Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6370/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bank "xxxx" ASC ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə xx.xx.2019-cu il tarixli 111883-CNS-2126/2 saylı “nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 2.149,02 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Bankın təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixinə qeyd edilən müqavilə üzrə 2.147,43 manat məbləğində əsas, 1,59 manat faiz, cəmi 2.149,02 manat məbləğində kredit borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 111883-CNS-2126/2 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehin xx.xx.2023-cü il tarixinə banka borclu olduğu 2147,43 manat əsas borc, 1.59 manat faiz borcu, ümumilikdə 2.149.02 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 41.49 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə tələb olunan məbləğlərdə borcu yaranmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia təmin olunmuşdur.
5. Məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, tələb olunan məbləğdə əsas, faiz borcunun cavabdehdən tutulması qənaətinə gəlmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739-cu maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun olubolmamasını, ödənişləri müəyyən etmədən tədqiq olunmuş subutları düzgün hüquqi qiymət vermədən, yalınız iddiaçının təqdim etdiyi sənədlərə istinad edərək səhv nəticəyə gəlib iddiaçının əsaslandırılmamış tələbini təmin etmişdir. Hazırda müqavilənin 2026-cı il tarixə qədər olmasını aydınlaşdırmamışdır. İşə sadələşdirilmiş icraat qaydasında baxıldığından və bildiriş ona gec çatdığından etdiyi ödənişləri və maliyyə arayışını təqdim edə bilməyib. Lakin məhkəmə onun tərəfindən edilən ödənişləri nəzərə almayaraq real olmayan borcu tutumuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi 10.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 12.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Apellyasiya baxışının hədləri 13.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 16.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bank qarşısında icra olunmamış öhdəliyinin olmadığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, maliyyə arayışından görünür ki, borclunun kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə qeyd edilən müqavilə üzrə 2.147,43 manat məbləğində əsas, 1,59 manat faiz, cəmi 2.149,02 manat məbləğində kredit borcu vardır. 17.Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzləri isə bir-birilərini təkrarlamaqla onun kredit müqaviləsi üzrə cəmi 200 manat ödəniş etdiyini təsdiq edir və bu ödənişlər məhkəmədə iddia qaldırılandan sonrakı dövrə təsadüf edir. 18.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə aparılmış ödənişlər isə icra məmuru tərəfindən icra mərhələsində nəzərə alınacaqdır. 19.Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 20.MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2). 21.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.