Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6362/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 və Cavabdeh2 nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-855/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada İddiaçı MMC-nin xeyrinə 57310 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC 28 noyabr 2019-cu il tarixli 1 saylı Borc müqaviləsinə əsasən İddiaçı MMC-dən bir il müddətinə 59690 manat borc götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Borclunun cəmi ödədiyi məbləğ 2380 manat təşkil edir. Digər Cavabdeh2 ilə 20.10.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq onun tərəfindən borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-855/21) iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və eyni zamanda vəsatət verərək işin məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçının nümayəndəsi vəsatətin əsassız olduğunu, məhkəmə aidiyyətinin düzgün müəyyən olunduğunu, işə ümumi məhkəmədə baxılmalı olduğunu bildirdi və vəsatətin rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Səbail Rayon Məhkəməsinin iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında 28 noyabr 2019-cu il tarixli borc müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə əsasında yaranmış 57310 AZN borcun ona ödənilməsini tələb edir. 28 noyabr 2019-cu il tarixli borc müqaviləsinin 2.2-ci bəndində göstərilir ki, borcalan borc məbləğini öz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qəbul edir. Bununla da müəyyən edilir ki, tərəflər arasında olan borc münasibəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, yaranmış məhkəmə aidiyyəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüqüq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prossesual qaydalara müvafiq aparılır. Bu prinsip və prossesual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələrindən yaranan tələblər yalnız kommersiya məhkəmələrində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi - kommersiya mübahisəsi olduğundan həmin tələbə baxılması səlahiyyəti mülki icraat qaydasında kommersiya məhkəməsinə aiddir. İş materiallarından məlum olur ki, hər iki cavabdeh Bakı şəhərində qeydiyyatdadır. Göstərilənlərə əsasən hazırkı iddia Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, qətnaməsi ləğv edilməli, mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 32.3, 32.4, 384.0.4, 385.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6362/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6362/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver