdeh icarəyə götürdüyü avtomobil ilə Xaçmaz rayonu, Nabran qəsəbəsinə getmişlər. Gedərkən avtomobili X2 idarə etmişdir. X7 sürücülük vəsiqəsi olmadan avtomobilin idarə etmiş və rəfiqəsi ilə Qusar rayonuna səyahət etmişlər. İddiaçının əldə etdiyi məlumata əsasən X9 rayonundan Xaçmaz rayonuna qayıdarkən 21.09.2020-ci il tarixdə hərəkətdə olduğu zaman idarəetməni itirmiş və avtomobili yolun sağına çıxararaq aşırmışdır. Avtomobil ciddi şəkildə əzildiyindən ona külli miqdarda ziyan dəymişdir. Cavabdehdən dəymiş ziyan tələb olunsa da, o hər dəfə bundan müxtəlif yollarla imtina etmişdir. Buna görə də iddiaçı hesab edir ki, 10,470 manat dəymiş ziyanın əvəzi cavabdehdən tutulmalıdır Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-713/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Hyundai Elantra” markalı ** NN *** dövlət nömrə nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün 8.570 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsi olmaqla ümumilikdə 8.585 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı ödənilməsi,“xxxx” MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 100 manat hissəsi isə Cavabdeh tutulub “xxxx” MMC-nin hesabına (hesab: VÖEN **********; hesab N Azn: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, cavabdehin iştirakı təmin olunmamış, keçirilmiş məhkəmə iclasları barədə cavabdehə məlumat verilməmişdir. Yəni barəsində belə bir məhkəmə prosesinin olmasından məlumatsız olmuşdur. Məhkəmə iclaslarından cavabdehin məlumatı olmadığı üçün özünü müdafiə etməyi üçün imkanı olmamışdır. Digər tərəfdən məhkəmə tərəfindən təyin edilmiş ekspertizada cavabdeh iştirakı təmin olunmamışdır. Ekspertizanın rəyi cavabdehə təqdim olunmamışdır. Həmçinin ekspertiza zamanı zədələnmiş ehtiyat hissələrinin qiymətləndirilməsi həyata keçirilsə də, zədələnmiş ehtiyat hissələrinin nominal dəyəri hesablanmamış, həmin dəyər qədər maddi ziyanın azaldılması həyata keçirilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, tərəflər arasında bağlanmış İcarə müqaviləsinə əsasən cavabdeh iddiaçıdan “Hyundai Elantra” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil yararsız vəziyyətə düşmüş və razılaşmaya əsasən cavabdeh sözügedən avtomobili işlək və saz vəziyyətdə qaytarmalı olmasına baxmayaraq, üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Bunun nəticəsində cavabdeh iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı ona dəymiş ziyanın əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə ümumiyyətlə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, ** NN *** qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı avtomobil X3 adına qeydiyyata alınmışdır. Buna baxmayaraq, 18 sentyabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanan zaman, müqavilə hazırkı iş üzrə İddiaçı tərəfindən imzalamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş etibarnamələrdən görünür ki, X5 ** NN *** qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı avtomobilə dair X4 ümumi etibarnamə vermiş, X11 isə öz növbəsində “xxxx” MMC-yə həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti isə 27.10.2020-ci il tarixdə bitmişdir. Halbuki iddia ərizəsi məhkəməyə 03.02.2021-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təstiq edən hüquqmüəyyənedici sənədi olmadığından, onun müvafiq subyektiv hüquqa, maddi zərər tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, “xxxx” MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaiti İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh Əzizova (Əliyeva) Nəzrin Ehtibar qızının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)- 713/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, “xxxx” MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaiti İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əzizova (Əliyeva) Nəzrin Ehtibar qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-713/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. “xxxx” MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaiti İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6360/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6360/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver