Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6409/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(004)- 3530/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinəаçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı 26 dekabr 2015-ci il tarixdə rəsmi nikah bağlamışlar.
2. Birgə nikahdan 21 noyabr 2016-ci il təvəllüdlü X11 doğulmuşdur.
3. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh aylıq pensiyası 2665,01 manat təşkil edir.
4. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı Biznes Universitetində məruzəçi işləyir və aylıq əmək haqqı 1230 manat təşkil edir.
5. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görsənir ki, iddiaçı “Azərbaycan X9 İnstitutu” publik hüququ şəxsində qeydiyyatçı vəzifəsində çalışır və onun aylıq əmək haqqısı 599,2 manat təşkil edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(004)- 5639/2017 saylı qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında qeydə alınmış nikahın pozulması, tərəflərin ümumi uşaqları 21 noyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək anası X2 yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ödənilməli sabit pul məbləğində 200 manat miqdarda alimentin tutulub iddiaçı X3 verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş 21 noyabr 2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Mediasiya prosesinin tətbiqi barədə ilk dəfə təklifin cavabdeh tərəfindən alındığı 06 dekabr 2023-cü il tarixdən hər ay cavabdehin aylıq əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində, əmək haqqı barədə cavabdehin iş yerindən arayış verilməkdən imtina edildikdə isə hər ay sabit pul məbləğində 1000 manat alimentin, hüquqi yardıma görə vəkillik qurumuna ödənilmiş 323 manatın və Bakı 12 saylı Mediasiya təşkilatına ödənilmiş 60 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, övladının ehtiyaclarını təkbaşına ödəmək çox çətindir, uşaq böyüdükcə tələbatları da artır. Hal-hazırda alimentin artırılmasına ehtiyac vardır. Nikahları pozulub aliment müəyyən edilən vaxt cavabdeh işləyirdi və yüksək məbləğdə əmək haqqı alırdı. Həmin vaxt aliment aylıq əmək haqqına münasibətdə təyin olunmalı olduğu halda onun hüquqi savadsızlığından istifadə edib cavabdehin aylıq əmək haqqının 1/4 hissəsi əvəzində aliment sabit məbləğdə təyin edilmişdir. Alimentin artırılması tələbinə dair iddia hazırlanarkən vəkillik qurumu tərəfindən cavabdehin işlədiyi Azərbaycan Respublikası Gömrük Komitəsinə və X14 İdarəsinə dəfələrlə cavabdehin əmək haqqına dair arayış verilməsi barədə müvafiq sorğu ilə müraciət edilsə də, dövlət orqanı tərəfindən müxtəlif bəhanələrlə əmək haqqı barədə arayış verilməsindən imtina edilmişdir. Bu illər ərzində cüzi alimentlə çox çətinliklə uşağın daima artan tələbatını ödəmişdir. Atası tərəfindən heç olmasa bayramlarda, yaxud ad günündə qızına nəinki hər hansı bir maddi köməklik göstərilmiş və ya hədiyyə göndərilmiş, heç telefonla da olsa təbrik belə edilməmişdir. Məsələnin məhkəməyə qədər həll edilməsi üçün cavabdehə ilk dəfə 06 dekabr 2023-cü ildə mediasiya təklifi göndərilmiş, cavabdeh həmin təklifi 08 dekabr 2023cü ildə almış və 18 dekabr 2023-cli ildə ərizə ilə Mediasiya Təşkilatına müraciət etmişdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən “X4 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” 3 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/3/2023-01300 saylı, 21 yanvar 2024-cü il tarixdə arayış verilmişdir. Alimentin artırılması barədə iddia ərizəsi məhkəmədə baxılarkən Cavabdeh X8 mübahisələndirıniş və Yasamal Rayon Məhkəməsinin hakimi tərəfindən 2(004)-1316/2024 nömrəli, 27 aprel 2024-cü il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanmışdır. Məsələnin məhkəməyə qədər həll edilməsi üçün cavabdehə mediasiya təklifi göndərilərək, sonradan ərizə ilə Mediasiya Şurasına müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən X4 sonra prosesin davam etdirilə bilməməsi barədə 12 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/12/2023- 00134 saylı, 13 iyun 2024-cü il tarixli arayış verilmişdir. Mediasiya təşkilatına 60 manat, vəkil qurumuna 323 manat ödəniş etmişdir. Cavabdehdən həmçinin bu xərclər tutulmalıdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(004)- 3530/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(004)-5639/2017 saylı qətnaməsi ilə 21 noyabr 2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılması, 21 noyabr 2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 500 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi, hüquqi xidmətə görə vəkil bürsouna ödənilmiş 323 manat pul vəsaiti və 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, qalan hissədə iddia tələbinin təmin olunmaması qət edilmişdir.
10. Qətnamənin əsaslarına görə, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, onun artan qayğılarının və gələcək inkişafının dolğun şəkildə təmin olunmasını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələni qismən təmin olunmalı, 21 noyabr 2016-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı 500 manat sabit pul məbləğində olmaqla müəyyən edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 112, 121-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən şikayət verərək, qətnamənin qismən, 21 noyabr 2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 500 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilərək, 21 noyabr 2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (pensiyasının və digər gəlirlərinin) ¼ hissəsində aliment tutularaq Mediasiya prosesinin tətbiqi barədə ilk dəfə təklifin cavabdeh tərəfindən alındığı 08 dekabr 2023-cü il tarixdən hesablanaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Şikayətinin dəlillərinə görə, məhkəmə cavabdehin hər ay sabit məbləğdə pensiya almasına baxmayaraq uşağın deyil, cavabdehin üstün mənafeyini müdafiə edərək sabit pul məbləğində aliment müəyyən etmişdir. Halbuki həmin məbləği müəyyən edərkən qətnamədə göstərir ki, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, onun artan qayğılarının və gələcək inkişafının dolğun şəkildə təmin olunmasını nəzərə alaraq cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı 500 manat sabit pul məbləğində olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2021-ci il tarixli, 98 nömrəli qərarına əsasən uşaqlar üçün valideyinlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri təsdiq edilmişdir. Həmin qərarla təsdiq edilmiş növlərin 1-ci bəndində göstərilir ki, uşaqlar üçün aliment valideyinlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: -1.2 Faktiki alınan pensiyadan. Göründüyü kimi aylıq pensiya məbləği aliment tutulan gəlir siyahısına daxildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin tələblərinə əsasən, aliment uşağın əvvəlki yaşayış şəraitinin maksimum dərəcədə saxlanması ilə bağlı müəyyən edilir. Lakin işin halları ilə də müəyyən edilmişdir ki, ailə faktiki olaraq bir yerdə yaşayış olmadan dağılmış və nikah pozulmuşdur. Yəni azyaşlı mənim şəraitimlə yaşamamışdır. Belə olan halda alimentin artırılması hansı meyar üzrə aparılmalı olduğu qeyri-müəyyən qalır. Eyni zamanda iddiaçı məhkəmədə qeyd edir ki, ödənilən aliment ona kifayət etmir. Lakin bu zaman iddiaçı bununla bağlı hər hansı bir qəbzləri məhkəməyə təqdim etmir. Ancaq ödənilən alimentin miqdarının az olmasını bildirir. Bununla yanaşı iddiaçı məhkəmədə qeyd edir ki, əmək fəaliyyəti ilə məşğul olur. Belə olan halda məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsini rəhbər tutmalı və müəyyən etməlidir ki, uşağın saxlanması hər iki valideynin borcudur. Əgər hal-hazırda tərəfindən 200 manat sabit pul məbləğində aliment ödənilirsə bu zaman uşağın xərcləri müəyyən edilməli və yerdə qalan vəsait elə iddiaçının özü tərəfindən qarşılanmalıdır. Apellyasiya Şikayətində iddiaçı qeyd edir ki, guya rayon məhkəməsi alimentin sabit pul məbləğində müəyyən edilməsi zamanı pozuntuya yol vermişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı ¼ kimi müəyyən edilməli idi. Lakin bu zaman iddiaçı unudur ki, istinad edilən maddi hüquq norması imperativ deyil. Belə ki, həmin Məcəllənin 76.1.1 maddəsində 1 uşağa görə alimentin miqdarı ¼ kimi müəyyən edilsə də, elə həmin maddənin 76.2-ci bəndində qanunverici aliment ödəməli olan şəxsin də mənafelərini nəzərə alaraq dispozitivlik müəyyən edərək qeyd edir ki, Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hazırki işin hallarına aşağı instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymətləndirmə verilmişdir. Belə ki, işin halları ilə müəyyən edilmiş faktdır ki, tərəflərin nikahı 26 dekabr 2015-ci il tarixdə bağlanmış, 21 noyabr 2016-cı ildə uşaq dünyaya gəlmiş və artıq 01 iyun 2017-ci il tarixdə hazırki iddiaçı nikahın pozulması ilə bağlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Yəni tarixlərlə müəyyən edilir ki, uşaq 21 noyabr 2016-cı il tarixdə anadan olub, nikah pozulmasına dair iddia 01 iyun 2017-ci ildə məhkəməyə verilib. İddia ərizəsində iddiaçı özü qeyd edib ki, 2016-cı ilin dekabr ayından artıq cavabdehlə bir ailə kimi yaşamamışdır. Faktiki olaraq iddiaçı və uşaq, cavabdehlə bir evdə yaşamamışdır. Çünki Ailə Məcəlləsinin də tələblərinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda iddiaçı unudur ki, hazırki iddia aliment tələbi deyil, alimentin artırılması tələbidir. Yəni iddiaçı artıq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və icra edilən alimentin həcminin artırılmasını tələb edir. Bu zaman isə iddiaçı sübut etməlidir ki, bundan öncəki məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment hal-hazırki vəziyyətdə uşağın saxlanmasına kifayət etmir. Bildiyiniz kimi hər il vətəndaşlarımızın maddi rifahının artırılması istiqamətində bir sıra dövlət proqramları həyata keçirilir. Bunun nəticəsi olaraq uşaqların da minimum yaşayış həddi hər il artırılır. Hazırda uşaqların minimum yaşayış həddi 235 manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən hal 2024-cü il üzrə Dövlət Büdcəsi haqqında Qanunda da öz əksini tapmışdır. Göründüyü kimi məhkəmə bu halda da əslində iddiçının məhkəməyə heç bir sübut verməməsinə baxmayaraq alimentin həcmini faktiki olaraq 2 dəfə artırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdilər.
16. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin qismən - 21 noyabr 2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 500 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv olunması xahiş edilsə də, mübahisənin predmeti bölünən deyildir. İddia tələbi ondan ibarətdir ki, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün mediasiya prosesinin tətbiqi barədə ilk dəfə təklifin cavabdeh tərəfindən alındığı 06 dekabr 2023-cü il tarixdən hər ay cavabdehin aylıq əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində, əmək haqqı barədə cavabdehin iş yerindən arayış verilməkdən imtina edildikdə isə hər ay sabit pul məbləğində 1000 manat alimentin tutulması xahiş edilir. Yəni, iddia tələbinin bir hissəsi təmin olunduqda, digər hissənin təmin olunması mümkünsüzdür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi alimentin aylıq qazancın müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutulması qənaətinə gəlmişdir.
22. Alimentin sabit pul məbləğində tutulmasının aşağdakı şərtləri Ailə Məcəlləsinin 78-ci maddəsində qeyd olunmuşdur: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, - yaxud onun qazancı və ya sair gəliri yoxdursa, - habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda.
23. Lakin işin hallarından görünür ki, Cavabdeh aylıq pensiyası 2665,01 manat təşkil edir və eyni zamanda Bakı Biznes Universitetində məruzəçi işləyir və aylıq əmək haqqı 1230 manat təşkil edir.
24. Hazırkı situasiyada alimentin sabit pul məbləğində müəyyən olunması üçün yuxarıda göstəridən əsaslardan heç biri mövcud deyildir. Belə ki, cavabdehin rəsmi qaydada aldığı aylıq gəlirləri mövcuddur. Buna görə də apellyasiya şikayətinin alimentin sabit pul məbləğində deyil, aylıq gəlirlərin müəyyən hissəsi kimi tutulması ilə bağlı dəlilləri əsaslıdır və qətnamənin ləğvinə əsas verir.
25. Lakin iddianın alimentin tutulmasının başlanğıcının mediasiyaya müraciət edildiyi vaxtdan hesablanması ilə bağlı hissəsi və bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz.
26. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən edilməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(004)- 3530/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(004)- 3530/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(004)- 5639/2017 saylı qətnaməsi ilə 21 noyabr 2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin. 21 noyabr 2016-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və ya baqa gəlirlərinin 1\4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Günay Axundova Xəyal Sarıyev