Məhkəmə qərarları › İş №2(103)-6397/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6397/2021

09.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6397/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(008)-2071/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(008)- 2071/2021 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin olunmuşdır. Birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, işə apellyasiya şikayətinin əsli deyil, qanunvericiliyin tələblərinə zidd olaraq kserosurəti əlavə olunmuşdur ki, bu hal da onun həqiqiliyini (həmçinin, imzanın həqiqiliyi və s.) şübhə altına alır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 89.3-cü maddəsinin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bununla yanaşı, digər tərəfə təqdim olunması üçün apellyasiya şikayətinin əlavə nüsxəsi də təqdim olunmamışdır. MPM-nin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Birinci instansiya məhkəməsi isə qeyd olunan hallara diqqət etməmiş, MPM-in 364cü maddəsinin tələbinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya şikayəti üzrə qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(008)-2071/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar