Məhkəmə qərarları › İş №2(103)-6390/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6390/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6390/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətinə qarşı “əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icarə müqaviləsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətinə qarşı Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəx qismində cəlb edilməklə “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)- 2467/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 25 sentyabr 2009-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənyə əsasən "xxxx" ASC ilə X4 arasında daşınmaz əmlakın icarəsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən X4 mülkiyyətindəki Bərdə şəhəri, Nizami küçəsi, 05№-li qeyri-yaşayış binasının 223,3 kv.m sahəsi olan birinci mərtəbəsini icarəçiyə uzun müddətli icarəyə vermişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə icarə haqqını hər ay üçün 1.396 manat müəyyən etmişlər. Müqavilənin 3.3-cü bəndinə əsasən icarənin müddəti 5 il müəyyən edilir. Müddətin bitməsinə bir ay qalmış tərəflərin birinin və ya hər ikisinin müqaviləyə xitam verilməsi barədə təşəbbüsü olmasa, bu icarə müqavilsi eyni müddətə uzadılmış hesab edilir.

2. 30 yanvar 2014-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə X4 arasında icarə müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən icarəyə verən X4 mülkiyyətindəki Bərdə şəhəri, Nizami küçəsi, 105№li qeyri-yaşayış binasının 223,3 kv.m sahəsi olan birinci mərtəbəsini icarəçiyə uzun müddətli icarəyə vermişdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə icarə haqqını hər ay üçün 2.675 manat məbləğində müəyyən etmişlər.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilən 01 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-nin Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən **********1-40001 obyekt kodlu filialı xx.xx.2010-cu il tarixdə vergi uçotuna alınmışdır. Həmçinin, hazırki dövrədək sözügedən filialın ləğv edilməsi və uçotdan çıxarılmasına dair dövlət vergi orqanlarına hər hansı müraciət daxil olmamışdır.

4. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli, 2-1(81)-3618/2016 saylı qərarına əsasən məcburi ləğv prosesində olan "xxxx" ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilmişdir.

5. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2-1(81)-3618/2016 saylı qərardadına əsasən "xxxx" ASC-nin məcburi ləğv prosesinin dayandırılması, ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinə xitam verilmiş, məcburi ləğv prosesinin dayandırılması ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondu ilə yenidən təşkil olunmaqla yaradılan və "xxxx" ASCnin hüquqi varisi olan bank olmayan kredit təşkilatının səhmdarları arasında təhvil təslim prosesinə başlanılmışdır.

6. X4 22 aprel 2019-cu il tarixdə ölmüş, onun vərəsələri kimi arvadı İddiaçı və 2009-cu ildə doğulmuş X5 tanınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətinə qarşı “əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hüquqi şəxsin çevrilməsi yolu ilə yenidən təşkil olunmuş "xxxx" BOKT ASC-nin varisi olduğu "xxxx" ASC ilə mərhum əri X4 arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli, "Qeyri-yaşayış sahəsinin icarəsi haqqında" müqaviləyə əsasən Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki 223.3 kv. metr qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 2.675 (iki min altı yüz yetmiş beş) manat, vergilər çıxıldıqdan sonra 2300 (iki min üç yüz) manat məbləğində olmaqla "xxxx" ASC-yə uzun müddətli icarəsinə verilmişdir. İstinad edilən müqavilənin 3.10-cu bəndinə əsasən yuxarıda göstərilən müqavilə 2014-cü ilin fevral ayının 1-dən qüvvəyə minməklə, bu müqavilənin qüvvəyə minməsi ilə əvvəlki, yəni 25 sentyabr 2009-cu il tarixli müqavilə və ona edilmiş əlavə və dəyişikliklər qüvvədən düşmüş hesab edilmişdir. Qeyd etmək zəruri hesab edilmişdir ki, yuxarıda göstərilən 25 sentyabr 2009-cu il tarixli icarə müqaviləsinə əsasən icarədar bank "Vergi ödəyicilərinin uçotu“nu ehtiva edən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü maddəsinin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin "Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən **********-40001 obyekt kodlu filialı xx.xx.2010-cu il tarixdə təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınmışdır. Yuxarıda göstərilən məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə verilmiş müvafiq sorğu əsasında əldə olunmuşdur. Belə ki, sözügedən sorğuya qeyd olunan Baş İdarə tərəfindən verilən 02 noyabr 2022-ci il tarixli, **********9133 nömrəli cavabda həmçinin göstərilmişdir ki, uçotbaza məlumatlarına əsasən "xxxx" ASC-nin filialı yuxarıda göstərilən ünvanda xx.xx.2010-cu ildən vergi uçotuna alınmışdır. Lakin, hazırki dövrədək sözügedən filialın ləğv edilməsi və uçotdan çıxarılmasına dair vergi orqanına "xxxx" ASC (və ya onun varisi "xxxx" BOKT ASC) tərəfindən hər hansı bir müraciət daxil olmamışdır. Qeyd edilir ki, iddiaçı tərəfindən 25 oktyabr 2022-ci il tarixli məktubla yuxarıda göstərilən xüsusatlara istinad olunmaqla cavabdeh ASC-yə müraciət olunaraq hüquqi varisi olduğu "xxxx" ASC-nin filialının ünvan 1 ünvandan uçotdan çıxarılması üçün aidiyyəti vergi orqanına müraciət edilməsinin təmin edilməsi ilə yanaşı, həmin filialın uçotdan çıxarıldığı gündən hazırki vaxtadək iddiaçıya hər ay üzrə ödənilməyən aylıq icarə haqqı məbləğində (aylıq 2.675 manat olmaqla), vergilər çıxıldıqdan sonra 2300 (iki min üç yüz) manat məbləğində zərərin əvəzinin ödənilməsinin təmin olunması xahiş olunmuşdur. Lakin, keçən müddət ərzində cavabdeh yuxarıda göstərilən müraciətini cavablandırmamışdır. Hazırki vaxtadək "Para Bank” ASC-nin filialı ünvan 1 ünvan üzrə uçotdadır. Bir vergi ödəyicisinin uçotda olduğu sahənin uçotu ləğv edilmədən digər şəxsə icarəyə verilməsi mümkünsüzdür. Cavabdeh Cəmiyyət filialını hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsindən olduğu yer üzrə uçotdan hazırki vaxtadək çıxarılmamaqla və bununla da həmin sahənin digər şəxslərə icarəyə verilməsini mümkünsüz etməklə yanaşı 2017-ci ildən bugünədək hər ay üzrə ödəməli olduğu vergilər çıxıldıqdan sonra 2300 (iki min üç yüz) manat məbləğində icarə haqqının ödənilməsini də təmin etməmişdir. Qeyd edilməlidir ki, cavabdeh yuxarıda göstərilən hərəkətsizliyi hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə (şəxslərə) icarəyə verilməsini mümkünsüz etməklə hər ay üzrə iddiaçıya vergilər çıxıldıqdan sonra 2300 (iki min üç yüz) manat məbləğində əldən çıxmış fayda şəklində ziyan vurulmuşdur. Odur ki, hazırki iddia ilə cavabdeh “Para Bank" ASC-nin varisi Cavabdeh BOKT ASC-yə qarşı iddia irəli sürməkdə haqlıdır və bu haqlı iddiası məhkəmə tərəfindən təmin edilməlidir. Hesab edir ki, cavabdeh "Para Bank”’ ASC-dən iddiaçının xeyrinə əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq son üç il ərzində 36 ay x 2300 manat = 82.800 (səksən iki min səkkiz yüz) manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh BOKT ASC-dən iddiaçının xeyrinə əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq 82.800 (səksən iki min səkkiz yüz) manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

9. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2467/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətinə qarşı “əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin materiallarından görünür ki, həqiqətən də "xxxx" ASC-nin Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən **********1-40001 obyekt kodlu filialı xx.xx.2010-cu il tarixdə vergi uçotuna alınmışdır. Həmçinin, hazırki dövrədək sözügedən filialın ləğv edilməsi və uçotdan çıxarılmasına dair dövlət vergi orqanlarına hər hansı müraciət daxil olmamışdır. İddiaçı hazırki dövrədək sözügedən filialın ləğv edilməsi və uçotdan çıxarılmasına dair vergi orqanına "xxxx" ASC (və ya onun varisi "xxxx" BOKT ASC) tərəfindən hər hansı bir müraciət daxil olmamasına əsaslansa da, məhkəmə hesab edir ki, vergi ödəyicisinin olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız uçota alınmış vergi ödəyicisinin müraciəti əsasında aidiyyəti vergi orqanı tərəfindən həyata keçirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri ilə tənzimlənməsinə baxmayaraq iddiaçının əri mərhum X4 xx.xx.2017-ci il tarixdən və onun vəfatından sonra qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmuş iddiaçı həmin sahəni icarəyə vermək niyyətlərində olmalarına, lakin cavabdehin vergi ödəyicisi kimi qeydiyyatda qalması səbəbindən qeyri-yaşayış sahəsini icarəyə verə bilməmələrinə, beləliklə də, icarə əsasında əldə edə biləcəklərindən məhrum olunmalarına dair hər hansı konkret sübut növləri təqdim etməmişlər. Məhkəmə hesab etmişdir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, "xxxx" ASC-nin filialının ünvan 1 ünvandan uçotdan çıxarılması üçün aidiyyəti vergi orqanına müraciət edilməməsi faktı olduğu halda iddiaçı tərəfindən onun qeydiyyatdan çıxarılması ilə bağlı mübahisə yaranmasını nəzərə alaraq bunu cavabdehdən rəsmi məktubla müraciət etmək qaydasında təmin edilməsini xahiş etsə də, onun hərəkət və ya hərəkətsizliyi ilə bağlı məhkəmə mübahisəsi başlamayaraq, hazırki iddiası üzrə "Para Bank”’ ASC-dən əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq son üç il ərzində aylıq icarə haqqı 2300 manat olmaqla 82.800 (səksən iki min səkkiz yüz) manat məbləğində pul tələbi əsaslı sayıla bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 80, 106.1, 217.3, 217.4, 218.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2467/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, hüquqi şəxsin çevrilməsi yolu ilə yenidən təşkil olunmuş "xxxx" BOKT ASC-nin varisi odluğu "xxxx" ASC-nin İdarə heyətinin sədrinin birinci müavini X11 ilə ünvan 2 ünvanda yaşamış, iddiaçının mərhum əri X4 arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli, "Qeyri-yaşayış sahəsinin icarəsi haqqında" müqaviləyə əsasən varisi olduğu mərhum əri X2 mülkiyyətində olan Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-cimərtəbəsindəki 223.3 kv. metr qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 2.675 manat, vergilər çıxıldıqdan sonra 2300 manat məbləğində olmaqla "xxxx" ASC-yə uzun müddətli icarəsinə verilmişdir. İstinad edilən müqavilənin 3.10-cu bəndinə əsasən yuxarıda göstərilən müqavilə 2014-cü ilin fevral ayının 1-dən qüvvəyə minməklə, bu müqavilənin qüvvəyə minməsi ilə əvvəlki, yəni 25 sentyabr 2009-cu il tarixli müqavilə və ona edilmiş əlavə və dəyişikliklər qüvvədən düşmüş hesab edilmişdir. Qeyd etmək zəruri hesab edilmişdir ki, yuxarıda göstərilən 25 sentyabr 2009-cu il tarixli icarə müqaviləsinə əsasən icarədar bank "Vergi ödəvicilərinin uçotu“nu ehtiva edən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü maddəsinin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin "Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən **********-40001 obyekt kodlu filialı xx.xx.2010-cu il tarixdə təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınmışdır. Yuxarıda göstərilən məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə verilmiş müvafiq sorğu əsasında əldə olunmuşdur. Belə ki, sözügedən sorğuya qeyd olunan Baş İdarə tərəfindən verilən 02 noyabr 2022-ci il tarixli, **********9133 nömrəli cavabda həmçinin göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən "xxxx" ASC-nin filialı yuxarıda göstərilən ünvanda xx.xx.2010-cu ildən vergi uçotuna alınmışdır. Lakin, hazırki dövrədək sözügedən filialın ləğv edilməsi və uçotdan çıxarılmasına dair vergi orqanına "xxxx"ASC (və ya onun varisi"xxxx" BOKT ASC) tərəfindən hər hansı bir müraciət daxil olmamışdır. Qeyd edilir ki, iddiaçı tərəfindən 25 oktyabr 2022-ci il tarixli məktubla yuxarıda göstərilən xüsusatlara istinad olunmaqla cavabdeh ASC-yə müraciət olunaraq hüquqi varisi olduğu "xxxx"ASC-nin filiaılnın ünvan 1 ünvandan uçotdan çıxarılması üçün aidiyyəti vergi orqanına müraciət edilməsinin təmin edilməs iilə yanaşı, həmin filialın uçotdan çıxarıldığı gündən hazırki vaxtadək iddiaçıya hər ay üzrə ödənilməyən aylıq icarə haqqı məbləğində (aylıq 2.675 manat olmaqla), vergilər çıxıldıqdan sonra 2300 (iki min üç yüz) manat məbləğində zərərin əvəzinin ödənilməsinin təmin olunması xahiş olunmuşdur. Lakin, keçən müddət ərzində cavabdeh yuxarıda göstərilən müraciətini cavablandırmamışdır. Qeyd edir ki, vergi ödəyicilərinin (o cümlədən filialların) təsərrüfat subyekti (obyekti) olaraq vergi orqanlarında uçotunun aparılması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü, eləcə də Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2013-cü il tarixli, **********206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalarla tənzimlənir. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə görə vergi ödəyicisinin olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız uçota alınmış vergi ödəyicisinin müraciəti əsasında aidiyyəti vergi orqanı tərəfindən həyata keçirilir. Olduğu yer üzrə uçota alınmış vergi ödəyicisinin uçotdan çıxmaması həmin obyektin digər şəxslərə icarəyə verilməsini mümkünsüz edir. Yuxarıda göstərilən müvafiq müraciət əsasında Dövlət Vergi Xidmətinin İİ saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesab məktubunda göstərilənlərdən mübahisəsiz qaydada müəyyən edilir ki, mərhum əri Y.İ.Səfərəliyevin mülkiyyətində olan qeyri-yaşayış sahəsində uçota alınmış "ParaBank” ASC-nin filialının uçotdan çıxarılması üçün vergi orqanına hər hansı müraciət olunmamış və bu səbəbdən də hazırki vaxtadək "Para Bank” ASC-nin filiaıl ünvan 1 ünvan üzrə uçotdadır. Bir vergi ödəyicisinin uçotda olduğu sahənin uçotu ləğv edilmədən digər şəxsə icarəyə verilməsi mümkünsüzdür. Cavabdeh Cəmiyyət filialını hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsindən olduğu yer üzrə uçotdan hazırki vaxtadək çıxarılmamaqla və bununla da həmin sahənin digər şəxslərə icarəyə verilməsini mümkünsüz etməklə yanaşı 2017-ci ildən bugünədək hər ay üzrə ödəməli olduğu vergilə çıxıldıqdan sonra 2300 manat məbləğində icarə haqqının ödənilməsini də təmin etməmişdir. Qeyd edilməlidir ki, cavabdeh yuxarıda göstərilən hərəkətsizliyi hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə (şəxslərə) icarəyə verilməsini mümkünsüz etməklə hər ay üzrə iddiaçıya vergilər çıxıldıqdan sonra 2300 manat məbləğində əldən çıxmış fayda şəklində ziyan vurulmuşdur. Odur ki, hazırki iddia ilə cavabdeh “Para Bank" ASC-nin varisi CavabdehBOKT ASC-yə qarşı iddia irəli sürməkdə haqlıdır və bu haqlı iddiası məhkəmə tərəfindən təmin edilməlidir. Hesab edir ki, cavabdeh "Para Bank”’ ASC-dən iddiaçının xeyrinə əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq son üç il ərzində 36 ay x 2300 manat = 82.800 (səksən iki min səkkiz yüz) manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh BOKT ASC-dən iddiaçının xeyrinə əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq 82.800 (səksən iki min səkkiz yüz) manat məbləğində pulun tutulmasın a dair qətnamə qəbul edilməsiməhkəmədən xahiş edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında çıxış edərək bildirir ki, 2016-cı ildə Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətinin lisenziyasının əlindən alınmasından sonra Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi kimi təyin edilib və bank ləğv edib. Əmlakların hamısı da birbaşa Əmanətlərin Sığortalanması Fonduna keçib. Əmanətlərin Sığortalanması Fondu özünə lazım olan hər bir əmlakı götürüb. Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyəti 2017-ci ildə hüquqi varis kimi yaradıldıqdan sonra o filialla onların əlaqəsi olmayıb. Həmin o bankomat bu gün oradadırsa onların yox,Əmanətlərin Sığortalanması Fondunun əmlakıdır.Əmanətlərin Sığortalanması Fondu bankın bütün öhdəliklərini, 50.000.000 manata yaxın öhdəliyi üzərinə götürüb və bunun müqabilində də kredit portfeli özünə götürüb. Sonradan isə hüquqi varis kimi Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyəti yaradılanda həmin o kredit portfelinin idarə edilməsi üçün verilib. Bununla bağlı müqavilə var, Əmanətlərin Sığortalanması Fondu yalnız kredit portfeli idarə etmək üçün verib. Bütün daşınar əmlak üzərində sərancam vermək hüququ Əmanətlərin Sığortalanması Fonduna məxsusdur. Banklar ləğv edilən kimi baş ofisdən tutmuş filiallara kimi bütün qapılar bağlanır, orada heç nə çıxara bilməzlər. Əmlakların hamısı Əmanətlərin Sığortalanması Fondunundur. Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyəti ləğv edildikdən sonra orada "xxxx" ASC təşkilatı olunub və lombard fəaliyyəti ilə məşğul olur. Bildiriş göndərilib, lakin qarşı tərəf bildirişi qəbul etməyib. Oradakı imza poçtolyonun imzasıdır. Yazılıb ki, qəbul edilmədi və imzalayıb. Poçtolyon qapını açan olmadığına görə bildirişi qəbul edən yoxdur yazaraq məktubu onlara verib. 6 ay keçdikdən sonra görüblər ki, həmin portfel idarə olunmaz vəziyyətdədir, onlara qaytardılar ki, onlar idarə etsinlər. 4-5 ay keçməsinə baxmayaraq onlar heç nə etməyiblər. Nə edilibsə, Əmanətlərin Sığortalanması Fondu edib və bildirişi də onlar göndərməyiblər. Bildiriş həmin vaxt Əmanətlərin Sığortalanması Fondu tərəfindən təyin olunmuş Faiq Əliyev tərəfindən imzalanıb. Sənədlərin əsli onlarda yoxdur, ancaq nüsxələri var. 2019-cu ildə iddia qaldırılanda müddət keçdiyinə görə həmin iddia rədd edilib. Məbləğ haradasa 50000 manata yaxın idi. Bankın hüquqi varisi olan "xxxx" BOKT bank kimi fəaliyyət göstərməyib,onlar bankomatdan istifadə edə bilməz. Yaxın zamanlarda ƏSF-nin nümayəndəsi zəng edərək əlaqə saxlayaraq bildirmişdir ki, guya orada heç bir iş görməmişlər, heç bir əmlak götürməmişlər. Təhvil-təslim Aktı yoxdur. Çevrilmə zamanı da Akt tərtib edilməmişdir. 2016-ci ilin iyun ayında bankın lizsensiyası ləğv edilmişdir, bütün filialların fəaliyyəti dayandırılmışdır. Bütün əmlaklar ƏSF-nin mülkiyyətindədir, onların deyil. İddiaçıya bildiriş də göndərilib, qəbul etməkdən imtina etməsi onları problemi deyil. Telefon vasitəsi ilə Dövlət Vergi Xidməti ilə əlaqə saxlayıblar, onlar da onlara ƏSF-nin müraciət etməsini bildirdilər. İddiaçının 2019-cu ilə qədər məlumatı olmaması absurd haldır. İddiaçı əmlakın icarəyə verilməsi ilə bağlı müraciət etməsini təsdiq edəcək sübutu təqdim etsin ki, notariat ofisindən həqiqətən rədd cavabı alıblar. İddiaçının atası kredit götürmüşdür, hər ay da ödənişini etmişdir. Hazırda əvəzləşdirmədən söhbət gedə bilməz. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-nin bütün filiallarının siyahısı vergi uçotunda qalmışdır, ləğv edilməmişdir. Dövlət Vergi Xidməti ƏSF-yə müraciət də etmişdir ki, uçot ləğv edilsin. Lakin, ləğv edilməmişdir. Vergi uçotunda olmağı iddiaçının icarə müqaviləsi bağlanmasına əngəl deyil. 2017-ci ildə çevrilmə olmuşdur. ƏSF tərəfindən kredit portfeli də həmin ildə verilmişdir. Hazırda obyekt fəaliyyət göstərir. İddiaçı sübut etməlir idi ki, həmin obyektin qapısı hələ də bağlıdır. Təqdim edilən fotoşəkillər yeni çəkilmişdir. İddiaçı heç bir sübut təqdim etməmişdir. Fond əmlakları götürəndə niyə bankomatları götürmürdü. Fond onlara kredit portfelini təqdim etmişdir. İddiaçı sübut edə bilmir ki, 2019-cu ilə qədər bankomat orada olub. Mülkiyyətinə götürdüyü əmlakları belə Fonda verə bilmirlər. Bank bağlanandan sonra bütün vəzifəli şəxslər uzaqlaşdırılır. İddiaçının yoldaşı bankın bağlanmasından xəbəri olub,bank bağlanadan sonra qeyri-rəsmi icarəyə də vermişdir. Hazırkı iddia əsassızdır. İcarə haqqı daima 2016-ci ilə qədər ödənilmişdir. Bank bağlanandan sonra isə ödənilməmişdir. Fotoşəkillər iclasdan 3-4 gün öncə çəkilmişdir. Çevrilmədən sonra onlara Fond kredit portfelini təqdim etmişdir. Müqaviləni ləğv etməyə göndəriblər qəbul etməyiblər. BOKT 2017-ci ildə yaranmışdır.

16. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 bildirir ki, bildirişlərin heç birinə nə dünyasını dəyişmiş atasının, nə də onun imzası yoxdur. Bildiriş saxta bildirişdir. Vəkili poçta sorğu edib, belə bir bildirişin olması barədə poçtda məlumat yoxdur. O bildirişə əvəzindən kimin imzalaması barədə məlumatı yoxdur. Onun atası uzun illər Bərdə rayonunda vəkil kimi fəaliyyət göstərib.Poçt onlarda belə bir bilidirişin olmadığını bildirib. Dəfələrlə baş idarəyə, Elnur müəllimin yanına gediblər. Əşyaları,bankomat aparatları orada qalıb. Ona bilidirilib ki, müqavilə bağlanılıb və müqavilə nə vaxt ləğv edilərsə, o zaman əşyaları götürüləcək. O bildirişi kimin saxtalaşdırdığını və kimin imza atdığını bilmək istəyir. İmza qəbul etdim hisəsində çəkilib. Qarşı tərəf komputerlərini, bankomatı və rəsmi sənədləri onun yanında qoyaraq qaçıb gediblər. Bütün komputer sisteminin kabelləri onun yanındadır və onların hamısını saxlayıb. Rəsmi sənədlərin hamısı otaqdadır. O necə içəri girsin. Orada xəzinələri, lombardları var.Həmin vaxtı Rəşid müəllim ilə bağlı mübahisə yaranmışdı,başqalarının qızılını götürüb dəyişmişdilər. O otağı açaraq içəri girə bilmərəm.Orada Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətindən başqa qurum fəaliyyət göstərməyib. O icarə müqaviləsi bağlamayıb. Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyəti və "xxxx" BOKT eyni adama məxsusdur. İcarədən 2017-ci ildə çıxdıqlarını gördükdə icarə müqaviləsinə xitam verilməli olmasını bildirib. İcarə müqaviləsində yazılıb ki, hər iki tərəfin iştirakı ilə bağlanıbı və hər iki tərəfin iştirakı ilə də ləğv edilə bilər. 2017-ci ildən əlaqələri kəsildi,amma icarə müqaviləsinə xitam verilməyib. Obyekt yüklü olduğu üçün o, obyektini heç kimə icarəyə verə bilmir. Şirkətlərə icarəyə vermək üçün notariat ofisinə getdikdə ona Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyəti arasında icarə müqaviləsinin qüvvədə olduğunu bildirirlər. O heç kimə obyektini icarəyə verə bilmir. İcarə müqaviləsinə xitam verilməsi barəsində çox təkliflər edib və o vaxtdan da onların işi məhkəmədə olub. Mülkiyyət əvvəl atasının adına olub,atası vəfat etdikdən sonra mülkiyyətin hamısı anasınn adına keçib. O qarşı tərəfdən kredit götürüb və gəlir yeri kimi onların özünü göstərib. O qarşı tərəfdən ayda 2000-3000 manat pul alır. Hər ay icarə pulundan kreditdən çıxdıqlarını hesab edirdi, sonra onu qarşı tərəf məhkəməyə verəndə o bunu anlayıb. Kreditdən pulu çıxmadılar və ona da icarə pulunu vermədilər. Aldığı kreditin borcu 2019-cu ilin avqust ayında bitirdi. 2019-cu ilin sonunda onu məhkəməyə verdilər ki, borcu var. Oranı işlədə bilmir,yerə düzülmüş kafellərin arasını otlar basıb. İcarənin baha olduğu bildirilib,o da belə olan halda icarə müqaviləsini ləğv etməyi təklif edib. 2019-cu ilə qədər o bilmirdi ki,qarşı tərəf oradan çıxmışdır. Açar özlərindədir. Onun öz ərazisinin açarı da onda yoxdur. İcarə pulu kredit öhdəliyinə çıxılırdı. O hazırda 2017-2019-cu illər ərzində ona dəymiş ziyanı tələb edir. Cavabdehlə arasında olan rəsmi icarə müqaviləsinin onda surəti var. Cavabdehin bank apartı da içəridə qalmışdı. O, cavabdehə obyektini girov qoyüb. Dəfələrlə müraciət edib. Notariat ofisinə də yaxınlaşıb,orada yüklü olduğunu bildiriblər.Onu ləğv etmək də mümkün olmayıb.

17. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili Nümayəndə2 bildirir ki, qapılar bağlıdır və bütün avadanlıqlar içəridədir.Notariat ofisində də hazırda da obyekt yüklü görünür. Cavabdeh iddiaçıya məktub da göndərməmişdir.2017,2018,2019-cu illərin pulunu istəyir. Bu da onların xoş niyyətinin əlamətidir.

18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı və üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Maddə 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

25. Belə ki, işin müəyyən edilmiş halları odur ki, "xxxx" ASC ilə X4 arasında sonuncu dəfə 30 yanvar 2014-cü il tarixdə Bərdə şəhəri, Nizami küçəsi, 105№-li qeyri-yaşayış binasının 223,3 kv.m sahəsi olan birinci mərtəbəsininin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Tərəflərin izahatına əsasən əmlakın icrəsindən ödənilməli olan icarə haqqı İcarəyə verən X2 "xxxx" ASC-də olan kredit öhdəliklərinə hesablanırmış. Lakin 2019-cu ildə cavabdeh kredit öhdəliklərinin icrası ilə bağlı məhkəməyə müraciət etdikdə iddiaçı tərəf icarə haqqının nəzərə alınmadığını müəyyən etmişdir. X1 vəfat etdiyindən onun vərəsəsi olan iddiaçı 2017-2019-cu illər üzrə vergi çıxıldıqdan sonra hər ay ödənilməli olan 2300 manat, cəmi 82800 manat məbləğində icarə haqqının ödənilməsini tələb edir.

26. Cavabdeh iddia tələbinə etiraz edərək bildİrir ki, xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, Bərdə şəhəri, Gəncə küçəsi, 24№-li evdə yaşayan X4 ilə 30 yanvar 2014-cü il tarixində bağlanmış qeyri-yaşayış icarəsi haqqında müqaviləyə xitam verilmişdir. Bildirişin FM Express vasitəsilə göndərilməsinə dair qəbz əlavə olunmuşdur.

27. Lakin FM Express-in direktoru tərəfindən imzalanmış 24 oktyabr 2023-cü il tarixli məktubda qeyd olunur ki, Para Bank ASC tərəfindən 2017-ci ildə X3 çatdırılması üçün göndərilən məktubla bağlı heç bir sənəd (qaimə) FM Express MMC-də mövcud deyildir.

28. Cavabdehin digər etirazı odur ki, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi kimi təyin edildiyindən hazırki tələb üzrə məsuliyyəti fond daşımalıdır.

29. Məhkəmə kollegiyası tərəfindən Əmanətlərin Sığortalanması Fondu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu tərəfindən işlə bağlı elektron qaydada məlumatlar daxil olmuşdur. Həmin məlumatlarda qeyd edilir ki, mübahisə üzrə ƏSF-nin maraqlarına toxunan hər-hansı hal mövcud deyildir. İcarə müqaviləsi iddiaçı ilə hazırda cavabdeh hüquqi şəxsin formalaşmasına səbəb olan "xxxx" ASC ilə bağlanılmışdır. Məlum olduğu kimi 2016-cı ilin iyul ayında "xxxx" ASC-də sığorta hadisəsi baş vermiş və Bank müflis elan edilmiş, Bankın ləğvedicisi ƏSF təyin edilmişdir. Belə ki, ƏSF qanunla müəyyən edilmiş vaxtda kompensasiya ödənişlərinin həyata keçirilməsini təmin etmiş və bu əsasla yenidən təşkil edilməklə yaranan hazırki cavabdehin ƏSF qarşısında öhdəliyi yaranmışdır. "xxxx" ASC ilə ƏSF arasında bağlanılmış 2017-ci il tarixli müqaviləyə əsasən BOKT Fond qarşısında yalnız aktivi olan kredit protfeli ilə məsuliyyət daşıyır, həmin portfelin idarəetməsi məhz həmin ildə BOKT-a ötürülmüşdür. Sözügedən aktivlər öhdəliyin icrasını təmin etmədiyi təqdirdə BOKT Fond qarşısında digər aktivləri ilə məsuliyyət daşıyır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərardadına əsasən "xxxx" ASC-nin avtivlərinin idarəedilməsi (realizə və s.) yenidən təşkil edilməklə yaradılan "xxxx" ASC-yə keçmişdir. Bu əsaslardan çıxış edərək bildirir ki, Fondun işə birbaşa və ya dolayısı yolla hər-hansı aidiyyəti yoxdur. ƏSF ilə "xxxx" ASC (hazırda Para BOKT ASC) arasında mübahisə predmeti olan əmlakın içərisində olan Banka məxsus aktivlər üzrə təhvil-təslim həyata keçirilməmişdir. ƏSF aktivlərin təhviltəslimini yalnız Bankın özü ilə həyata keçirə bilərdi. Belə ki, fiziki şəxs olan hazırki iş üzrə iddiaçının əmlakını deyil bankın aktivlərinin təhvil təslimini həyata keçirə bilər. Bu təhviltəslim "xxxx" ASC ilə ƏSF arasında həyata keçirilə bilərdi ki, belə bir akt mövcud deyil. Mövcuddursa həmin akt hazırda BOKT olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilməlidir. Fond yalnız BOKT-nin kredit portfeli üzrə tələb hüquqlarını əldə etmişdir. Belə ki, həmin hüquqlarda BOKT-un Fond qarşısında olan öhdəliyinin təminatı qismində çıxış edir. ƏSF tərəfindən ümumiyyətlə BOKT-a məxsus digər hər-hansı aktiv təhvil alınmamışdır.

31. Cavabdehin digər etirazı odur ki, hazırda iddiaçı tərəfindən həmin yer başqasına icarəyə verilir və buna dair yenicə çəkilmiş fotoşəkilləri sonuncu iclasda məhkəməyə təqdim etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, sonuncu iclasda iddiaçı tərəf iştirak etmədiyindən həmin şəkillərə iddiaçının münasibətini müəyyən etmək mümkün olmamışdır.

33. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi 2017-2019cu illər üzrə pul tələbidir. Cavabdehin iddia etdiyi kimi şəkillər təzəlikcə çəkildiyindən və bu mərhələdə təqdim edildiyindən sübut kimi qiymətləndirilmir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı olmuşdur. Çünki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli, 2-1(81)-3618/2016 saylı qərarına əsasən məcburi ləğv prosesində olan "xxxx" ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2-1(81)-3618/2016 saylı qərardadına əsasən "xxxx" ASC-nin məcburi ləğv prosesinin dayandırılması, ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinə xitam verilmiş, məcburi ləğv prosesinin dayandırılması ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondu ilə yenidən təşkil olunmaqla yaradılan və "xxxx" ASC-nin hüquqi varisi olan bank olmayan kredit təşkilatının səhmdarları arasında təhvil təslim prosesinə başlanılmışdır.

35. "xxxx" ASC Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətinə çevrildiyindən onun hüquq və vəzifələri sonuncuya keçmişdir.

36. Cavabdeh icarə müqaviləsinə xitam verilməsinə dair xx.xx.2017-ci il tarixli bildirişə istinad etsə də bildirişin göndərilməsi və çatdırılması sübut olunmamışdır.

37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)- 2467/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətindən İddiaçı xeyrinə 82 800 manat məbləğində pul tutulmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 289 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 169 manat Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətindən İddiaçı xeyrinə ödənilməlidir.

38. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsı məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2467/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətindən İddiaçı xeyrinə 82 800 (səksən iki min səkkiz yüz) manat məbləğində pul tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 289 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 169 manat məbləğində pul Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar