Məhkəmə qərarları › İş №2(103)-6385/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6385/2021

12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6385/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Yasamal Rayon İcra Şöbəsinə qarşı “kompensasiya tələbinə dair” 2(004)-169/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Yasamal Rayon İcra Şöbəsinə qarşı “kompensasiya tələbinə dair” iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq 160000 ABŞ dollarının illik beş faizi olaraq üç illik müddət (2016-cı ilin avqust ayından 2019-cu ilin avqust ayına olan müddət) nəzərə alınmaqla 24000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manata məzənnəsi ilə və məcburi icra tədbiri olaraq borc könüllü ödənilmədiyindən borcluların adına olan üzərinə həbs qoyulmuş 5 ədəd əmlakın "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilməsinə 2100 manat, hərracdan alınan avtomobilin hərrac xərcləri olan 1250 manat, avtomobilin açarları və idarəetmə aparatı (pultu) ona verilmədiyi üçün onların yenisinin hazırlanmasına 324 manat, borc əvəzi təqdim olunmuş iki ədəd xalçanın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə ödədiyi cəmi 800 manat olmaqla ümumilikdə 4474 manat pulun və 30 manat dövlət rüsumu əvəzinin cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə aralarında olmuş razılaşma əsasında, ümumi dəyəri 160000 ABŞ dolları məbləğində olan ona məxsus əşyalar (xalçaları) 2016-cı ilin yanvar ayında qısa müddətə cavabdehlərin saxlancına verilib. Həmin ilin avqust ayında əşyalar geri tələb olunanda, cavabdehlər onları qaytarmaqdan imtina etmişlər. Ona görə də cavabdehlərə qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi vermiş, həmin mübahisəli məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.09.2018-ci il tarixli, 2(102)-6282 saylı qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin 25.04.2018-ci il tarixli, 2(103)-2947/2018 saylı qətnaməsi ilə cavabdehlərdən, ümumi dəyəri 160.000 ABŞ-dolları məbləğində olan əşyaların alınıb ona verilməsi, həmin əşyaların naturada qaytarılması mümkün olmadığı təqdirdə də onların (əşyaların) dəyəri olaraq 160000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlər ona məxsus əmlakları öz məqsədləri üçün istifadə etdiklərindən və həmin əşyalar artıq mövcud olmadığından məhkəmə qətnaməsi ilə həmin əşyaların dəyərlərini ona ödəməli olmuşlar. Lakin cavabdehlər məhkəmə qətnaməsinin tələbini də könüllü icra etməkdən boyun qaçırmışlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada 90 (doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsinin İddiaçı aid edilməsi, qalan 20 (iyirmi) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu göstərərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Yasamal rayon İcra şöbəsinin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdeh Yasamal rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmayan “qətnamənin icrası üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı 4474 manat xərcin tutulması” hissəsində ləğv edilməli və iddianın həmin hissədə təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 25.04.2018-ci il tarixli, 2(103)-2947/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29.12.2016-cı il tarixli, 2(004)-15537/2016 saylı qətnaməsi “ilkin iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, İddiaçı ilkin iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 ədəd çemodanda olan xalçalar, 13 ədəd açıqda olan xalçalar, 7 ədəd əl işi suvenir xalçalar, 1 ədəd “X1 xanım ilə” portreti olan xalça, 1 ədəd “X2”in portreti olan xalça, 1 ədəd “Ziya Məmmədov”un portreti olan xalça, 1 ədəd “Telman İsmayılov”un portreti olan xalça, 1 ədəd “Araz Ağalarov”un portreti olan xalça, cəmi 160000 ABŞ dolları məbləğində olan xalçalar alınaraq İddiaçı verilməsi, həmin xalçaların naturada verilməsi mümkün olmadıqda onların dəyəri olaraq 160000 ABŞ dolları (Ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli, 2(102)-6282/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25.04.2018-ci il tarixli, 2(103)-2947/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamə 12.09.2018-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 13.04.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə tələb təmin edildiyi üçün icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə iddianın təmin olunmayan “qətnamənin icrası üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı 4474 manat xərcin tutulması” hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iddianın “qətnamənin icrası üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı 4474 manat pulun tutulması” hissəsində təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı tələb etdiyi 4474 manat məbləğində pul qanunvericiliyin tələbinə görə icra məmurunun müvafiq qərarına əsasən həyata keçirilir. Həmçinin borclu və tələbkar icra məmurunun xərclərin tutulması barədə qərarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. İddiaçı icra hərəkətləri ilə bağlı xərclərin tutulması barədə icra məmurunun hər hansı bir qərarını mübahisəndirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razı deyildir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 80.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tələbkar icra qurumunun depozit hesabına avans köçürə bilər. Həmin Qanunun 80.3-cü maddəsinə əsasən icra hərəkətləri başa çatdıqda, avans bütövlükdə tələbkara qaytarılır. Bu Qanunun 23.1.2-23.1.5-ci maddələrinə uyğun olaraq icra sənədi qaytarıldıqda, avansın icra hərəkətlərinin həyata keçirilməsinə sərf olunan xərclərdən artıq hissəsi tələbkara qaytarılır. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Həmin Qanunun 81.2-ci maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər dövlət büdcəsi hesabına ödənilir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən tərəflər bu Qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi icra haqqında qanunvericiliyin müddəalarını düzgün tətbiq etməyərək tələbkarın çəkdiyi xərcin icra məmurunun qərarı olmadan borcludan tələb edə bilməməsi barədə yalnış qənaətə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən icra sənədinin icrası zamanı borcluların adına olan üzərinə həbs qoyulmuş 5 ədəd əmlakın "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilməsinə 2100 manat, hərracdan alınan avtomobilin hərrac xərci olaraq 1250 manat, avtomobilin açarlarının və idarəetmə aparatının (pultun) yenisinin hazırlanmasına 324 manat, borc əvəzi təqdim olunmuş iki ədəd xalçanın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə 800 manat, ümumilikdə 4474 manat xərc sərf etmişdir. Belə olduğu halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı “qətnamənin icrası üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı 4474 manat xərcin tutulması” hissəsində rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, kollegiyanın gəldiyi qənaətə görə, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcin tutulmasının təmin olunmaması hissəsində ləğv edilərək, iddia həmin hissədə təmin olunmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası, iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq 160000 ABŞ dollarının illik beş faizi olaraq üç illik müddət (2016-cı ilin avqust ayından 2019-cu ilin avqust ayına olan müddət) nəzərə alınmaqla 24000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manata məzənnəsi ilə tutulmasına dair hissəsində tam təmin edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin təqdim etdiyi icra işi materiallarından görünür ki, cavabdehlər icra sənədinin icrasından boyun qaçırmamış, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 13.04.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə tələb təmin edildiyi üçün icra icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcin tutulmasının təmin olunmaması hissəsində ləğv edilərək, iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(004)-169/2021 saylı qətnaməsi iddianın təmin olunmayan “qətnamənin icrası üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı 4474 manat xərcin tutulması” hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icrası üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərc kimi ödənilmiş 4474 (dörd min dörd yüz yetmiş dörd) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə İddiaçı apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar