Məhkəmə qərarları › İş №2(103)-6364/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6364/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6364/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(011)-5851/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, 15 fevral 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını, əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh 15 fevral 2022-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, habelə mediasiya xərcinin yarısını təşkil edən 25 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2021-ci il tarixdə ailə qurmuşdur. Birgə faktiki nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Cavabdehlə ailə münasibətlərinin ilk vaxtları normal olmuş, sonradan cavabdehlə ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsi ilə Cavabdeh uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh təyin edilmiş alimentdən əlavə başqa heç bir ödəniş etməmişdir. Uşaq artıq böyümüş, onun xərci və tələbatları artmışdır. İddiaçı uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də məcbur olub alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin kifayət qədər qazancı vardır və uşağın saxlanması üçün daha yüksək məbləğdə aliment ödəmək iqtidarındadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(011)- 5851/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, Cavabdeh Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsinə əsasən 15 fevral 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 50 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı - 25 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması və alimentin yeni məbləğdə tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğundan iddia təmin edilməli Cavabdeh Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsinə əsasən 15 fevral 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uşağı saxlamaq vəzifəsi onunla yanaşı iddiaçının da üzərinə düşür. Yəni bir uşaq üçün müəyyən edilmiş minimum yaşayış səviyyəsini təmin etmək onunla bərabər iddiaçının da vəzifəsidir. O öz valideyin vəzifəsini yerinə yetirib Qazax rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 170 manat alimenti hər ay ödəyir. İddiaçının “yaşayış minimumu haqqında” qanuna istinad edib 2024-cü ildə bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun ondan hər ay 235 manat aliment tələb etməsi əsassızdır. Belə ki, həmin qanunla bir uşağa müəyyən edilmiş yaşayış minimumunun təmin edilməsi valideyinlərdən birinin deyil hər ikisinin üzərinə düşür. Məhkəmənin “Yaşayış minimumu haqqında” qanunla bir uşaq üçün müəyyən edilmiş 235 manat yaşayış minimumu həddində alimentin ondan tutulmasını qət etməsi əsassızdır və himayəsində olan digər iki uşağa münasibətdə ədalətsizdir. Məhkəmə ondan bir uşaq üçün hər ay 235 manat alimentin tutulmasını müəyyən edərkən Azərbaycan Respublikası Ailə Məcəllənin 78.2 və 101.2-ci maddələrinin tələbinlərini nəzərə almamışdır. Məhkəmə tərəfindən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilərkən onun maddi vəziyyəti və himayəsində digər iki azyaşlı uşağının olması nəzərə alınmalıdır. Başqa nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 adında iki uşağı var. Hər iki uşaq orta məktəbdə oxuyurlar və yemək, geyim xərci ilə yanaşı müəyyən qədər təhsil xərcləri də var. Daimi iş yeri yoxdur. İşsiz kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Əmək və Məşğulluq” xidmətində qeydiyyatdadır və hal hazıra kimi işlə təmin olunmamışdır. Uşaqlarına görə məcbur qalıb günəmuzd işlərdə işləyir. Davamlı iş tapa bilmirəm, bir gün iş olanda bir gün də olmur. Qazancı az və qeyri-müntəzəm olduğundan, hər ay 170 manat aliment ödədiyindən, himayəsində olan digər iki uşağının maddi və təhsillə bağlı ehtiyaclarını lazımi qaydada təmin edə bilmir. Məhkəmə bu halları nəzərə almayıb, ondan bir uşaq üçün hər ay 235 manat alimentin tutulmasını qət etməsi himayəsində olan digər iki uşağın maddi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır.O da nəzərə alınmalıdır ki, himayəsində olan iki uşağın aylıq maddi təminatı aliment ödədiyi uşağının maddi təminatından xeyli aşağıdır. Məhkəmənin iddianı tam təmin etməsi himayəsində olan digər iki uşağına münasibətdə ədalətsiz olmaqla onların hüququnu pozur. Məhkəmə qətnamə qəbul edərkən göstərilən halların heç birini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Hazırki iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəflərin faktiki nikahından olan yetkinlik yaşına çatmayan uşağa görə ödənilməli olan ilk dəfə aliment məbləği (Qazax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(023)-588/2023 saylı qətnaməsinə əsasən)–hər ay 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda isə 2024cü il üçün uşaqların yaşayış minimumu 235 manat təşkil edir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə kollegiyası qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. İş materiallarından görünür ki, 15 fevral 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq alimenti hər ay 235 manat sabit pul məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması və himayəsində başqa nikahdan uşaqlarının olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsi olsa da hazırki vəziyyətdə 15 fevral 2022-ci il təvəllüdlü X5 ananın yanında qalması və uşağın günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – iddiaçının üzərindədir. Belə ki, iddiaçının işləyib-işləməsindən asılı olmayaraq cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də bütün uşaqlarının tələbatını təmin etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasızdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(011)- 5851/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar