Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6376/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1092/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5500 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirimişdir). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1092/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3500 ABŞ dolları məbləğində pul (ödəniş gününə Aərbaycan Respublikasının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Hazırda Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünə baxılması məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək qeyd etdi ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddət ötürülmüşdür, bu səbəbdən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Hazırkı məsələ ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının fikirlərini dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək belə hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, mülki işdə olan xəbərnamədən görünür ki, cavabdeh rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsini 14 aprel 2021-ci il tarixdə rəsmi şəkildə əldə etmişdir (i/v 85). Cavabdeh tərəfindən göndərilən apellyasiya şikayətinin üzərinə vurulan “daxil olma” ştampından bəlli olur ki, şikayət 21 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, Xətai Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən 14 aprel 2021-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, onun tərəfindən apellyasiya şikayəti 21 may 2021-ci il tarixdə verildiyindən, qanunla müəyyən olunmuş 1 aylıq şikayət vermə müddəti ötürülmüş, şikayətə müddətin bərpa olunmasına dair vəsatət də əlavə edilməmişdir. Hazırkı işin materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayəti 14 may 2021-ci il tarixində “Operativ Express” kuryer firmasına təqdim edilmiş, şikayət isə məhkəməyə 21 may 2021-ci il tarixdə daxil olmuşdur. Bununla bağlı kollegiya aşağıdakıları qeyd edir. «Poçt haqqında» Azərbaycan Respublikası Qanununun (№ 714-İİQ, 29 iyun 2004-cü il) Ümumi Müddəalar adlı İ Fəslinin 1-ci maddəsində müəyyən olunmuş əsas anlayışlardan və həmin qanunun 3-cü maddəsindən müəyyən olunur ki, rabitə orqanı Azərbaycan Respublikasında poçt rabitəsini idarə edən mərkəzi icra hakimiyyəti orqanıdır, rabitə orqanı dedikdə poçt rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yaratdığı, onun tabeliyində olan və ya bilavasitə onun nəzarəti altında onun funksiyalarını yerinə yetirən rabitə təşkilat və məntəqələri başa düşülür. Həmin Qanunda kuryer xidmətinin də anlayışı verilmişdir. Qanunun 1.0.5-ci maddəsinə görə kuryer xidməti – eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılmasından ibarətdir. Bununla da «Operativ Express» və bu növ kuryer xidməti göstərən fiziki və ya hüquqi şəxslərin rabitə orqanı olmayıb, yalnız vasitəçi kimi kuryer xidmətini həyata keçirdikləri bəlli olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin prosessual müddətlərin tənzimlənməsindən bəhs edən 129.3-cü maddəsində isə apellyasiya və kasassiya şikayətlərinin verilmə müddətinin ötürülməməsinin şərti kimi, həmin şikayətlərin yalnız rabitə orqanına verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində “Operativ Express” kuryer firmasının 000928 saylı göndərişindəki qeydlərə əsasən həmin zərfin 14.05.2021-ci il tarixdə “Operativ Express”ə verilməsi, 7 (yeddi) gün müddətində, yəni 21.05.2021-ci il tarixində isə ünvan sahibinə çatdırıldığı müəyyən oldunur. Həmin göndərişin üzərindəki qeydlər hər hansı möhür və ya ştampla təsdiqlənməmişdir. Kollegiya qeyd edir ki, (2(103)-5527/2015 saylı mülki işdə olan) Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxx» MMC-nin məhkəmə baxışı zamanı tədqiq olunmuş 28.07.2015-ci il tarixli № PƏŞ 243/300 saylı məktubunda (arayış) respublikadaxili poçt göndərişlərinin nəzarət keçid müddətlərinin dəqiq günləri göstərilmişdir. Həmin arayışa əsasən şəhər və rayon mərkəzləri arasında poçt göndərişinin keçid müddəti G+1 gün müəyyən edilmişdir. Qeyd olunan arayışa əsasən poçt göndərişinin ən uzun müddəti ayrı-ayrı rayonların kəndləri arasında olan müddətdir ki, bu da G+4 gün təşkil edir. Aparılmış araşdırmalarla müəyyən olunur ki, müvafiq icra orqanın tabeliyndə olan müvafiq rabitə orqanları tərəfindən hal-hazırda Bakı şəhərinin daxilində poçt göndərişlərinin xəbərnaməli çatdırılması 2-3 (iki-üç), müstəsna hallara isə 4 (dörd) gün təşkil edir, sifarişçilər poçt göndərişlərinin bundan da tez göndərilməsini, yəni zərflərin əsasən həmin günü və ya səhəri günü çatdırılmasını istədikdə, iki və daha artıq dəfə xidmət haqqı ödəməklə, surətli kuryer xidmətindən istifadə edirlər. Kollegiya qeyd edir ki, hamıya məlum olan haldır ki, sürətli poçt xidməti üçün nəzərdə tutulan haqq «xxxx» un göstərdiyi eyni xidmətə görə aldığı haqdan dəfələrlə yüksəkdir. Bununla belə, cavabdeh apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün təyin olunmuş məhkəmə iclasına (qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir) gəlməməklə, apellyasiya şikayəti vermə müddətinin başa çatdığı gün onu şəxsən məhkəməyə təqdim etmək imkanları olduğu halda, artıq xidmət haqqı ödəməklə şikayəti surətli kuryer xidmətinə verməsinin səbəblərini aydınlaşdırmaqdan yayınmışdır. Beləliklə, o, apellyasiya şikayətini “Operativ Express” kuryer firmasına, həqiqətən də, göndərişin üzərində qeyd olunmuş tarixdə təqdim etməsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə bu halın sübut olunması onun üzərinə düşür. Bundan başqa, iş materiallarında olan cavabdeh tərəfindən “Operativ Express” kuryer firmasına təqdim olunmuş 14 may 2021-ci il tarixli zərfə qoşulan dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, cavabdeh tərəfindən dövlət rüsumu 19 may 2021-ci il tarixdə “Kapital Bank” vasitəsilə ödənilmişdir. Bu fakt, yəni cavabdeh tərəfindən “Operativ Express” kuryer firmasına təqdim olunmuş 14 may 2021-ci il tarixli zərfə 19 may 2021-ci il tarixli dövlət rüsumunun ödənilməsinə dair qəbzin qoşulması bariz şəkildə məhkəmə kollegiyasının hazırkı məsələylə bağlı mövqeyini təsdiq edir. Bununla da açıq-aşkar şəkildə müəyyən olur ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürmüş, bu faktı ört-basdır etmək üçün apellyasiya şikayətini özəl kuryer şirkəti vasitəsilə arxa tarixi (14 may 2021-ci il tarixini) göstərməklə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsində isə qeyd edilir ki, apellyasiya şikayətinin qaytarılmasına əsas olan hallardan biri də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə apellyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prossessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından (müddət ötürüldüyünə görə) qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, və 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Asif oğlunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1092/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilsin, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Xətai Rayon Məhkəməsinə qaytarılsın. Cavabdeh Asif oğluna apellyasiya şikayətinin verilməsi üçün buraxılan prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6376/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6376/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver