Məhkəmə qərarları › İş №2(103)-6369/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6369/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6369/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2(008)-7116/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Əhmədova (Zeynalova) Aynurə Maqsud qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən “xxxx” MMC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 3267,55 manat, faiz borcu üzrə 534,92 manat və cərimə borcu üzrə 2711,54 manat, cəmi 6514,01 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7116/2016 saylı, 09 avqust 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh3, Cavabdeh1 və Əhmədova (Zeynalova) Aynurə Maqsud qızından müştərək qaydada “xxxx” MMC-nin xeyrinə 3267.55 manat kredit borcu, 534.92 manat faiz borcu və 200 manat cərimə borcu, cəmi 4002.47 manat borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh3 və Əhmədova (Zeynalova) Aynurə Maqsud qızı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3261/2017 saylı, 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7116/2016 saylı, 09 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2(008)-7116/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2(008)-7116/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən 06 may 2021-ci il tarixdə, təxminən 5 ilə yaxın bir müddətdən sonra apellyasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə riayət edilib-edilmədən verildiyini yoxlamadan mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, digər cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılan zaman, Cavabdeh1 da məhkəmə bildirişi göndərilmiş, Cavabdeh1 həmin bildirişi 28 mart 2017-ci il tarixdə almışdır. (i.v. 71) Eləcə də iş materiallarından görünür ki, həmin apelyasiya şikayəti əsasında çıxarılmış Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3261/2017 saylı, 05 aprel 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 göndərilmiş, Cavabdeh1 həmin qətnaməni 02 may 2017-ci il tarixdə almışdır. (i.v. 84) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2(008)-7116/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2(008)- 7116/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar