Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6361/2020 18.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının və cavabdehiniştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 86.300 manat, mənəvi zərərin əvəzi olaraq isə 50.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi veteranı olduğu üçün ona Biləcəri qəsəbəsində 2 mərtəbəli 5 otaqlı ev verilmişdir. O, həmin evi 2008-ci ildə satmış, həmin vəsait hesabına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi 13 ünvanında yerləşən və “xxxxxxxxx” MTK tərəfindən inşa edilmiş 4 bloklu 16 mərtəbəli binanın 4 giriş 9-cu mərtəbəsində 286 saylı mənzili almışdır. Bu barədə MTK ilə iddiaçı arasında “xxxxxxxxxxxxxxxxxxxxx” bağlanmışdır. Mənzilin pulunu tamamilə ödədiyi üçün MTK tərəfindən iddiaçıya maliyyə arayışı verilmişdir. Daha sonra iddiaçı həmin mənzilə dair “Reyestrdən çıxarış” da almışdır. İddiaçı təzə aldığı mənzili təmir etdirdiyi üçün ailə üzvləri ilə birlikdə kirayə mənzildə yaşamışdır. İddiaçi mənzilin giriş qapısını metal, pəncərələri isə plastik materialdan düzəltdirmişdir. Bundan başqa o, mənzilin təmirinə 14.000 manat məbləğinə xərc çəkmişdir. İddiaçı təmir etdirdiyi mənzilə 2015-ci ildə getdikdə mənzilin giriş qapısının dəyişdirildiyini görmüşdür. İddiaçı öyrənmişdir ki, Asif adlı şəxs mənzili hazırki iş üzrə Cavabdeh satmışdır. Bundan sonra iddiaçı həmin MTK-nın sədri Ədalət Qəmbərova müraciət etmiş və Ə.Qəmbərov, Asif və Ağa ilə bilikdə mənzilə getmişdir. Mənzilin qapısını Ağa açmışdır. MTK-nın sədri Ə.Qəmbərov iddiaçıya Ağanın qoyduğu çöl dəmir qapını sındırmasını, mənzilə daxil olub orada yaşamasını bildirmişdir. İddiaçı polis əməkdaşlarının iştirakı ilə Ağanın qanunsuz qoydurduğu qapını oradan çıxarıb qapının kənarına qoymuş və yerinə özünün düzəltdirdiyi başqa qapı qoymuşdur. İddiaçı 2016-cı ilin aprel ayında evinə köçməyə hazırlaşmış, lakin gedib mənzilinə baxanda qoyduğu qapının çıxarıldığını və içəridə başqa ustaların işlədiyini görmüşdür. O, mənzilə daxil olanda Cavabdeh mənzili öz istədiyi kimi dəyişdirdiyini və onu təmir etdirdiyini görmüşdür. MTK-nın sədri mənzilə gedərək orada işləyən ustaları qovmuşdur. O, Ağaya həmin mənzilin iddiaçıya məxsus olduğunu bildirmişdir. Asif evi satdığını ona bildirdikdə Ədalət evin qanunsuz satıldığını, aidiyyəti orqanlara bu barədə bildirəcəyini demişdir. Asif və Ağa iddiaçı Mirrasimi döymüş, onu xəstəxanaya yerləşdirmişlər. O, 28 gün xəstəxanada qalıb müalicə olunmuş, bu müddət ərzində Ağa onun evinin konstruksiyasını dəyişib öz arzusuna uyğun şəkildə təmir etdirmişdir. Halbuki iddiaçı mənzilin təmirinə 14.000 manat məbləğində xərc çəkmişdir. Həmçinin evi təmir edib qurtardıqdan sonra oraya lazımi əşyalarını aparıb yerləşdirmişdir. Həmin əşyalar 35.000 manat dəyərində olmuşdur. Ağanın həmin mənzildən çıxarılmasına dair iddiaçı ilə onun arasında məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının iddiası təmin olunaraq Ağanın mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə icraya yönəlmiş və icraçılar Ağanı mənzildən çıxardıqdan sonra o evinə getmişdir. Evinə daxil olduqda Ağanın onun evində olan 35.000 manatlıq əmlakını apardığını görmüşdür. O, bu günə kimi iddiaçının əmlakını qaytarmamışdır. Ağanın mənzillə bağlı məhkəmə mübahisəsindən sonra “xxxxxxxxxxxxx” MTK tərəfindən ona Xətai rayonunda 3 otaqlı mənzil verilmişdir. İddiaçı xəstəxanada müalicə olunduğu dövrdə 28 gün işə gedə bilməmiş, aylıq gəlirini əldə edə bilməmişdir. Müalicə xərci ilə bərabər dərman pulu ilə birlikdə 3.500 manat xərc çəkmişdir. Xəstəxanadan çıxdıqdan sonra evdə ambulator mülaicəyə 1.000 manat xərc çəkmişdir. Ağanın ona yetirdiyi xəsarətlər nəticəsində ona 4.500 manat məbləğində ziyan dəymişdir. Ağa onun evinin konstruksiyasını pozub istədiyi kimi evi təmir etdirmişdir. İddiaçı mənzili məhkəmə yolu ilə ondan alandan sonra əvvəlki kimi evini təmir etdirmişdir. Təmirə 12.000 manat xərc çəkmişdir. O, evə çəkdiyi 1.2000 manat xərci Ağanın qanunsuz hərəkətinə görə çəkmişdir. İddiaçı üç dəfə dəmir qapı düzəltdirib yerləşdirsə də, Ağa onu sındıraraq çıxarmışdır. Birinci qapıya 1.200 manat, ikinci qapıya 900 manat, üçüncü qapıya 700 manat məbləğində, ümumilikdə qapılara cəmi 2.800 manat xərcləmişdir. İddiaçı, Ağanın qanunsuz hərəkətləri nəticəsində 3 il ərzində kirayədə qalmışdır. Hər ay kirayə haqqı 500 manat, 3 il müddətində 18.000 manat kirayə haqqı ödəmişdir. Ağa iddiaçıya 86.300 manat məbləğində maddi ziyan vurmuşdur. Ağanın onun başına gətirdiyi bu hadisələrə görə iddiaçı həm maddi, həm mənəvi əziyyət çəkmişdir. Ağa tərəfindən iddiaçıya 50.000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, şahid ifadələrini qərəzli olaraq nəzərə almamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələblərdən biri – mənzilin ilk dəfə təmirinə çəkdiyi xərcə görə 14.000 manat, cavabdehin təqsirinə görə həmin mənzilin yenidən təmirinə çəkdiyi xərcə görə 12.000 manat, cavabdehin təqsiri nəticəsində mənzilin girişinə 3 dəfə metal qapıların qoymasına çəkdiyi xərcə görə cəmi 2.800 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə Məhkəmə qiymət verərək belə hesab edir ki, bu tələblər əsassızdır. Belə ki, iddiaçı istinad etdiyi halları şahid ifadələri ilə sübuta yetirməyə çalışmış və məhkəmə iclasında özünün verdiyi izahatlarla birgə şahid ifadələrinə də istinad etmişdir. İşin baxılması zamanı Rayon Məhkəməsi tərəfindən dinlənilmiş şahidlər X4 və X1 ifadələrindən görünür ki, şahidlər hər hansı yazılı sənədə əsaslanmamışlar. X11 göstərmişdir ki, iddiaçı təmir üçün ondan tikinti materialları almışdır. X7 isə göstərmişdir ki, iddiaçının mənzilinin təmiri ilə o məşğul olmuşdur. Qeyd edilən şahidlər bu kimi ifadələr versələr də, ifadələrini təsdiq edə biləcək alğısatqı ilə bağlı müvafiq kassa çekini və ya qəbzi, habelə görülmüş işlər ilə bağlı müvafiq smetanı və sair sübutları Rayon Məhkəməsinə təqdim etməmişlər. Bu kimi sübutlar iddiaçı tərəfindən də Rayon Məhkəməsinə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şahidlərin Rayon Məhkəməsinə verdikləri ifadələr mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu sübutetmə vasitələri Azərbaycan Respublikası Vergi Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsvir olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinin mənasına görə qəzet və jurnalların satışı, sərnişin və yük daşıma, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, mebellərin təmiri və hazırlanması ilə bağlı və sair fəaliyyət növləri istisna olmaqla, digər fəaliyyət növləri üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir (maddə 16.1.8.). Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankları verilir (maddə 16.1.9.). Bu qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndində də nəzərdə tutulmuşdur. Buna görə də, Məhkəmə hesab edir ki, təmir üçün lazım olan materialların alınması, həmin materialların dəyərinin ödənilməsi faktı ödəniş qəbzləri ilə, ustalara çəkilmiş xərc isə həmin xərcin ödənilməsi barədə qəbzlər ilə təsdiq olunmalıdır. Qüvvədə olan mülki prosessual hüquq normasının tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (MPM; maddə 77.1.), məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM; maddə 14.2.). Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən tələbi rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlilləri əsassızdır. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş digər tələb cavabdehin ona yetirdiyi xəsarətə görə aldığı müalicəyə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 4.500 manat məbləğində pulun tutulmasından ibarətdir. Rayon Məhkəməsi bu tələbi də təmin etməmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi də, əsaslıdır. Belə ki, iddiaçı cavabdehin ona döyüb xəsarətlər yetirməsini təsdiq edə biləcək ekspert rəyini və ya müvafiq istintaq, tədqiqat orqanının müvafiq qərarını Rayon Məhkəməsinə təqdim etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 096-12837-1220 saylı məktubundan görünür ki, iddiaçının cavabdeh barəsində verdiyi şikayət əsasında icraatı başlanılmış ********* saylı cinayət işinə RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadığına görə) xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu baxımdan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə də aid dəlilləri əsassızdır. Məhkəmə iddia tələbinin iddiaçının evində olan 35.000 manatlıq əmlakının məhv olmasına görə 35.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbi ilə bağlı bildirir ki, iddiaçı ona məxsus olan 35.000 manatlıq əmlakın cavabdeh tərəfindən aparıldığını, bu günə kimi də qaytarılmadığını iddia etsə də, bu halı təsdiq edə biləcək sübutları Rayon Məhkəməsinə təqdim etməmişdir. Artıq yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsini, MPM-nin 14 və 77-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi sübuta yetməyən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə də aid dəlili əsassızdır. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş daha bir tələb ondan ibarətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 3 il ərzində kirayədə yaşamaq məcbiriyyətində qalmış və hər ay kirayə haqqı olaraq 500 manat, 3 il müddətində isə 18.000 manat kirayə haqqı ödəmişdir. İddiaçı bu tələbini sübutu yetirmək üçün şahid X2 ifadəsinə istinad edir. X9 Rayon Məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, o, özünə məxsus evi tanışı olan iddiaçıya 5 il müddətinə, ayda 500 manata kirayəyə vermişdir. İddiaçı ilə tanış olduğu üçün kirayə müqaviləsini yazılı bağlamamışdır. Göründüyü kimi, iddiaçı kirayə götürdüyü mənzili 3 il müddətinə götürdüyünü bildirsə də, şahid K.Hüseynov iddiaçıdan fərqli olaraq bu müddətin 5 ildən ibarət olduğunu bildirmişdir. Bundan başqa K.Hüseynovun ifadəsindən görünür ki, o, iddiaçının məhz cavabdehin qanunsuz əməli nəticəsində onun mənzilində kirayədə qalması barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bunları və yazılı müqavilənin mövcud olmamasını, habelə iddiaçı ilə şahid K.Hüseynovun tanış olmalarını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi şahid K.Hüseynovun ifadəsini mötəbər sübut kimi qəbul etməməkdə və müzakirə edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır. Cavabdehə qarşı yuxarıda qeyd edilən tələbləri irəli sürmüş iddiaçı bildirir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 50.000 manat məbləğində pul tutulmalıdır. Bu tələblə bağlı Məhkəmə bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi cavabdehin iddiaçıya münasibətdə delikt törətməsi və iddiaçıya maddi zərər vurması təsdiq edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fizikişəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fizikiiztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı delikt törədərək iddiaçıya maddi zərər vurması sübuta yetmədiyindən demək olmaz ki, cavabdeh iddiaçıya mənəvi zərər vurmuşdur. Belə olan halda Rayon Məhkəməsi “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır. İddiaçının apellyasiya baxışı zamanı ifadə vermək üçün şahidlərinin Məhkəməyə dəvət edilməsi barədə verdiyi vəsatətlə bağlı Məhkəmə bildirir ki, iddiaçı özü və vəkili X3 işə Rayon Məhkəməsi tərəfindən baxılması zamanı proseslərdə iştirak etmiş, iş üzrə dindirilmiş (yuxarıda adları qeyd edilmiş) şahidlər onların iştirakı ilə Rayon Məhkəməsinə ifadələr vermişlər. Əlavə şahidlərin dindirlməsi barədə isə onlar tərəfindən Rayon Məhkəməsinə vəsatət verilməmişdir. MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.). MPM-nin 371-ci maddəsinin tələbinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab etmişdir ki, vəsatət təmin edilə bilməz, çünki vəsatət yeni sübutların toplanmasına yönəlmişdir və iddiaçı həmin sübutların Rayon Məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Bu əsasla iddiaçının vəsatəti Məhkəmə tərəfindən rədd edilmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçıapellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6361/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6361/2020
18.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver