Məhkəmə qərarları › İş №2(103)-638/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-638/2020

15.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-638/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh qızının və onun nümayəndəsi x2 iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızından evin təmirinə xərclədiyi vəsait kimi 22000 manat, cavabdehin özünə verdiyi 4586 manat, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün 1330 manat və ödənilmiş dövlət rüsumu kimi 30 manat pulun, cəmi 27946 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, əvvəldən tanıdığı, etibarını qazanmış Cavabdeh qızının Bakı şəhəri Biləcəri qəsəbəsində “Məmmədoğulları” şirkətinin yanında, M.S.Ordubadi küçəsində tamamilə təmirsiz və nömrəsiz olan həyət evi olmuşdur. 2015-ci ilin iyul ayının əvvəlində həmin evi nisyə olaraq 40000 manata cavabdehdən satın alıb, pulunu isə evi öz pulu ilə tam təmir edib satandan sonra cavabdehə ödəyəcəyi barədə öz aralarında razılaşmışlar. Bundan sonra cavabdeh evin açarını və sənədini iddiaçıya vermişdir. Aralarındakı şifahi razılaşmaya əsasən iyulun axırında o, cavabdehdən aldığı həmin evi öz pulu ilə təmir etdirməyə başlamış, noyabr ayında evi tam təmir etdirib qurtarmışdır. Evi təmir etdirdiyi müddət ərzində cavabdeh heç yerdə işləmədiyindən pulsuz olduğunu demiş və ondan müxtəlif vaxtlarda üst-üstə 4586 manat əlbəəl pul almışdır ki, sonradan evin pulundan çıxılsın. Evin təmirinə isə iddiaçı 22000 manata yaxın pul xərcləmişdir. Belə razılaşmışlar ki, evin tez satılması üçün hər ikisi müştəri axtarsın. Buna görə də internet portallarında da evin satılması barədə elanlar vermişlər. Həmin elanlarda onların hər ikisinin əlaqə telefonları qeyd olunmuşdur. Təmir başa çatdıqdan sonra 2015-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, Cavabdeh ondan xəbərsiz evi satmışdır. Bu barədə məlumat alan kimi İlahəyə zəng etmiş, İlahə isə onu tanımadığını bildirərək polislə hədələmişdir. Cavabdeh etibardan sui-istifadə etməklə ona qarşı dələduzluq etməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, aralarındakı mübahisənin mülki xarakterli olması qeyd olunaraq cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2(001)-1532/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən evin təmirinə çəkilmiş xərcə görə 22000 manat və cavabdehə əlbəəl verdiyi 4586 manat, cəmi 26586 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Qətnamədə əsas sübutlardan biri məhkəmə iclasında şahid qismində ifadə verən iddiaçının arvadı x1 ifadəsi olmuşdur. İddiaçının həyat yoldaşı işin nəticəsində maraqlı şəxsdir və onun ifadəsi iddianın əsas sübutu kimi qəbul edilə bilməz. İddiaçının tikintidə iştirak edən şəxslərə pul ödəməsi mümkün olan bir haldır. Çünki iddiaçı onun evini təmir etmiş və cavabdehin ona ödədiyi pul vəsaitlərini fəhlələrə paylamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Biləcəri qəsəbəsində özünə məxsus olan sənədsiz həyət evini təmir etdirmək üçün tanışı İddiaçı müraciət etmiş, bu məqsədlə ona 23200 manat pul vermişdir. İddiaçı onun pulu ilə evi təmir etdirmiş, həmin pulla usta və fəhlələrin pulunu ödəmişdir. İddiaçıdan heç vaxt hər hansı məbləğdə borc pul almamışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq təmin etmişdir. Buna görə də apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Cavabdehin nümayəndəsi Zaur İbadov da apelyasiya şikayətini nüdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, o, Cavabdeh ilə həyat yoldaşı Aynur İmanovanın vasitəsilə tanış olmuşdur. 23 ildir ki, dövlət qulluğundadır və hal-hazırda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində işləyir. Cavabdeh evini təmir etdirib satmaqda məqsədi işdən əlavə vaxtlarda pul qazanmaq olmuşdur. Evin təmirini sırf öz şəxsi vəsaiti hesabına etmişdir. Cavabdeh bu məqsədlə ona hər hansı məbləğdə pul verməmişdir. Əgər Cavabdeh evi təmir etdirmək üçün pulu olsa idi, evin təmirini bu sahədə qeyri-peşəkar bir şəxs kimi ona yox, başqa şəxsə həvalə edərdi. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər də ifadələrində təmir gedən dövrdə Cavabdeh həmin evdə görmədiklərini göstərmişlər. 2012- 2015-ci illər ərzində “Unibank”, “Bank of Baku”, iddiaçı Qarri Qukalo, “Qafqaz Lizing”, “AGBank” kimi təşkilatlar Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddialar qaldırmış, iddiaların hamısı təmin olunsa da, Cavabdeh qətnamələrin heç birini icra etməmişdir. Buna görə də Binəqədi Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli qərardadı ilə onun ölkədən çıxışına qadağa qoyulmuşdur. Bu barədə Ədliyyə Nazirliyinin internet səhifəsində də məlumat vardır. Cavabdeh kifayət qədər pulu olsa idi, ən azı məhkəmə qətnamələrini icra edərdi. Göstərilənlər onu sübut edir ki, Cavabdeh təmir üçün ona guya 23200 manat pul verməsi yalandır. Məhkəmə iclaslarında Cavabdeh iştirakının təmin olunmaması barədə göstərdikləri də həqiqətə uyğun deyil. Belə ki, onun ünvanına dəfələrlə məhkəmə bildirişləri göndərilmiş, hətta məhkəmə iclas zalında onunla telefon əlaqəsi saxlanılarkən məhkəmədə iştirak edəcəyini bildirsə də, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh hazırkı apelyasiya şikayətini verməkdə məqsədi sadəcə olaraq icra prosesini uzatmaqdır. Buna görə də məhkəmədən apelyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2(001)- 1532/2018 saylı qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşdə olan sübutlardan görünür ki, tərəflər arasında olan razılığa əsasən cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 87,1 kv.m sahəyə malik yaşayış evini iddiaçı təmir etdirərək satmalı, birgə qazanc əldə etməli idilər. İddiaçı evi təmir etdirmiş, 22000 manat təmir xərclərini özü çəkmiş, lakin təmir başa çatdıqdan sonra cavabdeh aralarındakı öhdəliyə əməl etməmiş, iddiaçının çəkdiyi xərclərin əvəzini ödəməmişdir. Tərəflər arasında yaranmış mülki mübahisənin faktiki xarakterindən göründüyü kimi iddiaçı cavabdehə məxsus evin təmiri üçün 22000 manat xərc çəkmişdir. Onlar arasında yaranmış münasibət əsassız varlanmadan irəli gələn öhdəlikdir. Cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 87,1 kv.m sahəyə malik yaşayış evinin iddiaçı tərəfindən təmir etdirilməsi iş materiallarında olan şahid ifadələri, qaimə-fakturalar və digər sənədlərlə təsdiq olunmaqla yanaşı, cavabdeh tərəfindən də etiraf olunan işin mübahisə edilməyən halıdır. Yaşayış evinin təmirinə çəkilmiş xərclərin dəyərini müəyyənlşdirmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə və bir neçə dəfə ekspertiza keçirilməsi üçün yerində baxış təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfin təqsiri üzündən ekspertizanın keçirilməsi baş tutmamış, son nəticədə məhkəmə ekspertizası keçirilməsindən imtina olunmuşdur. Sonradan evin təmir xərclərinin qiymətləndirilməsi bu sahədə ixtisaslaşmış “xxxxxxx” MMC-yə həvalə olunmuş, həmin qiymətləndirmə şirkətinin 31 may 2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 87,1 kv.m sahəyə malik yaşayış evinin 31 may 2018-ci il tarixinə hesablanmış təmir xərci 26275 manat müəyyən edilmişdir. İddiaçı təmir xərcinin əvəzi kimi 22000 manat pulun cavabdehdən tutulub ona ödənilməsini tələb etdiyinə görə birinci instansiya məhkəməsi iddianı həmin hissədə iddia tələbi həcmində, yəni 22000 manat məbləğində təmin etmişdir. Cavabdeh evin təmiri üçün iddiaçıya 23200 manat məbləğində pul verməsini bildirsə də, bu barədə məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təmir xərclərinin əvəzi kimi 22000 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. İddiaçının cavabdehə verdiyi 4586 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan həmin məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edən yeganə sübut işin 10-cu vərəqində olan və müxtəlif rəqəmlərin və yekunda toplama yolu ilə 4586 rəqəminin qeyd olunduğu əlyazmadır. Həmin əlyazmadan cavabdehin iddiaçıya həqiqətən 4586 manat məbləğində pul borclu olması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas olmadığına görə məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə ləğv olunmaqla həmin hissədə iddia rədd olunmalıdır. İş materiallarından görünür ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə bildirişlər göndərilmiş, bildirişlərdən bir neçəsini cavabdeh məhkəmədə imzalayaraq götürmüşdür. Buna görə də məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaması barədə cavabdehin apelyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh qızının apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2(001)-1532/2018 saylı qətnaməsi qismən, yəni Cavabdeh qızından cavabdehə pul şəklində verilmiş 4586 (dörd min beş yüz səksən altı) manat pulun tutularaq İddiaçı verilməsi hissəsində ləğv olunsun. Həmin hissədə iddia rədd edilsin. İddia qismən təmin edilsin. Cavabdeh qızından evin təmirinə çəkilmiş xərcə görə 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh qızından tutularaq İddiaçı ödənilsin, qalan 10 manat pul iddiaçının özünə aid edilsin. İş üzrə ekspertiza xərci olan 50 manat pul cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar