Məhkəmə qərarları › İş №2(103)-6365/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6365/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6365/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1 cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı qarşılıqlı iddiasına dair iş üzrə (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi; kredit müqaviləsinin Cavabdeh2 ilə bağlanmış hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” ilkin, Cavabdeh1 cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “kredit müqaviləsinin Cavabdeh2 ilə bağlanmış hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2133/2023 nömrəli 03 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli, FM-00129-01/21A saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC borclu Cavabdeh1 48 ay müddətinə illik 19% olmaqla 6000 manat məbləğində kredit vermiş, “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən sonuncu borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün onunla birgə məsuliyyət daşıması barədə zaminlik təminatı vermişdir.

3. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FM-00129-01/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixə ödənilməmiş 4894,18 manat əsas borc, 274,08 manat faiz borcu, 75,67 manat dəbbə borcu, ümumilikdə 5243,93 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 72,44 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Eyni zamanda Cavabdeh1 cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FM-00129-01/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, müqavilənin Cavabdeh2 ilə bağlanmış hesab edilməsi, müqavilədən irəli gələn xx.xx.2023-cü il tarixə ödənilməmiş 4894,18 manat əsas borc, 274,08 manat faiz borcu, 75,67 manat dəbbə borcu, ümumilikdə 5243,93 manat məbləğində borcun Cavabdeh2 bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FM-00129-01/21A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 6000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə bank ilə FMZ00129-01/21A saylı zaminlik müqaviləsi bağlayaraq həmin kredit müqaviləsi üzrə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir.

7. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, bankla onun arasında istehlak məqsədi ilə 6000 manat məbləğində pulun verilməsi ilə bağlı kredit müqaviləsi bağlansa da, pulu bankdan onunla banka birgə getmiş is üzrə digər cavabdeh, xx.xx.2021-ci il tarixdə bankla FMZ-00129-01/21A saylı zaminlik müqaviləsi bağlayaraq zamin durmuş Cavabdeh2 və iş yoldaşı, keçmiş polis əməkdaşı Cavid Həmzəyev götürmüşdür. Götürülən kreditin 2000 manatı Cavid Həmzəyevə, qalan 4000 manatı isə Şamil Abdinova çatmışdır. Bu faktdan bank kredit mütəxəssisi Azər adlı şəxsin məlumatı və razılığı olmuşdur. Bu səbəbdən də, bankın kredit mütəxəssisi Azər adlı şəxsin şahid qismində dindirilməsi zərurəri vardır. Onun adına kredit müqaviləsinin rəsmiləşdirilməsi faktından bankın ona göndərdiyi bildirişdən sonra məlumatı olmuşdur. Bu faktı Cavabdeh2 da təsdiq edəcəkdir, çünki götürülən kreditin 4000 manatını sonuncu istifadə etmişdir. Şahin X2baqcadan əlbir olub onu aldadaraq pulunu ələ keçirtməsi faktı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Bankla onun arasında əqd bağlansa da, reallıqda kredit münasibətlərinə Cavabdeh2la Cavid Həmzəyev daxil olmuşdur. Yəni, Cavabdeh2 tərəfindən zamin durmaq adı ilə aldadılıb banka aparılmış, bankla Cavabdeh2 əlbir olaraq ona kredit müqaviləsi imzalatdırmışdır.

8. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.2023cü il tarixə 4894,18 manat əsas borcu, 274,08 manat faiz borcu, 75,67 manat cərimə borcu olmaqla, cəmi 5243,93 manat borcu yaranmışdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2133/2023 nömrəli 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) (qətnamədə yol verilmiş yalnışlığın düzəldilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) ilkin iddia təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FM- 00129-01/21A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 4894,18 manat əsas, 274,08 manat faiz, 75,67 manat cərimə borcu olmaqla, cəmi 5243,93 manat məbləğində pul, ödənilmiş dövlət rüsumuna görə 72,44 manat məbləğində pul və bank xidməti haqqına görə 0,40 manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddianın təmin olunmaması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmçinin zamin Cavabdeh2 borclunun bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər müştərək qaydada iddiaçıya ödəməlidir. Borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə də, iddia təmin edilməlidir. Tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Hazırda cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi dərəcədə icra etməməsi səbəbindən bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bu hal tərəflər arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə əsasdır.

12. Qarşılıqlı iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə götürülmüş borcun faktiki olaraq Cavabdeh2 üçün götürüldüyünü və həmin vəsaitin sonuncu tərəfindən istifadə edildiyini göstərsə də, bu hal kredit müqaviləsinin bank ilə Cavabdeh2 arasında bağlanmış hesab olunması üçün əsas ola bilməz.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 448.2, 462.1, 462.3, 467, 421.1, 421.2, 421.3, 324.1, 324.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, yenidən araşdırmaqla ilkin iddianın ona münasibətdə rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, krediti Cavabdeh2 götürmüşdür, kredit üzrə aylıq ödənişlər də hər ay Cavabdeh2 əmək haqqından çıxılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

18. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

22. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

23. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

24. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

25. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

26. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

43. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh1 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh2 ilə bağlanan zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh - zamin borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir.

44. İddiaçı bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb etmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

46. Cavabdeh1 qarşılıqlı iddia tələbində müqavilənin Cavabdeh2 ilə bağlanmış hesab edilməsi və müqavilə üzrə yaranmış borcun sonuncudan tutulmasını tələb etmişdir.

47. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə göstərmişdir ki, qarşılıqlı iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə götürülmüş borcun faktiki olaraq Cavabdeh2 üçün götürüldüyünü və həmin vəsaitin sonuncu tərəfindən istifadə edildiyini göstərsə də, bu hal kredit müqaviləsinin bank ilə Cavabdeh2 arasında bağlanmış hesab olunması üçün əsas ola bilməz.

48. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmuşdur.

49. Təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 tərəfindən Bank "xxxx" ASC-yə ünvanlanmış ərizədə Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə bağlanmış FMZ- 00129-01/21A saylı Zaminlik müqaviləsinə əsasən Bank "xxxx" ASC-nin Sənaye Cavabdeh1 pğlu tərəfindən götürülən kreditə zamin olduğu üçün kredit aylıq ödənişi kredit bitənə kimi onun maaş kartından həmin filialda olan **********5600008001 saylı əmək haqqı kart hesabından Cavabdeh1 ******************** saylı cari hesabına köçürüb kredit üzrə ödənişinin silinməsinə istifadə edilməsini xahiş etmişdir.

50. Eyni tarixdə Cavabdeh1 tərəfindən Bank "xxxx" ASC-yə ünvanlanmış ərizədə də sonuncu xx.xx.2021-ci il tarixdə bağlanmış FMZ-00129-01/21A saylı kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC-nin Sənaye filialından götürdüyü kreditin aylıq ödənişini Bank "xxxx" ASC-də olan ******************** saylı əmək haqqı kart hesabından ******************** saylı cari hesabına köçürdərək kredit üzrə ödənişin silinməsində istifadə edilməsini xahiş etmişdir.

51. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə Polis İdarəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixindən bu günə kimi Kapital Bankda açılmış kart hesabına köçürülən əmək haqqından Bank "xxxx"-nin xeyrinə heç bir kredit borcu ilə bağlı tutulma aparılmamışdır.

52. Digər arayışda isə göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər Bakı Ticarət Bankında olan kart hesabına, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər Kapital Bankda açılan kart hesabına hər ay hesablanan 775,90 manat əmək haqqından 14% gəlir vergisinə-41,72 manat, 1% ianə fonduna-3,81 manat, 2% tibbi sığortaya-14,24 manat, 3% DSMF-yə -23,28 manat, aliment -300 manat, cəmi – 383,05 manat tutulduqdan sonra 392,85 manat köçürülüb.

53. Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər Bakı Ticarət Bankında olan kart hesabı, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər Kapital Bankda açılan kart hesabı ilə əmək haqqı ödənilmişdir. Belə ki, hər ay ona hesablanan 703,20 manat əmək haqqından 14% gəlir vergisinə - 38,22 manat, 1% ianə fonduna – 3,58 manat, 2% tibbi sığortaya – 12,78 manat, 3% DSMF-yə - 21,20 manat, sentyabr 2023-cü ildən icra sənədinə əsasən borc – 332,49 manat, cəmi 408,17 manat tutulduqdan sonra 295,03 manat kart hesabına köçürülüb.

54. Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC-dən cavabdehlərə dair kredit reyestrindən çıxarışlar (kredit tarixçələri) tələb edilmişdir.

55. Qərardadın icrası ilə bağlı "xxxx" MMC-dən daxil olmuş Çıxarışlara əsasən mübahisəli kredit müqaviləsi Cavabdeh1 aktiv öhdəlikləri sırasına, Cavabdeh2 isə zamin olduğu öhdəliklər sırasına daxildir.

56. Hesabdan çıxarışlardan müəyyən edilir ki, kredit müqaviləsi üzrə ödənişlər 2022-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayına qədər Cavabdeh2 bank hesabından Vüsal İsgəndərovun bank hesabına köçürülmüş, daha sonra isə kredit borcuna silinmişdir.

57. Kollegiya qeyd edir ki, Cavabdeh1 sözügedən kredit müqaviləsinin yalan əqd olmasına və vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasına istinad etsə də, işin müəyyən edilmiş hallarına əsasən istinad edilən maddi normaların dispozisiya şərtləri yaranmamışdır.

58. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır.

59. Bankla Cavabdeh1 arasında qanunvericiliyin tələblərinə uyğun formada kredit müqaviləsi bağlanmışdır. Müqavilə, bağlanan zaman hər hansı üçüncü şəxsi aldatmaq məqsədi daşımamış, tərəflərin iradə ifadəsi əsasında bağlanmışdır. Kredit məbləğinin əslində zamin olan Cavabdeh2 tərəfindən götürülməsi, istifadə edilməsi, ödənişlərin onun tərəfindən edilməsi və s. kimi barədə razılığa gəlmiş olsalar belə, bu razılıq cavabdehlər arasında edilmiş razılıqdır. İstinad edilən bu hallar kredit müqaviləsinin Cavabdeh2la bağlanmış hesab edilməsi üçün əsas vermir.

60. Eyni zamanda qanunvericilikdə vacib əhəmiyyətli yanılma halları göstərilmişdir. Hazırki iş üzrə vacib əhəmiyyətli yanılma elementləri müəyyən edilməmişdir.

61. Kollegiya hesab edir ki, Cavabdeh1 bankla məhz kredit müqaviləsi bağladığını dərk etmiş və müqavilə onun iradəsinə uyğun olmuşdur. Bu, onun imzaladığı digər sənədlərin məzmunu ilə də (ərizə, kassa məxaric qəbzi və s.) təsdiq olunur. Kredit vəsaitinin kimin istifadə etməsinin də heç bir əhəmiyyəti yoxdur. Cavabdeh1 həmin şəxslərə qarşı müstəqil iddia qaldıra bilər.

62. Qeyd olunanlara əsasən Kolllegiya belə qənaətə gəlir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 dəlilləri əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas vermir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2133/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar