Məhkəmə qərarları › İş №2(103)-6402/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6402/2022

28.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6402/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment məbləğinin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2458/2022 saylı, 29 iyun 2022ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1840/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilirik ki, Cavabdeh Şəfəq oğlundan xx.xx.2021-ci il tarixdən başlayaraq, 19 iyun 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)925/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən Zamanov İlkinin saxlanması üçün müəyyən olunun hər ay üçün aliment məbləğinin keçmiş illər üzrə indeksləşməsi aparıİmaqla yenidən hesablanması və Zamanovun bu günə olan borc məbləğinin indeksasiya edilərək birdəfəlik şəkildə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh ilə xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, rəsmi nikahdan 2003-cü ildə Zamanov İlkin adlı bir övladları doğulmuşdur. 2008-ci il mart ayında iddia ərizəsi ilə alimentlə bağlı Nərimanov rayon məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)925/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə Cavabdeh hər ay bir uşağa görə 80 (səksən) manat məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. O vaxtın uşaqlar üçün yaşayış minimumu 59 manat təşkil edirdi. Cavabdeh alimenti ödəməmək üçün müxtəlif yollara əl atırdı. Ünvanı dəyişirdi ki, icraçılar onu tapa bilməsin. Hətta axtarışa belə verilmişdir. Birinci dəfə 2009-cu ildə Yasamal rayon məhkəməsi ona cərimə tətbiq edərək xəbərdarlıq edib. Lakin buna baxmayaraq Cavabdeh yenə də alimenti ödəməmişdir. 04 mart 2014-cü il Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X8 Rauf tərəfindən ödənilməmiş aliment məbləğinə görə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamani icraçı bildirmişdir ki, Cavabdeh xx.xx.2008 il tarixli qətnaməyə əsasən təqribən 4000 manat borcu yaranmışdır. 2008-2014-ci illərdə ölkədə 2 dəfə devalvasiya olub, pul dəyərini itirib və bununla yanaşı həmin şəxs 7 il aliment ödəməmişdir. 2019-cu ildə iddiaçı, Nərimanov rayon məhkəməsinə aliment məbləğinin artırılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş və iddia ərizəsi təmin olunmuşdur. 2019cu ildə yaşayış minimumu uşaqlar üçün 160 manat təşkil edirdi. Bu dəfə həmin tarixdən aliment məbləğinin ödənilməsi məhkəmə tərəfindən Cavabdeh pensiya aldığı idarəyə yönəldilirdi. Lakin köhnə borclar yenə də qalmışdır. 2021-ci il iyun ayında şikayətlərdən sonra icraçı Qarayev Babək əvvəlki illərdən qalan ödənilməmiş aliment borcunu Cavabdeh pensiya aldığı idarəyə yönəltdi. Sənəddə görünür ki, 2021-ci il iyun ayına qədər Cavabdeh 6100 min manat borcu yaranıb, 5 ay ödəndikdən sonra borc 4000 manat oldu. Hal-hazırda borcu ödəmir. Hazırda aliment məbləği ümumi 4000 manat təşkil edir. Eyni zamanda keçən illər ərzində uşaq böyümüş və xərcləri də artmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2458/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 232-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2014-cü ildən ödəməli olduğu pul vəsaitini qanunsuz saxlamaqla ona maddi ziyan vurmuşdur. Bu illər ərzində ona dəyən maddi ziyan məhkəmə tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş minimum 5% olmaqla aşağıdakı kimi qiymətləndirilməli idi. 2014-cü ildən 2022-ci ilədək – 8 il ərzində, hər il ödənilməmiş 4000 manatın 5%-i olmaqla, bir il üçün 200 manat, 8 il üçün 1600 manat. Məhkəmə qətnaməsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsinin icrasının tamamlanmadığını, cavabdehin 4000 manat aliment borcunun mövcud olduğunu müəyyən etmişdir. Lakin buna baxmayaraq iddia tələbini əsassız hesab etmişdir. Həmçinin, məhkəmə öz qətnaməsində indeksasiya ilə bağlımaddi hüquq normalarına istinad etsə də, həmin normaları əsasız olaraq tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 17 iyun 1992-ci il Qanununun

10. Maddə 1 indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.

11. Maddə 2 vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 232.1 tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən, yəni əlavə xərcin n tutulması hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz əlavə xərcin tutulması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi və aliment məbləğinin artırılmasının təmin olunması hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2458/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 19 iyun 2003-cü il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşağın iddiaçının (anasının) yanında qalması müəyyən edilmişdir. Eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1840/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh Şəfəq oğlundan xx.xx.2021-ci il tarixdən başlayaraq, 19 iyun 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı hər ay üçün aliment məbləğinin keçmiş illər üzrə indeksləşməsi aparıİmaqla yenidən hesablanması və Zamanovun bu günə olan borc məbləğinin indeksasiya edilərək birdəfəlik şəkildə ödənilməsini tələb edir.

21. İddiaçı ərizəsini aliment məbləğin artırılması barədə olmasını qeyd etsə də, nəticədə keçmiş illər üzrə indeksləşməsi aparıİmasını xahiş etmiş, göstərmişdir ki, hazırda uşaqlar üçün yaşayış minimumu 193 manatdır, keçən illər ərzində uşaqlar böyümüş və xərcləri də artmışdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulmuş və 19 iyun 2003-cü il təvəllüdlü X7 artıq yetkinlik yaşına çatmış, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hesablanmış aliment məbləğinin artırılması üçün əsas yoxdur. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1840/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin icrası tamamlanmamış və Cavabdeh Şəfəq oğlunun 4000 manat aliment borcu mövcuddur. Buna baxmayaraq, iddiaçının hazırkı tələbi əsassızdır və rədd olunmalıdır.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş materialları ilə icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarının qəbul olunduğu andan bu günədək istehlak qiymətlərinin artması və inflyasiyanın artım səviyyəsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə qərarının icrası zamanı inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı təsdiq olunmadığı halda bunun nəticəsində iddiaçıya zərər dəyməsi, həmçinin üzləşdiyi zərərin əvəzi olaraq ona ödənilməli olan pul məbləği indeksasiya oluna bilməz.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2458/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar