Məhkəmə qərarları › İş №2(103)-6368/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6368/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6368/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və apelyatorun nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdehə illik 17,5 faizlə 24 ay müddətinə 35000 manat kredit verilmişdir.

2. Ödəniş qrafiki üzrə aylıq 1,738.90 manatın ödənilməsi nəzərdə tutulmuşdur (əsas borc və faiz).

3. Eyni tarixdə kreditin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.

4. Cavabdeh1 hər ay gecikdirmə olmadan 3,143.00 manat məbləğində ödəniş etmiş, xx.xx.2021-ci il tarixdə həmin məbləğ 3,143.00 manat səhvən iki dəfə mədaxil edilmişdir. Bu səbəbdən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 507,76 manat ödəniş edən zaman onun borcu sıfırlanmış və ona təqdim edilən qəbzin üzərində “verilmiş kreditlər üzrə daxilolmalar tam ödəniş” qeyd edilmişdir. Bundan sonra Cavabdeh1 ödənişi dayandırmış, sonradan Bank tərəfindən xəta aradan qaldırılandan sonra ona iddia ərizəsində tələb edilən borc məbləği hesablanmışdır.

5. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış əsas borcu 4547,86 manat, faiz borcu 408,74 manat və cərimə borcu 255,58 manat olmaqla, ümumilikdə 5212,18 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada 4547,86 manat əsas borc, 408,74 manat faiz borcu və 255,58 manat cərimə borcu olmaqla, ümumilikdə 5212,18 manat borcun və 72,12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixədək Cavabdeh1 Banka tələb olunan məbləğdə borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-2470/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia təmin edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Bankın elektron sistemində xətanın baş verməsi nəticəsində cavabdehin borcunun səhvən sıfırlanması onu həmin borcu ödəməkdən azad etmir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 433.1, 442. 448, 462, 472, 739, 741-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 (zamin) birinci instansiya məhkəməsinin qətnaməsinin 408,7 manat faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Banka yaxınlaşaraq kredit borcunu tam şəkildə bağlamaq istədiyini bildirmişdir. Bank tərəfindən ona xx.xx.2021-ci il tarixə cəmi 507.76 manat borcunun olduğunu bildirmiş və Cavabdeh1 həmin məbləği Banka ödəmişdir. Qeyd olunan kredit borcu üzrə Banka borcunun olmaması ilə bağlı ona son ödənişi təsdiq edən mədaxil qəbzi və hesabdan çıxarış (çıxarışın üzərində “dövrün sonuna qalıq – 0” qeyd olunmuşdur) təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli məktubda Bank tərəfindən mövcud vəziyyətə açıqlama gətirilmiş, öz sistemlərində olan xəta səbəbindən qalıq borc məbləğini yanlış hesablamış olduqlarını və borcun bağlanması barədə sənəd verdiklərini etiraf etmişlər. İddiaçının sistemində olan xəta səbəbindən cavabdehin qalıq borc məbləğinin yanlış hesablandığı məhkəmə və iddiaçı tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, əsas borcun düz hesablanıbhesablanmadığı, faiz borcunun isə necə formalaşdığı (nəzərə alsaq ki, cavabdeh ödənişləri vaxtında etmişdir) məhkəmə tərəfindən araşdırılmamışdır. Belə hesablamalar xüsusi bilik tələb etdiyindən, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilə bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh1 (kredit alan) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.

22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

23. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 (zamin) tərəfindən faiz borcunun tutulması hissəsində mübahisələndirildiyindən qətnamə apellyatora münasibətdə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. MPM-ə əsasən İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (maddə 47.1).

29. Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

30. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

31. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.

32. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

33. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır.

34. Baxılan iş üzrə apellyator apellyasiya şikayətində Bankın elektron sistemində baş vermiş xəta səbəbindən yanlış olaraq qeydə alınmış 3143 manat ödənişin onun tərəfindən ödənildiyini iddia etməmişdir. Beləliklə, apellyator faktiki olaraq 3143 manat ödəniş etmədiyini qəbul etmişdir. Apellyatorun yeganə dəlili həmin məbləğə hesablanmış faiz borcunun yaranma səbəbinin ondan asılı olmamağından ibarətdir.

35. Cavabdeh faiz borcunun daha az olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunması üçün əsaslar müəyyən etmədi.

36. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh hüquqlarını həyat keçirərkən vicdanlılığa əməl etməmiş, Bankın elektron sistemində baş vermiş xətanı öz xeyrinə istifadə etməklə başqasına (bank) ziyan vurmuşdur. Kollegiya cavabdehin bu hərəkətini ona verilmiş hüquqlardan sui-istifadə kimi qiymətləndirir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzliyini, tərəflərin prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

37. Mübahisələndirilən hissədə iddianın qiyməti cəmi 408,74 manat olmaqla 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar