Məhkəmə qərarları › İş №2(103)-6370/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6370/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6370/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı «xxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması»tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2229/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «xxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «xxxxxxxx» ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4361,68 ABŞ dolları əsas borcun, 3512,59 ABŞ dolları faiz borcunun, 151,38 ABŞ dolları cərimənin və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən - xx xxxxxx 2020-ci il tarixədək geekdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 450,65 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, cəmi 8476,3 ABŞ dolları pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən «xxxxxx» İKB ASC-dən (hazırda «xxxxxxxx» ASC) illik 28 faizlə 36 ay müddətinə 7500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixədək Cavabdeh1 banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4361,68 ABŞ dolları əsas borcu, 3512,59 ABŞ dolları faiz borcu, 151,38 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 450,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olaraq, ümumilikdə 8476,30 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 2229/2020 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov)iddia qismən təmin olunmuş, Cavabdeh1 iddiaçı «xxxxxxxx» ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 4361 (dörd min üç yüz altmış bir) ABŞ dolları 68 sent, faiz borcu üzrə 2475 (iki min dörd yüz yetmiş beş) ABŞ dolları 41 sent, cərimə üzrə 20 (iyirmi) ABŞ dolları, əldən çıxmış faydaya görə illik 5 faiz hesablanmaqla 450 (dörd yüz əlli) ABŞ dolları 65 sent, cəmi 7307 (yeddi min üç yüz yeddi) ABŞ dolları 74 sent (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 12,20 faizi, yəni 3 (üç) manat 65 (altmış beş) qəpiyinin iddiaçıya aid edilməsi, qalan 87,80 faizi, yəni 26 (iyirmi altı) manat 35 (otuz beş) qəpiyinin Cavabdeh1 tutularaq iddiaçı «xxxxxxxx» ASC-yə ödənilməsi qət olunmuş, iddia qalan hissələrdə təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, iddianın tam təmin olunmalı olmasını, cərimənin əsassız azaldılmasını, kredit borcunun, həmçinin zamin Cavabdeh2 da müştərək qaydada tutulmalı olmasını, iddianın zaminə aid hissədə rədd olunmasının əsassız olmasını və s. göstərmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilənlərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki,iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın cərimə və zaminə aid təmin olunmamış hissələrində)birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək,hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən ləğv olunmalıdır. Belə ki,işdə olan 27-Z1-2-0-286-15 nömrəli, xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, «xxxxxx» İKB (hazırda «xxxxxxxx» ASC) tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 28 % ödəmək şərtilə 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 27-Z1-2-0-286-15 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 bu müqaviləyə əsasən 27-Z1-2-0-286-15 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin borcalan tərəfindən tamamilə və ya hissə-hissə icra edilməsi üçün kreditor qarşısında məsuliyyəti öz üzərinə götürür. İşdə olan xx.xx.2015-ci il tarixli məxaric orderindən görünür ki, «xxxxxx» İKB ASC tərəfindən Cavabdeh1 7500 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxxxx» İKB-yə olan əsas borc üzrə 4361,68 ABŞ dolları, faiz borcu üzrə 2475,41 ABŞ dolları, cərimə borcu üzrə 151,38 ABŞ dolları, cəmi 6988,47 ABŞ dolları borcu vardır. İşdə olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 5 gün müddətində borcunu ödəməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan «xxxxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 kredit borcu «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 əsas borcu 1827,52 ABŞ dolları azaldılmışdır. Hal-hazırda xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 «xxxxxxxxx» ASC-yə 4361,68 ABŞ dolları əsas borcu, 2475,41 ABŞ Dolları faiz borcu, 151,38 ABŞ dolları cərimə borcu, xx xxx 2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 5 faizlə hesablanmış 450.65 ABŞ dolları əldən çıxmış fayda, ümumilikdə 7439,12 ABŞ dolları vardır. İddiaçı apellyasiya şikayətində – tələb olunan cərimənin birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz azaldılmasını, həmçinin iddianın zaminə aid hissədə təmin olunmamasının əsassız olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq hesab etmişdir ki, bank tərəfindən hesablanmış 151,38 ABŞ dolları cərimə cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 20 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Halbuki, tələb olunan 151,38 ABŞ dolları cərimə əsas borca (4361,68 ABŞ dolları) münasibətdə tənasübsüz deyildir. Qeyd edilməlidir ki, MM-nin 467-ci maddəsi istənilən halda deyil, yalnız tənasübsüz surətdə yüksək dəbbə pulununun (cərmənin) məhkəmə tərəfindən azaldılması imkanını müəyyən etmişdir. Əks hal, qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələ bilər. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iddia cərimə borcuna münasibətdə əsaslı olmuş, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini qismən təmin etməkdə haqlı olmamış, maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə olan halda isə, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia cərimənin tutulması hissədə tam təmin olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan qalan hissədə (zaminə aid hissədə) əsaslı və qanunidir. Qeyd edilməlidir ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Lakin, zaminlik müddətsiz deyildir və kreditorun zaminə qarşı qanunla müəyyən olunmuş müddət ərzində iddia irəli sürmək hüququ vardır. Əks halda zaminliyə xitam verilir. Bu hal, Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinin dispozitiv şərtlərindən irəli gəlir. Belə ki, qeyd edilən normaların tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktiki hallarından və işdə olan sübutlardan (kredit, zaminlik müqaviləsi və s.) aydın olur ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəti (kreditin qaytarılması müddəti) xx xxx 2018-ci il tarixdə bitmiş, lakin iddiaçı zaminə qarşı həmin vaxtdan sonra 1 il müddətində kredit və zaminlik müqaviləsinin şərtlərindən irəli gələn müvafiq iddianı irəli sürməmişdir. İşdən görünür ki, hazırki iddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə, yəni zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 09 aydvn çox müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı Cavabdeh2 qarşı sonuncunun zaminliyinə qanunla xitam verildikdən sonra iddia irəli sürmüşdür ki, həmin vaxtı da zaminin məsuliyyəti aradan qalxmış, tələb hüququ mövcud olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, zaminliyə müddətin keçməsi ilə xitam verilməsini tənzimləyən MM-nin 477.0.4-cü maddəsi iddia müddəti olmadığından, onun tətbiqi üçün tərəfin ərizə verməsi (və ya müstəqil olaraq belə tələblə çıxış etməsi) tələb olunmur. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri qeyd edilən hissədə qətnamənin ləğvinə əsas ola bilməz. İddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesmab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən (yəni, cavabdehdən cərimə üzrə 20 ABŞ dollarının tutulması hissədə) ləğv edilməli, iddia həmin hissədə təmin olunmalı, Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan cərimənin məbləği 151,38 ABŞ dolları (cəmi məbləğ isə 7439,12 ABŞ dolları) müəyyən olunmalı, qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması»tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2229/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 2229/2020 saylı qətnaməsi qismən (yəni, cavabdehdən cərimə üzrə 20 ABŞ dollarının tutulması hissədə) ləğv edilsin, iddia həmin hissədə təmin olusun, Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan cərimənin məbləği 151,38 (bir yüz əlli bir ABŞ dolları 38 sent) ABŞ dolları (cəmi məbləğ isə 7439,12 (yeddi min dörd yüz otuz doqquz ABŞ dolları 12 sent) ABŞ dolları) müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar