Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6366/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin e-2(008)-2928/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə 19395,61 ABŞ dolları, ondan 9750,13 ABŞ dolları əsas, 9645,48 ABŞ dolları faiz borcu və ödənilmiş 189 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin e-2(008)-2928/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı ASC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Gülarə Mustafayeva tərəfındən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarla borclu öldüyündən və hüquqi varisi təyin edilmədiyindən icraata xitam verilmişdir. Lakin borclu öldükdən sonra müvafıq sorğu vasitəsi ilə əldə olunmuş məlumat əsasında borclunun vərəsəsi qalıq borca mütənasib olaraq məhkəməyə verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi yuxarıda qeyd olunan nüansları nəzərə almadan Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam vermişdir. Məhkəmə qərardad qəbul edərkən, tərəfin, predmetin və əsasların dəyişməsini nəzərə almamış və "xxxx" ASC-ni haqlı gəlirindən məhrum etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin e-2(008)-2928/2022 saylı, 04 avqust 2022ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, hazırda iddiaçı Bank həmin borc məbləğini (əsas borc eyni, faiz artmışdır) borclunun varisindən tələb edir.Tələb edilən borc tələbi artıq məhkəmə qaydasında tələb edilib və yenidən həmin kredit müqaviləsi üzrə iddia qaldırıla bilməz.Hazırki mübahisə məhkəmədə deyil, icra mərhələsində həll edilməli məsələdir.Hazırki iş üzrə cavabdeh fərqli olsa da, o, faktiki öz hərəkətəlrinə görə deyil, atasının hərəkətlərinə görə cavabdehlik daşımasına görə verilib məhkəməyə. Bu əsasdan, hazırki işin halları 261.0.2-ci maddəsinin təsirinə də düşür. Göründüyü kimi artıq İddiaçı ASC ilə Cavabdeh arasında olan mübahisəyə hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi borcun ödənilməsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur. Başqa sözlə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-16321/2016 nömrəli əmri ilə xx.xx.2015-ci il tarixli 10- xx-xx-015047 saylı Kredit müqaviləsinə əsasən, X1 9750,13 ABŞ dolları əsas borc, 3672,66 ABŞ dolları faiz borcu, cəmi 13422,79 ABŞ dolları Bankın xeyrinə tutulmuş və qanuni qüvvəyə mindiyi üçün icraya yönəldilmişdir. Həmin mülki iş üzrə borclu X2 icra icraatı zamanı xx.xx.2018-ci il tarixdə ölmüşdür. İddiaçı bank şikayətində göstərir ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Gülarə Mustafayeva tərəfındən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarla borclu öldüyündən və hüquqi varisi təyin edilmədiyindən icraata xitam verilmişdir. “İcra Haqqında” Qanunun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göründüyü kimi, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Gülarə Mustafayevanın xx.xx.2019-cu il tarixli qərarı ilə borclu Cavanşir Hüseynov öldüyündən icra sənədi üzrə icraata xitam versə də bu qərar qanuni və əsaslı olmamışdır. Belə ki, icra məmuru həmin qərarında qeyd edir ki, borclunun mülkiyyətində tələbin yönələ biləcəyi heç bir dəyərli əmlak aşkar edilməmiş və hüquqi varis təyin edilməmişdir. Ancaq “İcra Haqqında” Qanunun 20.1.3-cü maddəsinin imperativ tələbinə görə,... borclu öldükdə... əgər məhkəmə... qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə... keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Demək ki, məhkəmə qərarı ilə müəyyən edilmiş vəzifələr ölmüş borclunun vərəsəsinə keçə bildiyindən icra sənədi üzrə icraata xitam verilə bilməzdi. Bunun üçün icra məmuru “İcra Haqqında” Qanunun 31-ci maddəsinin ona verdiyi səlahiyyətlərdən və imkandan istifadə edərək borclu fiziki şəxs öldüyü üçün qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi əvəz etməli idi, ancaq nədənsə etməmiş, üstəlik mülkiyyətində tələbin yönələ biləcəyi heç bir dəyərli əmlakın aşkar edilmədiyi kimi əsassız qənaətə gələrək hüquqi varis təyin edilmədiyini də göstərir, hansı ki, bunları etmək onun bilavasitə vəzifəsi olmuşdur. Beləliklə, hazırki iş üzrə iddiaçı bank icra məmurunun “İcra Haqqında” Qanunun qeyd olunan tələblərinə zidd qəbul edilmiş qərarına istinad edərək hazırki iddianı irəli sürmüşdür. Ancaq bankın da qeyd olunan Qanunun tələblərinə riayət etməsini icra məmuruna xatırladaraq borclu öldüyündən məhkəmə aktı ilə müəyyən edilmiş vəzifələrin həmin şəxsin vərəsəsinə, yəni hazırki iş üzrə cavabdehə keçə bildiyi üçün onu əvəz etməsini tələb edə bilərdi. Ancaq etməmiş və hazırki iddianı irəli sürmüş, qanuni əsası kimi isə Mülki Məcəllənin 1151 və 1306-cı maddələrinə istinad etmişdir. İddiaçı qeyd olunan maddələrə əsasən hazırki iş üzrə cavabdehə o zaman iddia irəli sürə bilərdi ki, borclu ölənədək ona qarşı iddia sürməmiş və məhkəmə aktı çıxarılmamış olsun. Lakin borcu ölənədək ona qarşı eyni predmet və eyni əsas üzrə tələb irəli sürülmüş və hazırda da qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur. Bu cür vəziyyətdə bankın guya eyni tərəf və eyni əsas olmadığı üçün hazırki iddianı irəli sürməsi anlaşılan olmamışdır. Çünki, hazırki iddia tələbi vaxtıilə ölmüş borcluya qarşı irəli sürülmüşdür. Hazırki cavabdehə qarşı yalnız faiz borcunu artırmaqla eyni müqavilə üzrə iddia irəli sürülməsi, yeni əsas demək deyil. Eyni zamanda hazırki iş üzrə cavabdeh ölmüş borclunun qızı-vərəsəsi olduğundan onun bu iş üzrə eyni tərəf olmadığı anlmına gəlmir. Çünki, “eyni tərəflər” şəxslərin eyni(eyni varlıq) olmaları kimi başa düşülməməlidir. Mülki hüquq münasibətlərinin subyekti kimi yaxud mülki prosessual hüquqi mənada “eyni tərəflər” dedikdə müqavilə tərəfində olmuş şəxs(lər)in onların maddi hüquqi mənada kreditor və borclu yaxud prosessual hüquqi mənada iddiaçı və cavabdeh ola bilmələri baxımından eyniliyini ehtiva edir. Başqa sözlə iddianın faktiki əsası kimi göstərilən müqavilənin tərəfi cavabdehin vərəsəsi olduğu atası olmuşdur. Bank da tərəf(cavabdeh) kimi Cavabdeh ona görə göstərir ki, onun atası qeyd olunan müqavilənin tərəfi olmuşdur. Deməli, hazırki iş üzrə cavabdeh borclunun vərəsəsi olduğuna, yəni müqavilənin eyni tərəfləri olduğuna görə cavabdeh sayıla bilər ki, bu da onun eyni tərəf olmadığı qənaətinə gəlmək üçün əsas deyildir. Göstərilənlərlə yanaşı, bankın şikayətdə göstərdiyi bu və digər dəlillərinin nə qədər açıq-aşkar əsassız və əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın yaxud icraatın predmeti ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı birbirini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin e-2(008)-2928/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin e-2(008)-2928/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6366/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6366/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver