Məhkəmə qərarları › İş №2(103)-6366/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6366/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6366/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X18 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçının nümayəndəsi X12 və nümayəndəsi-vəkili Vəkil2, cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3757/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X10 doğulmuşdur.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-946/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 137 manat, cəmi 274 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-946/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırmışdır ki, cavabdeh etirazında 2014-cü ildə rəsmi nikaha daxil olduğunu bildirsə də, onunla aralarında olan nikah münasibətlərinə 2017-ci ildə xitam verildiyinə görə başqa bir xanımla Sabirabad regional “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində yenidən nikaha daxil olması qeyri-mümkündür. Həmçinin cavadehin digər nikahdan uşaqlarının olması onu ilk nikahdan doğulan uşaqlara baxmaq öhdəliyindən azad etmir, cavabdeh digər nikaha daxil olanda birinci nikahdan övladlarının olduğunu bilirdi. Cavabdeh Qəzli kəndində özünə məxsus evdə anası ilə birgə yaşayır, evin tək oğludur, etirazda cavabdehin fəhlə kimi işlədiyi qeyd olunsa da, o mebel ustası kimi fəaliyyət göstərir. Kənddə cavabdehin hər biri 100 metr uzunluğunda 2 istixanası var və oradan cavabdeh tonlarla satış edir və gəlir qazanır, həmçinin onun 1 hektar sahəsi var və orada meyvə ağacları da var. Cavabdeh həmin məhsulların da satışından müəyyən gəlir əldə edir. Bununla yanaşı cavabdehin istifadəsində olan etibarnamə ilə idarə etdiyi avtomobili vardır.

5. Cavabdeh iddiaya etiraz tədim edərək qeyd etmişdir ki, o, Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, onun mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak yoxdur, yaşadığı kənddə fəhlə işi ilə məşğuldur. Həmçinin xx.xx.2014cü il tarixdə Sabirabad regional “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 776 saylı aktla X9 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. Bu halda, əgər alimentin məbləği hər iki uşaq üçün 220 manat məbləğində artırılarsa, ikinci ailədən olan uşaqlarına baxmaq ehtimalı mümkün olmayacaq.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(011)- 3757/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-946/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdi ki, dəyişən yaşayış minumumuna mütənasib şəkildə alimentin miqdarı da dəyişdirilməlidir. Çünki Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu fonunda müəyyən edilir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, normal şəraitdə böyütmək hər iki valideynin borcudur.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi; Uşaq hüquqları haqqında qanunun 13 və 19-cu maddəsi; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2 və 112-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(011)-3757/2023 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun xx.xx.2020-ci il tarixli ikinci nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X7, xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 anadan olmasını, xx.xx.2023-cü il tarixli, ********** saylı məşğulluq haqqında arayışa əsasən, məşğulluğu Mil-Muğan Regional Məşğulluq filialında birdəfəlik dayandırılmasını, xx.xx.2023-cü il tarixli, 5-70-27/2-756/2023 saylı arayışa əsasən, işləməməsini, həmçinin həyat yoldaşı X1 da işləməməsini, habelə adına daşınar və daşınmaz əmlakın olmamasını, Sabirabad rayon Qəzli kəndində yaşamasını və adına pay torpaq sahəsi olmamasını nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs kənd ərazisində yaşayır. Onun himayəsində 3 uşaq vardır, o 400 manat aliment ödədiyi halda himayəsindəki uşaqları saxlaması qeyri-mümkündür. Uşaqlara baxmaq hər iki valideynin borcudur. Əgər iddiaçı razı olduğu halda cavabdeh alimentin məbləğinin bir uşağa görə 175 manat olmasına etiraz etmir. Aliment 400 manat olduğu halda cavabdehin kənd yerində bunu ödəmək potensialı da yoxdur. Bununla bağlı sübutlar iş materiallarına əlavə edilmişdir. Cavabdehin orada elə ciddi bir fəaliyyəti yoxdur. Məhkəmə gedişatı zamanı cavabdehin üçüncü uşağı dünyaya gəlmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Bildirmişdir ki, iki nəvəsi vardır, birinin 10 yaşı, digərinin 9 yaşı vardır. Uşaqlar 4-cü sinifdə oxuyurlar. 7 il bundan qabaq məhkəmə oldu, birinci instansiya məhkəməsinin qərarına əsasən 137 manat aliment müəyyən olundu. Həmin qərardan qarşı tərəf apellyasiya şikayəti verdi, apellyasiya instansiyası məhkəməsi həmin qərarı qüvvədə saxladı. Daha sonra qarşı tərəf ailə qurdu, iki uşağı dünyaya gəldi. Qarşı tərəf alimenti vaxtlı-vaxtında ödəyirdi. Cavabdeh evləndikdən sonra özünə avtomobil aldı. Cavabdehin orada 2 fabriki vardır, yaxşı gəlir əldə edir. Onun 1 ha-dan artıq sahəsi vardır, onun imkanı çoxdur. Cavabdeh mebel ustası işləyir. 137 manat 4-cü sinifdə oxuyan uşaqların ehtiyaclarını ödəmir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, yaşayış minimumu 220 manatdır, məhkəmə 440 manatı təmin etmədi və bundan şikayət vermədilər. Cavabdehin istixanası vardır, xaricə və daxilə satışları mövcuddur. Cavabdeh özü mebel ustasıdır, “Rəvan” mebel adlı instagram səhifəsi vardır.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

19. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

20. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

22. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

23. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

25. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

26. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

27. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

28. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır.

32. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

33. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

34. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-946/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 6 ilə yaxın müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməli olması barədə birinci instnasiya məhkəməsinin gəldiyi qənaəti qanunvericilikdə nəzərdə tutulan dispozisiya şərtlərinin mövcudluğu baxımından əsaslı olmuşdur.

35. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

36. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3757/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar