Məhkəmə qərarları › İş №2(103)-6405/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6405/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6405/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilə bəndlərinin dəyişdirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə bəndlərinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 14640 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa etdirdiyi 8 saylı binanın, 3 blok, 341 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 135,02 kv.m olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 105164 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay hərkv.metri üçün 778,88 manat məbləğində ödəniş etməklə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 1.1-ci, 2.1-ci, 3.2.2.2.1 bəndləri). Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci maddəsində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir.

2. Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 00096 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu, 1937 saylı məhəllədə "xxxx" ASC tərəfindən inşa olunmuş, Ə.Əliyev küçəsi, bina 8, giriş 12, M 17-m3, 135,02 kv.metr ümumi sahəsi olan mənzil üçün bağlanmış 14640 saylı, xx.xx.2011-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur.

3. "xxxx" ASC-nin İddiaçı ünvanlandığı məktubdan görünür ki, Baki şəhəri, Qaçaq Nəbi küçəsi, ev 2. mənzil 176 ünvanında yaşayan İddiaçı (ş/v: AZE********. Xətai RPİ xx.xx.2010-ci il) ondan ötrü ki, xx.xx.2012-ci il tarixdə Baki şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllədə. Ə.Əliyev küçəsi. 8 saylı bina, 3 blok, 341 saylı 3 otaqdan ibarət ümumi sahəsi 135.02 kv.m olan mənzil görə bağlanmış kredit müqaviləsinə əsasən (h/n: ********************) ona 52 ay müddətinə 51342.33 manat məbləğində kredit verilmişdir. Kredit və ona hesablanmış faizlər tam ödənilmişdir və xx.xx.2016-ci ilə banka ssuda borcu yoxdur.

4. X1 İndustrial Co LTD-nin xx.xx.2019-cu il tarixli 1010/C saylı arayışından görünür ki, İddiaçı, "xxxx" ASC-nin inşa etdiyi ünvan 2 ünvanında yerləşən Kosmos yaşayış kompleksində bina 8, blok 3, mənzil 305-in 01 Yanvar 2020-ci il tarixinədək şirkətə olan kommunal borcunu tam olaraq ödəmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 341 (yeni qaydalarla: AZ 1033, ünvan 3 ünvanda yerləşən mənzil sahəsi 115.2 kv. metr olmaqla İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır.

6. İddiaçı 01 aprel 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək, müvafiq müqavilədən irəli gələn mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korperasisiyası” Açıq Səhmdar Cəmiyyətindən 20271 (iyirmi min iki yüz yetmiş bir) manat maddi ziyanın, ödənilmiş dövlət rüsumu 30 manatın, nümayəndə və vəkil üçün ödənilmiş 71 manat 50 qəpik pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 21 dekabr 2011-il tarixli, 14640-№-li mənzilin alqı-satqı müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində, Nərimanov rayon ərazisində 1937-saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa etdirdiyi 8 saylı binanın, 3-cü blok, 341saylı 3 otaqdan ibarət, ümumi sahəsi 135.02-kv.metr göstərilən mənzili ona, yəni İddiaçı satmış, mənzil həmin tarixdən ona təhvil verilmişdir. Müqavilənin şərtlərinə görə onun tərəfindən müqavilədə göstərilən 8 saylı yaşayış binasının, 3-cü blok, 341-saylı 3 otaqdan ibarət, ümumi sahəsi 135.02- kv.metr göstərilən mənzilin hər kvadrat metri üçün 788,88manat olmaqla, 105.164 AZN pul cavabdehə tam ödənilmişdir. Cavabdeh tərəfindən ona 06 avqust 2020-ci il tarixdə verilmiş 00096-nömrəli maliyyə arayışından da görünür ki, onun Bakı şəhəri, Nərimanov rayonu, 1937- saylı məhəllədə "xxxx" ASC tərəfindən inşa olunmuş, Əliyar Əliyev küçəsi, bina 8, giriş 12, M17-m3, 135.02 kv.metr ümumi sahəsi olan mənzil üçün bağlanmış 14640-saylı, xx.xx.2011-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. Ona verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********663-05301-093122, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan, Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ÇİXARİŞ-dan görünür ki, ona, yəni İddiaçı "xxxx" ASC tərəfindən 14640-saylı, xx.xx.2011ci il tarixli müqaviləyə əsasən satılmış mənzilin ümumi sahəsi 115,2-kvadrat metrdir. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzilin texniki pasportunu və Çıxarışı alandan sonra bilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti mənzili ona satan zaman alqısatqı müqaviləsinin şərtlərini pozaraq, ona müqavilədə göstərildiyindən ümumi sahəsi az mənzil sahəsi verməklə ona aldatmışdır. Həmin mənzilin ümumi sahəsi faktiki olaraq 115.2-kv.metr olduğu halda, cavabdeh tərəfindən müqavilədə mənzilin ümumi sahəsi 135.02-kv.metr (135.02-115.2=19.82) göstərilməklə, 19.82 kv.metr artıq göstərilmişdir. Həmin sahəyə görə ondan 15.437.40-manat artıq pul alınmışdır. Onunla cavabdeh arasında bağlanmış sazişə uyğun olaraq cavabdehin əməkdaşlıq etdiyi “Beynəlxalqbank" ASC-i ilə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə mənzilin alqısatqı müqaviləsində artıq göstərilən mənzil sahəsi üçün ödədiyim artıq məbləğin faizinə görə 4171.58-manat pul ödənmişdir. Həmçinin o, həmin mənzildə yaşadığı müddətdə hər ay mənzilin hər kvadrat metrinə görə 0.35-manat olmaqla hesablanan kommunal xərcləri də mənzilin ümumi sahəsini 135.02-kv.metr göstərməklə ondan kommunal xərcləri artıq alınmışdır. Artıq alınmış kommunal xərc 662-manat olmuşdur. Bununla da cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korperasisiyasf ASC-nin təqsiri üzündən ona 15.437.40+4171.58+662=20271-manat ziyan dəymişdir. O, cavabdeh tərəfindən ondan artıq alınmış pulun qaytarılması və vurulmuş zərərin ödənilməsi barədə cavabdehə rəsmi müraciət etsə də cavabdeh onun müraciətinə cavab verməmişdir. Bütün bunlara əsasən hesab edir ki, cavabdehin təqsiri üzündün ona dəymiş cəmi 20271 (iyirmi min iki yüz yetmiş bir) manat maddi ziyanın, ödədiyim dövlət rüsumu 30-manatın, nümayəndəm və vəkili üçün ödədiyi 71 manat 50 qəpik pul cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korperasisiyası" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona verilməlidir.

9. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli 10/3512 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllədə Əliyar Əliyev küçəsi 8 nömrəli bina, 3-cü blok, 341 nömrəli mənzilin ümumi sahəsinin 107,76 m2 təşkil etdiyi müəyyən olunur, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllədə Əliyar Əliyev küçəsi 8 nömrəli bina, 3-cü blok, 341 nömrəli mənzilin faktiki ümumi sahəsinin (balkona azalma əmsalı tətbiq olunmadıqda) 114,91 kv.m təşkil müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq aparılmış hesablamalarla müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllədə Əliyar Əliyev küçəsi 8 nömrəli bina, 3-cü blok, 341 nömrəli mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə sahəsi hesablandıqda həmin mənzilin sahəsinin 129,0 m2 təşkil etdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllədə Əliyar Əliyev küçəsi 8 nömrəli binanın, 3-cü blok, 341 nömrəli mənzilin işçi layihəsinə uyğun olaraq inşa edildiyi müəyyən olunur.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4.673,28 (dörd min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) manat məbləğində maddi ziyan, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, hüquqi xidmətə görə 71,50 (yetmiş bir manat, əlli qəpik) məbləğində pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 21 dekabr 2011-ci il tarixli, 14640 saylı mənzilin alqı-satqı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia qismən əsaslıdır. Belə ki, fərdimüəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan “kvadrat metr” çıxış edir. Nəzərə alınsa ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 437.1-ci maddəsinin şərtinin pozulması əsasından çıxış edilsə, iddiaçı hazırki iddianı verməkdə haqlıdır. Çünki alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh öz üzərinə alıcıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) olan əşyanı verməyi, alıcı isə həmin əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilədən də göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 135,02 kv.metr sahədən ibarət mənzili satmalı olduğu təqdirdə, qeyd edilən mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti ekspertizasının aparılmasının nəticəsi olaraq əldə edilmiş müvafiq rəylə müəyyən edilmişdir ki, 129,0 kv.metr sahədən (arakəsmələr daxil edilməklə) ibarət olan mənzili satmışdır. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Alıcı mənzilin müqavilədəki dəyərinin onun sahəsinə uyğun olaraq (135,02 kv.metr sahə üçün) müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 105164 manat məbləğində dəyərləndirilməsini özü üçün münasib dəyər hesab etmiş və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq vermişdir. Hazırda iddiaçı şəxs məhkəmədən ona dəymiş zərərin ödənilməsini xahiş edir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya dəyən zərər mənzilin müqavilədə göstərilən sahəsi, yəni 135,02 kv.metr sahədən ekspert rəyi ilə müəyyən edilmiş real sahəsi 129,0 kv.metr sahə çıxılmaqla, ekik qalan 6 kv.m-1kv.m üçün nəzərdə tutulmuş dəyəri ilə hasili hesablanmaqla müəyyən edilməlidir. (778.88 x 6=4.673,28 manat). Bundan başqa məhkəmə iddia müddətinin tətbiqinə dair ərizə ilə razılaşmamışdır. Belə ki, cavabdeh daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğunu qeyd edərək iddia müddətinin ötürüldüyünü bildirmişdir. Lakin məhkəmə hesab etmişdir ki, İddiaçı hazırkı iddiası maddi zərərin ödənilməsi ilə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilməz. Bundan başqa iddiaçıya müqavilə üzrə hüquqlarının pozulması mənzilə çıxarış əldə edərkən, yəni xx.xx.2020-ci il tarixdə məlum olmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 372.1-ci, 373.2-ci, 375.2-ci, 376-cı, 377.1-ci, 377.2-ci, 378-ci, 385.1-ci, 568.1-ci, 577.1-ci, 578.1-ci, 1096.1-ci, 1096.2-ci, 1097.3-cü maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətlərinin dəlilləri

13. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 578.1-ci maddəsinin tələblərini pozmaqla cavabdehin ona müqavilədə nəzərdə tutulan ölçüdə, yəni 135.02 kv.metr mənzil sahəsi deyil, faktiki olaraq 115.2 kv.m mənzil sahəsi verməsini nəzərə almamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi ona vurulmuş zərəri, yəni onun "xxxx" ASC-dən kredit müqaviləsi əsasında faizlərdən irəli gələn zərəri və mənzil sahəsinə görə ödədiyi kommunal xərcləri nəzərə almamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin hərfi mənasını əsas götürmüş, müqavilə bağlanarkən 135.02 kv.metr mənzil sahəsi almaqdan ibarət iradə ifadəsini nəzərə almamışdır

b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsindər narazıdırlar. Belə ki, mənzilə dair çıxarışla təqdim edilmiş ekspert rəyi arasında mənzilin sahəsi ilə bağlı fərq olmuşdur. Bundan başqa iddiaçı tərəfindən hər artıq kvadrat metr üçün ödəniş etmişdir ki, iddiaçıya tələbdə göstərildiyi qədər maddi zərər dəymişdir.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirmişdir ki, hazırki iddia tələbi əsassızdır. Belə ki, iddiaçı ilə mənzilin alqısatqısına dair bağlanmış müqavilə iddiaçının razılığı əsasında imzalanmışdır. Həmçinin mənzil təhvil verilərkən, təhvil təslim aktı tərtib edilmişdir. Yəni iddiaçı müqavilə bağlandığı andan hüquqları pozulması ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Lakin hazırki vəziyyətdə iddiaçı iddia müddətini ötümüşdür. Tətbiq edilən maddi hüquq norması

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

19. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

21. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

23. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

24. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır.

25. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə, iddiasının tam təmin edilməsini xahiş etmiş, iddia tələbinin təmin edilən hissəsi isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.

30. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı tələbində həmçinin qeyd etmişdir ki, onunla cavabdeh arasında bağlanmış sazişə uyğun olaraq cavabdehin əməkdaşlıq etdiyi “Beynəlxalqbank" ASC ilə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə mənzilin alqı-satqı müqaviləsində artıq göstərilən mənzil sahəsi üçün ödədiyi artıq məbləğin faizinə görə 4171.58-manat pul ödənmişdir. Həmçinin o, həmin mənzildə yaşadığı müddətdə hər ay mənzilin hər kvadrat metrinə görə 0.35manat olmaqla hesablanan kommunal xərcləri də mənzilin ümumi sahəsini 135.02-kv.metr göstərməklə ondan kommunal xərcləri artıq alınmışdır. Artıq alınmış kommunal xərc 662manat olmuşdur.

31. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissəsinə ümumiyyətlə qiymət verməmişdir. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir.

32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.

33. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

34. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yənin iddianın təmin edilməyən hissəsində prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə həmin hissədə ləğv edilərək, həmin hissəyə münasibətdə işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

35. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 21 dekabr 2011-il tarixli, 14640-№-li mənzilin alqı-satqı müqaviləsi ilə bağlanmışdır. Lakin müqavilə alqı-satqı adı ilə rəsmiləşdirilsə əslində tərəflər arasında olan münasibətlər məhz podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur.

37. Belə ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 21 dekabr 2011-ci il tarixli, 14640-№-li müqavilənin 1.3-cü maddəsinə əsasən satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür.

38. Göründüyü tərəflər arasında podrat münasibətləri olmaqla, poratçı - Akkord Sənaye Tikinti İnvestisiya Korperasisiyası” Açıq Səhmdar Cəmiyyəti müqavilə üzrə tikinti işlərini başa çatdıraraq mənzili iddiaçıya verməyi, iddiaçı isə sifarişçi kimi podratçıya razılaşdırılmış mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

39. Bununla belə iddiaçı 21 dekabr 2011-ci il tarixli akta əsasən mənzili təhvil almış, həmin mənzildə yaşamaqla, mənzili təmir etmiş və kommunal ödənişləri də həyata keçirtmişdir ki, həmin vaxtdan etibarən iddiaçı mənzilin sahəsinin müqavilədən göstərildiyi kimi olmadığını bilməli idi və bununla bağlı podratçıya öz pretenziysını bildirməli idi.

40. Lakin iddiaçı keçən müddət ərzində podratçıya hər hansı qüsur barədə müraciət etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçının mənzilə dair çıxarış aldıqdan sonra mənzilin sahəsindəki fərqi bilməsinə münasibətdə qeyd edir ki, yuxarıda göstərildiyi kimi iddiaçı mənzili akta imza etməklə qəbul etmiş və 21 dekabr 2011-ci il tarixdən mənzilin sahəsində olan fərqə münasibətdə öz pretenziyasını bildirə bilərdi.

41. İddiaçı isə bu barədə nə podratçıya müraciət etmiş nə də məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, yalnız 04 iyun 2021-ci il tarixdə, yəni mənzili təhvil aldıqdan 10 ilə yaxın bir müddət sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

42. Belə olan halda isə iddiaçı podrat münasibətləri ilə bağlı tətbiq edilən 5 illik iddia müddətini ötürmüşdür.

43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

44. Birinci instansiya məhkəməsi baxışı zamanı da cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, yalnız iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsi mübahisələndirildiyindən və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin - “Beynəlxalqbank" ASC-dən görülmüş kredit müqaviləsi üzrə faizlərin, eləcə də kommunal xərclərin fərqinin tutulması hissəsinə qiymət vermədiyindən, qətnamə həmin hissədə ləğv edilməklə iddia tələbinə göstərilən hissəsinə iddia müddəti tətbiq edilməklə iddia tələbi qeyd olunan hissədə rədd edilməlidir.

47. Digər tərəfən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 578.1-ci maddəsinin tələblərini pozmaqla cavabdehin ona müqavilədə nəzərdə tutulan ölçüdə, yəni 135.02 kv.metr mənzil sahəsi deyil, faktiki olaraq 115.2 kv.m mənzil sahəsi verməsini nəzərə almamışdır.

48. Məhkəmə kollegiyası iddia tələbinin həmin hissədə iddianın tam təmin edilməsi üçün əsaslar yoxdur, belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil oldur. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş məhkəmə tikinti ekspertizasının aparılmasının nəticəsi olaraq əldə edilmiş müvafiq rəylə müəyyən edilmişdir ki, 129,0 kv.metr sahədən (arakəsmələr daxil edilməklə) ibarət olan mənzili satmışdır.

49. Göründüyü kimi cavabdehin iddiaçıya faktiki olaraq 115.2 kv.m mənzil sahəsi olan mənzilin verilməsi işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmamışdır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

51. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi “bank faizləri və kommunal xərclərin fərqinin tutulması” hissəsində ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə, yəni “bank faizləri və kommunal xərclərin fərqinin tutulması” hissəsində rədd edilməlidir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilməlidir.

54. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

55. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

56. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “bank faizləri və kommunal xərclərin fərqinin tutulması” hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar