Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6365/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(001)-3106/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə faktiki nikah münasibətlərindən xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1546/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, 170 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(001)-3106/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsini geri qaytararkən ona istinad etmişdir ki, iddia ərizəsinə tərəflərin rəsmi qeydə alındığı yer barədə sənədlər əlavə olunmadığına görə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin qarşı tərəfə göndərilməsi, tərəflərin məhkəmə iclasına çağırılması, yəni çəkişmə prinsipinin təmin olunması, o cümlədən iddia ərizəsinin ərazi aidiyyəti qaydalarına uyğun məhkəməyə verilib-verilmədiyini müəyyən etmək mümkün deyildir. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz və əsassız qərardad qəbul etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150 və 152-ci maddələrinin tələblərini pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-3106/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(001)-3106/2020 saylı qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi icraata qəbul olunması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 36.3-cü maddəsinə görə alimentin alınması haqqında iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının 8-ci bəndinə əsasən, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər. İddiaçı iddia ərizəsinə özünün və cavabdehin rəsmi qeydə alındığı yer barədə sənəd əlavə etməsə də, iddia ərizəsində tərəflərin ünvanlarını göstərmiş, sonradan iddia ərizəsinin geri qaytarılması haqqında qərardaddan şikayətə özünün şəxsiyyət vəsiqəsinin və cavabdehin qeydiyyat ünvanı barədə arayışı, habelə uşağın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətini və tərəflər arasında aliment tələbinə dair Binəqədi Rayon Məhkəməsində əvvəllər baxılmış mülki iş üzrə qətnamənin surətini əlavə etmişdir. İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Binəqədi şosesi məhəllə 3222 ev 183M mənzil 27-də, cavabdehin yaşayış yeri barədə MAPS arayışından isə görünür ki, o, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi, məhəllə 1055-də qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. İddiaçı Bakı şəhəri Binəqədi rayonunda rəsmi qeydiyyatda olduğuna və himayəsində azyaşlı uşağı olduğuna görə onun Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasına iddiaçının yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxa bilər və ya xx xxx 2020-ci il tarixli qərardaddan şikayətə baxarkən öz qərardadını yenidən nəzərdən keçirə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(001)-3106/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi icraata qəbul olunması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6365/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6365/2020
04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver