Məhkəmə qərarları › İş №2(103)-6364/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6364/2025

25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6364/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddia ərizəsi baxılmamış saxlanılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3544/2025 nömrəli 07 avqust 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı qaydada baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Alahverdi qızının, onun qohumlarının və bu zəbtdə iştirak edən digər şəxslərin İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, "Şinçi" b/y-nin 233 saylı bağ sahəsindən tam xaric edilmələri, İddiaçı vurulmuş maddi zərər axırıncı 3 il müddəti olaraq, hər ay icarə haqqı kimi 700 manat hesablanaraq, cəmi 25200 manat məbləğində (700 x 12 ay x 3 il = 25200) Cavabdeh Alahverdi qızı tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Rusiya Federasiyası Saratov vilayəti, Krasnoarmeysk şəhəri və Krasnoarmeyski notariusu tərəfindən təsdiq edimiş ** AA ***9077 nömrəli etibarnamədən görünür ki, İddiaçı Nümayəndə istənilən hüquq münasibətlərdən (mülki, torpaq, ailə, inzibati və s.) irəli gələn bütün işlər üzrə işdə iştirak edən şəxslərin bütün hüquqları ilə hakimlərin, ümumi yurisdiksiya məhkəmələrinin qarşısında, arbitraj məhkəmələrində onun hüquqlarını təmsil etmək və digər hüquqları həyata keçirməyi etibar etmişdir.

3. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı onun əmisinin yoldaşıdır.

İş üzə qəbul olunmuş məhkəmə aktları:

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3544/2025 nömrəli xx.xx.2025-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Nümayəndə mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, iddiaçının yaxın qohumu sayılmır və bununla da, Nümayəndə iddiaçının adından iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz.

6. İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-cı il tarixli e-2(010)-3544/2025 nömrəli qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılmasını xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, qanunda xarici vətəndaşın nümayəndəsinin yalnız yaxın qohum və ya vəkil olması barədə birbaşa tələb yoxdur. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının 1-ci maddəsinin 1-ci bəndinə əsasən, tərəfdaş dövlətlərin vətəndaşları, habelə onların ərazilərində yaşayan şəxslər digər tərəfdaş dövlətlərin məhkəmələrində milli vətəndaşlarla bərabər hüquq və vəzifələrə malikdilər. Bu normaya əsasən xarici vətəndaş Azərbaycan məhkəmələrində milli vətəndaşlarla eyni prosessual hüquqlara malikdirlər və buraya onların nümayəndə seçmək hüququ da daxildir.

Tətbiq edilən hüquq normaları:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1. və 69.1-1-ci maddələrinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər....Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

9. Həmin Məcəllənin 19-cu maddəsinin Qeyd hissəsində müəyyən edilmişdir ki, bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ərarvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.

10. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

11. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur.

12. Azərbaycan Respublikası 13 yanvar 2024-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 1-ci bəndinin 1-ci bəndinə əsasən “Razılığa gələn hər bir Tərəfin vətəndaşları, habelə onun ərazisində yaşayan digər şəxslər Razılığa gələn bütün digər Tərəflərin ərazilərində, Razılığa gələn həmin Tərəfin öz vətəndaşlarının istifadə etdiyi həcmdə öz şəxsi, əmlak və qeyri-əmlak hüquqlarının hüquqi müdafiəsindən istifadə edirlər”.

13. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli qərarında qeyd edilir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır...Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir...Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə, şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Ərizədə və işdə olan digər sənədlərdə məhkəməyə müraciət edən şəxsin imzasının fərqli olması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3544/2025 nömrəli xx.xx.2025-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, iş materiallarından görünür ki, Nümayəndə İddiaçı yaxın qohumu deyildir. Yəni onlar arasında yaxın qohumluq münasibətləri yoxdur.

16. Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasının ərazisində olan məhkəmələrdə tərəflər ya şəxsən, yaxud da etibarnaməyə əsasən yalnız yaxın qohumları və ya vəkillər tərəfindən təmsil oluna bilərlər.

17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə İddiaçı nə yaxın qohumu, nə də vəkil olmadığından iddiaçını məhkəmədə təmsil etmək səlahiyyəti yoxdur.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

İddiaçının nümayəndəsi Nümayəndə şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3544/2025 nömrəli xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kasassiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar