Məhkəmə qərarları › İş №2(103)-6367/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6367/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6367/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2741/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Borc verən X7 ilə borcalan İddiaçı arasında bağlanan 6 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 06 sentyabr 2017-ci il tarixədək 48000 ABŞ dolları məbləğində pul borc vermişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-918/16 saylı 18 avqust 2016-cı il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, bu iş üzrə 08 fevral 2016-cı il tarixdən 18 avqust 2016-cı il tarixədək həbsdə olduğu 06 ay 10 gün təyin edilmiş cəzadan çıxılmaqla İddiaçı üzərində qəti olaraq 6 il 5 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 172/18 saylı 06 aprel 2018-ci il tarixli qərardan çıxarışından məlum olur ki, zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric olunmuş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 04 ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı ibtidai istintaq dövrü 08 fevral 2016-cı il tarixdən 18 avqust 2016-cı il tarixədək həbsdə olduğu 06 ay 10 gün həbsdə saxlama müddəti nəzərə alınmaqla onun üzərində qəti olaraq 03 il 05 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 06 aprel 2018-ci il tarixdən hesablanması, İddiaçı məhkəmə iclas zalından həbsə alınması və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılmasının Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1520/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərarından müəyyən edilir ki, məhkum İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı onunla X7 arasında bağlanmış Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X2 şikayəti əsasında xx.xx.2016-cı il tarixində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdir. Həmin gündə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə iddiaçı barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona 02 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş həmin cəza şərti olaraq tətbiq edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə qəti olaraq 03 il 05 ay 20 gün müddətə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə iddiaçı məhkəmə iclas zalında həbsdən azad olunandan 20 gün sonra, yəni xx.xx.2016-cı il tarixində Bakı şəhəri 6 saylı notariat ofisində guya X7 ona 48000 ABŞ dolları məbləğində pul borc vermişdir. İddiaçı qeyd etmişdir ki, bu qurma işdir, necə olur ki X2 şikayətinə əsasən o, həbs olunur və çıxan kimi də ona pul verir? X7 iddiaçını aldatmış, ona dolların məzənnəsinin dəyişdiyini, ziyan elədiyini, notariusda tanışı olduğunu bildirmiş və onu müqavilə bağlamağı təklif etmişdir. İddiaçı isə banka qoyub həll etməyə pulu olmadığını bildirdikdə Nağı Kəngərli ona narahat olmamasını, notariusun tanış adam olduğunu və nə desə onu edəcəyini demişdir. İddiaçı qurulmuş plan əsasında müqaviləyə qol çəkmişdir, amma qətiyyən həmin vaxtı heç bir pul almamışdır. Məntiqdə ordadır ki, iddiaçı bir adamın şikayəti əsasında həbs olunur, həbsdən çıxan kimi guya ona 48000 ABŞ dolları pul verir? N.Kəngərlini iddiaçıya inamı itmişsə, iddiaçı onu aldatmışsa, ona necə yenidən pul vermişdir? İddiaçı bildirmişdir ki, ən əsası da bank çeki yoxdur, varsa cavabdeh məhkəməyə təqdim etsin ki, iddiaçı kassa məxaric orderinə qol çəkib pul almışdır. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir, iddiaçının işində isə belə bir qəbz yoxdur. İddiaçı hesab edir ki, Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu çox ciddi qanun pozuntusuna yol verərək onun hüquqlarını kobud formada pozmuşdur və xx.xx.2016-cı il tarixli, kredit müqaviləsi Azərbaycan Respublikasının Konstitusiyasına və Mülki Məcəlləsinə uyğun olmadığı üçün etibarsızdır. Belə ki, kredit müqaviləsinin şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə ziddir .

7. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-2741/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almaya cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Əqdin etibarsız hesab edilməsi məsələləri ilə əlaqədar kəsici müddət əqdin etibarsız sayılmasına əsas verən halları tərəfin bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində məhkəməyə müraciət etməli idilər. Məhkəmə həmçinin qeyd edir ki, 354-cü maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1, 354, 354.2, 375.2-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli Qərarı, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli Qərarı, Avropa Məhkəməsinin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli Qərarları, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 88, 119.1, 218.3, 217.4, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2741/2024 saylı, 30 iyul 2024-cü il tarixli qanunsuz və əsassız qətnaməsinin ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, açıq aydın görünür ki, bu bir qurma işdir necə olur ki, o, X2 şikayətinə əsasən həbs olunur və həbsdən çıxan kimidə ona pul verir?! X7 onu aldatdı ki, dolların məzənnəsi dəyişib o ziyan eləmiş gedib onun tanış notariusu var orda müqavilə bağlasınlar. O da bildirdi ki, axı pul yoxdur banka qoyub həll etməyə ona bildirdi ki, “sən narahat olma notarius tanış adamdır mən nə desəm onuda edəcək”. Qurulmuş plan əsasında ona müqaviləyə qol çəkdirdilər amma o qətiyyən həmin vaxtı heç bir pul almadı. Məntiqdə ordadı ki, bir adamın şikayəti əsasında həbs olunur həbsdən çıxan kimi guya ona 48.000 ABŞ dolları pul verir?! Kəngərli Nağının ona inamı itibsə, yenidən necə pul verir?! Ən əsası da bank çeki yoxdur. Varsa məhkəməyə təqdim etsinlər ki, o kassa məxaric orderinə qol çəkib pul almış. Notarius qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditora verilmək üçün öhdəliyin icra predmetini saxlamağa borcludan pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Belə bir qəbz onun işində yoxdur. Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu çox ciddi qanun pozuntusuna yol verərək onun hüquqlarını kobud formada pozmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2016-cı il tarixli, kredit müqaviləsi Azərbaycan Respublikasının Konstitusiyasına və Mülki Məcəlləsinə uyğun olmadığı üçün etibarsızdır. Hesab edir ki, bu qeyd olunan vacib hallar Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən nəzərə alınmalı idi. Bakı şəhəri Xətai Rayon Məhkəməsi ümumiyyətlə iş materialları ilə eləcədə onun tərəfindən təqdim edilmiş əsaslı sübutlarla tam tanış olmamışdır və ya tanış olmaq istəməmişdir. Demək olar ki, rəsmi təqdim olunmuş sübutları qətiyyən nəzərə almamışdır və əsaslı sübutlara qətnamədə heç bir münasibət bildirməmişdir. Əgər məhkəmə sübutlara qiymət vermiş olsaydı iş üzrə düzgün və ədalətli qətnamə qəbul etmiş olardı. Məhkəmənin qəbul etdiyi qətnamə ancaq cavabdehin maraqlarına xidmət edir. Nəzərə alınmalıdır ki, cavabdeh X7 tərəfindən məhkəməyə heç bir rəsmi sübut təqdim edilməmişdir. Daha bir vacib halda odur ki, məhkəmə qətnamədə qeyd edir ki, guya onun tərəfindən iddia müddəti ötürülmüşdür. Bununla bağlı bildirir ki, o həbsdə olmuş və məhkəmədə iddia qaldırmaq kimi bir şəraiti olmayıbdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi qətnamədə qeyd etmişdir ki, guya onun tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir rəsmi sübut təqdim edilməmişdir. Bildirmək istəyir ki, iş materiallarında ancaq onun sübutlarıdır nədənsə məhkəmə bu vacib sübutları nəzərə almamışdır və ya nəzərə almaq istəməmişdir. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarından savayı, prosessual hüquq normalarınıda kobud şəkildə pozmaqla qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a) Proses iştirakçılarının izahatı

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

20. Borc verən X7 ilə borcalan İddiaçı arasında bağlanan 6 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 06 sentyabr 2017-ci il tarixədək 48000 ABŞ dolları məbləğində pul borc vermişdir.

21. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, X7 arasında bağlanmış Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmiş, mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qanunla ona əqdin etibarsızlığını mübahisələndirmək üçün verilmiş müddəti ötürmüşdür. Belə ki, 6 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinin bağlanması iddiaçıya müqavilənin bağlandığı andan, yəni 6 sentyabr 2016-cı il tarixdən məlum olmasına baxmayaraq, mövcud iddia ərizəsi ilə məhkəməyə 22 iyun 2023-cü il tarixdə müraciət etmişdir.

23. İşin hallarından görünür ki, müqavilə tərəfləri qismində borc verən - X7 və borcalan - İddiaçı çıxış edir.

24. İddiaçı kredit müqaviləsini mübahisələndirsə də iddiaya cavab verməli olan, müqavilənin tərəfi olan X5 cavabdeh qismində işə cəlb etməmişdir.

25. Birinci instansiya məhkəməsi iddia tələbinin kredit müqaviləsinin etibarsız hesab edilməsi olmasına baxmayaraq işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə X5 cavabdeh qismində işə cəlb etməyi iddiaçıya təklif etməmiş,habelə, işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməmişdir. Məhkəmə müqavilənin tərəfi iş üzrə cavabdeh olmadığı halda iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Göründüyü kimi işə baxan məhkəmə prosessual hüquq normalarını pozmuşur.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsində qeyd edilir ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsində qeyd edilir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

28. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il № 1/2024 Qərarının 7.21-ci bəndinə əsasən ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin müvafiq razılığın alınmaması əsası ilə etibarsızlığı barədə iddia cavabdeh qismində əqdin hər iki tərəfi (həm əşyanın digər birgə mülkiyyətçisi olan ər və ya arvad, həm də əqd üzrə əşyanı əldə edən şəxs) cəlb edilmədiyi halda təmin oluna bilməz. Çünki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Prosessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir.

29. Kollegiya qeyd edir ki, hazırki tələb kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi olduğunundan müqavilənin tərəfi olan X2 cavabdeh qismində cəlb edilməməsi əsası ilə hazırki iddia tələbi təmin edilməməlidir.

30. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2741/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı onunla X7 arasında bağlanmış Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2741/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı onunla X7 arasında bağlanmış Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar