Məhkəmə qərarları › İş №2(103)-6388/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6388/2024

11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6388/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi (əri) X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(005)-1109/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh1 mülkiyyətində olan “Toyota Camry” markalı, ** NN *** dövlət nömrə nişanlı avtomobili idarə etmək səlahiyyətini etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir. 2.Cavabdeh2 idarə etdiyi “Toyota Camry” markalı, ** NN *** dövlət nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı idarə etdiyi və mülkiyyətində olan “Mercedes Benz EQC 400” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurulmuş maddi ziyana görə 7652 manat, 200 manat hüquqi xidmət və 99 manat ödənilmiş dövlət rüsumu və bank xidməti olmaqla, cəmi 8000 manat məbləğin müştərək qaydada alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. Avtomobil ailənin birgə istifadəsində olmaqla, etibarnamə əsasında həyat yoldaşı X4 tərəfindən də idarə edilir. Yoldaşı avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi ilə hərəkət zamanı, ötmə qaydalarını pozan “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil, ona məxsus avtomobilə çırpılaraq, sol qabaq hisəsini zədələmişdir. Yol qəza hadisəsi törətmiş “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən, sürücü Cavabdeh2 olmuşdur. Həmin avtomobilin mülkiyyətçisi isə digər Cavabdeh1dur. Baş vermiş hadisə nəticəsində avtomobilinin ön sol fara, kranşteyn və deffek aktında qeyd olunan digər ehtiyyat hissələri sıradan çıxmışdır. Avtomobili təmir edilib ilkin vəziyyətinə gətirilməsi üçün 12652 manat vəsait sərf edilmişdir. Dəymiş 12652 manat məbləğində ziyanın, 5000 manat hissəsi icbari sığorta tərəfi həyata keçirir, yerdə qalan 7652 manat hissəsi isə qəzanı törətməklə mülki pozuntuya (deliktə) yol verən tərəf ödəməlidir. Lakin cavabdehlər vurulmuş ziyanı onlara düşən hissəsini ödəməkdən boyun qaçırırlar. 5.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 18 sentyabr 2024-cü il tarixli, 2(005)-1109/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ramin Quliyev) iddia qismən təmin edilərək maddi zərərə görə 4663 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 99 manatın 61,3 manatı Cavabdeh2dan tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 19 manatının İddiaçı, 31 manatının isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan: 6.Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qabaq hissədən zədə almışdır. 7."xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, Z310/00346 nömrəli qüsur aktından görünür ki, “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 12297,24 manat məbləğində ziyan dəymişdir. 8."xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, A310/00704 nömrəli İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin elektron diaqnostika olunması və ön bamperin və zədə alan detalların baxışına 354,79 manat qiymət müəyyən edilmişdir. 9.Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** qeydiyyat nömrəli avtomobil İddiaçı mülkiyyətindədir.

10. xx.xx.2023-cü il tarixli Etibarnamənin surətindən görünür ki, “etibar edən” Cavabdeh1 mülkiyyətində olan “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək səlahiyyətini “etibar edilən” Cavabdeh2 etibar etmişdir. Etibarnamə 09 il 06 ay 23 gün müddətinə verilmiş və xx.xx.2033-cü il tarixədək qüvvədə olmuşdur. 11.Fiziki şəxs “X7” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Mercedes- Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 10425 manat məbləğində ziyan dəymişdir. 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2478 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10425 manat, aşınma tətbiq etməklə 9663 manat müəyyən edilmişdir. 13.Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Dəymiş zərərin bir hissəsi siğorta şirkəti tərəfindən qarşılanmışdır. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş və sığorta tərəfindən ödənilməmiş maddi zərər əvəzini cavabdehlərdən tələb etmişdir. 14.Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. 15.Məhkəmə iddia tələbinin digər Cavabdeh1 pulun tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2dur. 16.Belə ki, digər Cavabdeh1 tərəfindən “Toyota Camry” markalı, **-NN-*** markalı avtonəqliyyat vasitəsini idarə etmək hüququ etibarnamə əsasında Cavabdeh2 verilmişdir. Yəni, Cavabdeh2 qanuni əsaslarla sözügedən avtomobilə sahiblik etmişdir. İş materiallarından da göründüyü kimi, hadisə baş verən vaxt Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu səbəbdən də onun barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə tənbeh tətbiq edilmişdir. Beləliklə, Cavabdeh1 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır, iddia tələbi ona aid hissədə rədd edilməlidir. 17.Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. 18.Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. 19.Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. 20.Belə ki, İnzibati xəta haqqında protokoldan və digər iş materiallarından da göründüyü kimi, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. 21.Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyində tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10425 manat, aşınma tətbiq etməklə 9663 manat müəyyən edilmişdir. Məhkəmə dəyişməli hissələrin qiyməti aşınma tətbiq etməklə 9663 manatı əsas götürülməsini daha məqsədəmüvafiq hesab etmişdir. 22.Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. 23.Məhkəmə qeyd etmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. 24.Məhkəmə iddiaçının avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 9663 manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını və həmçinin həmin məbləğin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, (9663 manatdan sığorta tərəfindən ödənilmiş 5000 manat çıxılaraq, qalan 4663 manat) dəymiş maddi ziyana görə Cavabdeh2 4663 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. 25.Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatı və elektron kabinet vasitəsi ilə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli qüsur aktı və digər sənədlərlə bağlı qeyd etmişdir ki, sığorta şirkətinin sifarişi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı iş üzrə mötəbər subtut hesab edilə bilməz. Belə ki, əvvəla sığorta şirkəti dəymiş zərəri ödəyən təşkilat olduğundan zərərin minimum olmasında maraqlıdır. Həmçinin qüsur aktları müqayisəli şəkildə tədqiq edildikdə görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş qüsur aktında göstərilən ehtiyyat hissələrinin bir çoxu xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilməmiş və həmin ehtiyyat hissələri vizual baxışla görünən ehtiyyat hissələri deyildir (məsələn – qoruyucu üzlük (mühərrik altı), radiator barmaqlığı və sair). 26.Məhkəmə hesab etmişdir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat pulun cavabdehdən tutulması hissələrində də iddia tələbi əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 200 manat pulun ağlabatan məbləğ olduğunu və Cavabdeh2 öhdəliyin icra edilməməsi nəticəsində iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. 27.Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 99 manatın 61,3 manatı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 19 manatı iddiaçıdan, 31 manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1108.1; 1108.2; 1108.3; 1115; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1, 119.1, 107, 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

29.Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə zərəri müəyyən edərkən ekspert rəyinə istinad etmişdir. İş üzrə verilmiş ekspert rəyini əsassız hesab edir. Belə ki, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna görə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Lakin 1) ekpsert tərəflərə məlumat vermədən və avtomobilə baxış keçirmədən rəy vermişdir. Həmçinin 2) ekspert qüsur aktını olduğu kimi (heç bir manat belə fərqlənmədən) rəyə köçürərək nəticəyə gəlmişdir. Bu da onu deməyə əsas verir ki, ekspert heç bir tədqiqat aparmamışdır. Digər tərəfdən 3) ekpsert avtomobilin dəyişən hissələrinə amortizasiyası aşınmasını düzgün tətbiq etməmişdir. Çünki avtomobilin istehsal ili 2022-ci il, təmir olunma vaxtı isə 2024-cü ildir. Belə olan halda amortizasiya aşınması 2 ilə görə yox, 3 ilə görə hesablanmalı idi. 4) Ekspertin istinad etdiyi metodik vəsaitin də mötəbər olub-olmaması şübhəlidir. Çünki bu sahədə apardıqları araşdırmada belə bir metodik vəsaitə rast gəlinmədi. Bu halı aradan qaldırmağın yolu həmin metodik vəsaiti rəyə əlavə etmək idi ki, bu halda hesablamanın düzgün aparılıb-aparılmamasını müəyyən etmək olardı.5) Ekspert rəyinin nəticə hissəsində ümumiyyətlə başqa avtomobil barədə məlumatlar qeyd edilmişdir ki, o avtomobilin bu işə heç bir aidiyyatı yoxdur. Ən əsas məsələ isə ondan ibarətdir ki, sığorta şirkətinə verdikləri sorğu əsasında əldə etdikləri məlumata əsasən xx.xx.2023-cü il tarixdə, yəni hadisədən 2 gün sonra sığorta şirkətinin sifarişi əsasına tərtib olunan qüsur aktından görünür ki, avtomobilə dəymiş zərər 5740 manat təşkil edir. Ekspertin istinad etdiyi qüsur aktı isə hadisədən 3 ay sonra tərtib edilmişdir. Maraqlısı odur ki, həmin tarixdə avtomobil artıq təmir edilmişdi. Yəni iddiaçı təmirini həyata keçirdiyi servisdən deyil, başqa bir fiziki şəxsdən şişirdilmiş qüsur aktı alaraq əsassız varlanmağa cəhd edir. Biz hesab edirik ki, hadisədən dərhal sonra tərtib edilmiş qüsur aktı real vəziyyəti əks etdirir. Bütün bu halları nəzərə alaraq ekspert rəyi məhkəməyə daxil olduqdan sonra dəfələrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlərinə məhkəmə heç bir reaksiya verməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində pozuntulara yol verərək düzgün olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 31.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32.Məhkmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayəti müdafiə etdi, onun təmin edilməsini xahiş etdi. 33.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 34.Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 35.Maddə 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 36.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 37.Maddə 1096.1-ci və 1096.2.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 38.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 39.Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 40.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 43.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 44.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 46.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki İddiaçı qətnaməni iddianın rədd olunan hissədə mübahisələndirməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47.Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(005)-1109/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 48.Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Dəymiş zərərin bir hissəsi siğorta şirkəti tərəfindən qarşılanmışdır. 49.Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərtlər mövcuddur və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. 50.Kollegiya zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə də razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir.

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2478 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10425 manat, aşınma tətbiq etməklə 9663 manat müəyyən edilmişdir. 52.Göründüyü kimi cavabdeh zərərin məbləği ilə razılaşmadığından ekspertiza təyin edilərək rəy alınmışdır. 53.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 54.Məhkəmə kollegiyası avtomobilə dəymiş zərərlə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ekspert rəyinin qeyri-mötəbər sübut hesab etməsinə əsaslansa da, bu hal məhkəmənin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, ekspert tərəfindən rəy tərtib edilərkən rəydə qüsur aktı və ehtiyat hissələrinin köhnəlməsi nəzərə alınmışdır. Cavabdeh isə məhkəməyə həmin rəyin qeyri-mötəbərliyini təsdiq edəcək hər hansı sübutu və ya iddiaçıya məxsus avtomobilin zərər dəymiş hissələrinin düzgün qeyd olunmadığı, bu əsasla zərər məbləğinin düzgün hesablanmadığı barədə hər hansı sübutu təqdim edə bilməmişdir. 55.Kollegiya cavabdehin sığorta şirkətinin sifarişi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktının mötəbər sübut kimi qəbul edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, əvvəla sığorta şirkəti dəymiş zərəri ödəyən təşkilat olduğundan zərərin minimum olmasında maraqlıdır. Həmçinin qüsur aktları müqayisəli şəkildə tədqiq edildikdə görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş qüsur aktında göstərilən ehtiyyat hissələrinin bir çoxu xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilməmiş və həmin ehtiyyat hissələri vizual baxışla görünən ehtiyyat hissələri deyildir (məsələn – qoruyucu üzlük (mühərrik altı), radiator barmaqlığı və sair). 56.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, işdə olan qüsur aktı və ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim olunmadığından, cavabdehin yenidən ekspertiza keçirilməsi ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. 57.Həmçinin kollegiya hesab edir ki, məhkəmə xərcləri birinci instansiya məhkəməsi tərəfindən Prosessual Qanunvericiliyin tələblərinə uyğun həll olunmuşdür. 58.Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 59.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 60.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 61.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 62.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 63.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(005)-1109/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar