Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6373/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iş üzrə (Açar sözlər: qonşu təsirinin aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X3 Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2 və cavabdeh X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi 53-də yerləşən fərdi həyət evi İddiaçı faktiki istifadəsindədir və o, həmin ünvanda yaşayır. Həmin küçədə qonşuluqda yerləşən 53F saylı fərdi yaşayış evi isə cavabdeh X1 xüsusi mülkiyyətindədir və cavabdeh hazırda həmin fərdi yaşayış evində yaşayır.
2. Hazırda İddiaçı iddia tələbi ondan ibarətdir ki, cavabdeh Fezulla Rəhimovun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, 53F saylı evinin divarı iddiaçının faktiki istifadəsində olan fərdi həyət evinin divarına nəmişlik yaratdığından, iddiaçı ilə cavabdehin evinin arasında yerləşən cavabdehə məxsus divar sökülsün və təmir bərpa xərcləri üçün 5000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin.
3. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/3892 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********66-10301 nömrəli çıxarış və texniki pasporta əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində yerləşən ümumi sahəsi 102.0 kv. metr olan 53F saylı fərdi yaşayış evi və 0.01 ha torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olduğu qeyd olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarına əsasən həmin evin tikinti norma və qaydalarına uyğun inşa edildiyi müəyyən edilir. Mülki iş materiallarında İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi 53 saylı evə dair hər hansı hüquqmüəyyənedici və texniki pasport olmadığı və baxış zamanı hər hansı sənəd təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarına əsasən həmin evin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilir. İddiaçının istifadəsində olan evin arxa tərəfində, yuxarı hissədə yerləşən atmosfer sularının axıntısı üçün quraşdırılmış su novunun və su novuna birləşdirilmiş boru xəttinin olduğu, həmin su novu və boru xəttinin ətrafında (aşağı hissəsində), eləcə də iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlərin, ləkələrin olmadığı müəyyən edildi. İddiaçının istifadəsində olan fərdi yaşayış evinin divarlarının fasad hissəsində və eləcə də daxili otaqlarının bəzi hissələrində yaranmış çatlar su sızma əlamətlərinə xarakterli deyil. Yaranmış çatlar evin bünövrəsinin və yük daşıyan divarların norma və qaydalara (tikinti texnologiyasına) uyğun riayət olunmaması, seysmik hadisələrdən (zəlzələ) və s. səbəblərdən yarana bilər.
4. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/2026 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin, 69.52-1 bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0.3 hissəsi qədər olmasının göstərildiyi, lakin faktiki olaraq isə iş üzrə tərəflərə məxsus 53 və 53F saylı fərdi yaşayış evlərinin sərhəd hasarına bitişik inşa olunduğunu nəzərə alaraq, hər iki fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin, 69.52-1 bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. İddiaçının istifadəsində olan evin arxa tərəfində, yuxarı hissədə yerləşən atmosfer sularının axıntısı üçün quraşdırılmış su novunun və su novuna birləşdirilmiş boru xəttinin olduğu, həmin su novu və boru xəttinin ətrafında (aşağı hissəsində), eləcə də iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlərin, ləkələrin olmadığı müəyyən edildi. Bu səbəbdən də beşinci, səkkizinci, on birinci və on üçüncü suallar üzrə tədqiqat aparılmadı. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Suallarda göstərilən məsələlərlə bağlı qeyd olunur ki, navalçaların quraşdırılması tikinti norma və qaydaları ilə tənzimlənmir. Bu səbəbdən də suallar üzrə tədqiqat aparılmadı. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa etdiyi evin divarının iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 53 fərdi evinin divarı ilə paralel tikildiyi evin divarının tikinti və şəhərsalma normalarına uyğun olaraq buradan sökülüb götürülməsi, evində nəmişlik yaratması ilə əlaqədar təmir-bərpa işlərinin aparılması üçün vurduğu maddi ziyana görə 5000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi və ya öz hesabına iddiaçının evinin tam təmir etməsi və əvvəlki vəziyyətinə qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, öz ailəsi ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 53 fərdi həyət evində məkunlaşmışdır. Evin kommunal xidmətləri - qaz, işıq, su iddiaçının adınadır. Özü 1-ci Qarabağ Müharibəsi veteranıdır. Cavabdeh iddiaçının qonşusudur, qeyd olunan ünvanda öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh özünə məxsus torpaq sahəsində fərdi həyət evi inşa edərkən evlər arasında ara məsafəsi saxlamamış, nəticədə iddiaçının evinin divarlarında nəmişlik yaranmasına səbəb olmuş və yaşayış sahəsindən istifadəsinə maneçiliklər yaratmışdır. Bununla bağlı cavabdehlə iddiaçı aralarında danışıqlar aparsalar da bunun heç bir nəticəsi olmamışdır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(010)-93/25) iddia rədd edilmişdir.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, artıq 2017-ci ildə cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evi hazırda mövcud olan texniki göstəricilərlə mövcud olmuş, cavabdeh həmin fərdi yaşayış evi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. İddiaçı da orada yaşadığından bütün bunların şahidi olmuşdur. İddiaçı iddiasını cavabdehin iddiaçının istifadəsində olan evin damından həmin evə məxsus su novunun başlanğıc yerinə sement qarışığı tökməsi, bu səbəbdən su novunun normal işləməməsi, nəticədə iddiaçıya məxsus evin divarının nəm çəkməsi ilə əsaslandırsa da, bu halları məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin iş üzrə verilmiş ekspert rəylərinə və digər iş materiallarına qiymət verməklə müəyyən etmişdir ki, iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlər, ləkələr mövcud deyil.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1111.2, 1115-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin normaları pozulmuşdur. Məhkəmə iş üzrə səhv nəticəyə gəlmiş və iddia tələbini rədd etmişdir. Halbuki, qeyd olunan normada bir mənalı olaraq vurğulanır ki, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Qonşuların arasında olan ortaq divar çökmüş, divarlarda çatlar yaranmış, ona məxsus divarın iç üzündən divar kağızları qopub yerə tökülmüşdür. Bütün bunlar ekspert rəyində öz əksini tapmamış, eyni zamanda məhkəmə tərəfindən evə baxış keçirilsə də buna düzgün qiymət verilməmişdir. Halbuki, bu göstərilənlərdən başqa bununla bağlı halları təsdiq edən şəkillərdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə və tərəflərin iştirakları ilə yerində evə baxış keşirilən zaman tikinti normaalarının pozulması, evdəki divar kağızlarının nəmişlikdən qopub yerə töküldüyü, qonşunun təsiri nəticəsində bu ziyanların yarandığı müəyyən edilmişdir. Bundan başqa da müəyyən olunmuşdur ki, cavabdehin kanalizasiya xətti onun özünün həyətindən partlamış, daşların altından sızaraq, iddiaçının evinin zirzəmisini doldurmuşdur. Cavabdeh özünəməxsus kanalizasiya xəttini iddiaçının razılığı olmadan, evdə olmadığından istifadə edərək buradan çəkib aparmışdır ki, həmin xətt də iddiaçının həyətindən çıxarılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.
15. Cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayəti qəbul etmədiyini bildirdi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
23. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
25. İddiaçı cavabdehin hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
26. Məhkəmə kollegiyası müəyyən edir ki, artıq 2017-ci ildə cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evi hazırda mövcud olan texniki göstəricilərlə mövcud olmuş, cavabdeh həmin fərdi yaşayış evi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. İddiaçı da orada qonşuluqda yaşadığından bütün bunların şahidi olmuşdur. İddiaçı iddiasını cavabdehin iddiaçının istifadəsində olan evin damından həmin evə məxsus su novunun başlanğıc yerinə sement qarışığı tökməsi, bu səbəbdən su novunun normal işləməməsi, nəticədə iddiaçıya məxsus evin divarının nəm çəkməsi ilə əsaslandırsa da, bu halları məhkəmədə sübuta yetirə bilməmişdir.
27. Kollegiya həmçinin iş üzrə verilmiş ekspert rəylərinə və digər iş materiallarına qiymət verməklə müəyyən edir ki, iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlər, ləkələr mövcud deyil. MPM-in 77.1-ci maddəsinin mənasına görə isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək iddiaçının vəzifəsidir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz və birinci instansiya məhkəməsi bu əsasla iddianı rədd etməkdə haqlı olmuşdur.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 16 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.