Məhkəmə qərarları › İş №2(103)-6398/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6398/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6398/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(004)-1875/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1875/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(004)-1875/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı hazırda həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadlarından verilən şikayətlərə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Məhkəmənin 24.05.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.4-cü maddəsinə əsasən apelyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilməlidir. İddiaçı isə «baxılmamış saxlama» barədə qərardaddan şikayət verərkən dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz əlavə etmədiyindən məhkəmə şikayəti geri qaytarmışdır. Göründüyü kimi, qanunvericilikdə birbaşa göstərilmişdir ki, iddianın baxılmamış saxlanılmasından şikayət verildikdə dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddiaçının dəlilləri əsassız olmaqla, qərardadın ləğv edilməsinə əsas vermir. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində olan imzası məhkəmənin 14.04.2021-ci il tarixli və 04.05.2021-ci il tarixli qərardadlarından verdiyi şikayətlərdəki imzalarla uyğunsuzluq təşkil edir və bununla da həmin şikayətlərdəki imzaların məhz iddiaçı tərəfindən icra edilməsi şübhə doğurur. Kollegiya göstərilənlə razılaşır və əlavə olaraq qeyd edir ki, hər iki şikayətin iddiaçı yox, Nümayəndə tərəfindən imzalanması aşkardır. Güman ki, sonuncu bunu iddia ərizəsinə əlavə olunmuş etibarnamə üzrə etdiyinə əsaslanır. Ancaq, nəzərə almaq lazımdır ki, əvvəla, həmin etibarnamə ona iddiaçını məhkəmədə yox, dövlət, o cümlədən icra orqanlarında təmsil etmək üçün verilmişdir, digər tərəfdən isə məhkəmədə nümayəndə yalnız tərəflərin yaxın qohumları və vəkillər ola bilərlər ki, Nümayəndə da həmin kateqoriya şəxslərə aid deyil. Düzdür, etibarnamədə iddia ərizələrinin məhkəməyə təqdim edilməsi kimi səlahiyyət nəzərdə tutulmuşdur, ancaq, bu səlahiyyət iddiaçının adından məhkəmədə sonrakı prosessual hərəkətləri etmək üçün yetərli deyil. Nəhayət, işə etibarnamənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti yox, adi kserosurəti əlavə olunmuşdur. Bununla da müəyyən olunur ki, hər iki şikayət həm də buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İşdə olan işə onun iştirakı olmadan baxılması barədə iddiaçının adından məhkəməyə vurulmuş hər iki teleqram Nümayəndə tərəfindən göndərilmişdir (teleqramlarda onların haradan göndərilməsi barədə ünvan və telefon nömrəsinin Nümayəndə məxsus olması bunu təsdiq edir), halbuki onun belə bir səlahiyyəti olmamışdır. Kollegiya onu da qeyd edir ki, Nümayəndə hərəkətləri nəticəsində faktiki olaraq iddiaçı məhkəmə müdafiəsi hüququndan məhrum olmuşdur, ya da yeni iddia ərizəsilə məhkəməyə müraciət edəcəyi təqdirdə bu hüququn həyata keçirilməsində xeyli vaxt itirmiş olacaqdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(004)-1875/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar