Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-641/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil3, Cavabdeh özünün və vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona olan borcun ödənilməsi məqsədi ilə dən 15.071,36 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 135,22 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xalası olan cavabdeh Rusiya Federasiyasının vətəndaşı olan iddiaçıya 2019-cu ilin sonunda müraciət edərək, iddiaçının yaşadığı Moskva şəhərinə gəlib, orada müalicə olmaq istədiyi bildirmiş və xahiş etmişdir ki, iddiaçı onun yol, müalicə və əməliyyat xərclərini öz üzərinə götürsün və vəd vermişdir ki, müalicədən sonra borcunu qaytaracaq. İddiaçı cavabdeh ilə razılaşmış və cavabdehin bütün xərclərini ödəmişdir. Borc verilməsindən iddiaçının anası və digər qohumların məlumatlı olmuşlar. İddiaçı cavabdehin müalicəsi üçün xx.xx.2020-ci il tarixdə 342.500 rubl, xx.xx.2019cu il tarixdə 126.540 rubl; tibbi analizlərə görə hissə-hissə cəmi 13.395 rubl, əlavə əməliyyat xərclərinə görə hissə-hissə cəmi 2.274,4 rubl, biletlərin alınmasına görə hissəhissə 21.820 rubl və 663.48 manat, digər xərclərə görə hissə-hissə cəmi 12.908 rubl məbləğində pul xərclənmişdir. Beləliklə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 15.071,36 manat borc verilmişdir. Lakin cavabdeh tərəfindən borc qaytarılmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək, əvvəlcə pulu ödəyəcəyini bildirsə də, lakin sonunda həmin pulu verməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 135,22 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Rayon Məhkəməsinə verdiyi izahatda cavabdeh bildirmişdir ki, o, 2019-cu ilin noyabr ayının ortalarından 2020-ci ilin yanvar ayının ortalarına kimi Moskva şəhərində müalicədə olsa da, onun Moskvaya getməsi, orada yaşaması və müalicə olması bacısı Qəmərin qızı olan iddiaçının hesabına deyil, onun öz hesabına həyata keçmişdir. O, iddiaçıdan borc istəməmiş və borc almamışdır. Müalicə üçün o ümumiyyətlə Moskvaya getmək istəməmiş, Bakıda müalicə olmaq istəmişdir, lakin iddiaçı özü ona demişdir ki, əgər o iddiaçıya 3.000 ABŞ dolları versə onu Moskvada həm müalicə etdirər, həm də “Yeni il” bayramını orada birlikdə qeyd edərlər. O, bu təklif ilə razılaşmış və 3.000 ABŞ dolları məbləğində pulu iddiaçıya vermişdir. Artıq Moskva şəhərində olanda, iddiaçı, onu xəstəxanaya aparmış və bu zaman xəstəxanaya onun deyil, özünün anasının (cavabdehin bacısının) Qəmərin şəxsiyyətini təsdiq edən sənədi təqdim etmişdir, çünki Qəmər də Rusiya Federasiyasının vətəndaşıdır və bu səbəbdən “Tibbi sığortası” var. Buna görə də, onu həmin sənədlər əsasında, yəni başqa ölkənin vətəndaş kimi yox, Rusiya Federasiyasının tibbi sığortasına malik olan yerli vətəndaşı kimi əməliyyat etmişlər. Onun hesablamalarına görə onun iddiaçıya verdiyi 3.000 ABŞ dolları onun Moskvada yaşaması və müalicəsi üçün artıqlaması ilə yetərli olmuşdur. Onun xəstəxanadan kənar xərclərini isə qardaşı Lütfiyar ödəmişdir. İddiaçının belə bir yalan iddia, saxta sübutlarla məhkəməyə müraciət etməklə onun diqqətini aralarında evlə bağlı olan mübahisəsindən yayındırmaq niyyətindədir. Belə ki, iddiaçı və iddiaçının anası ona evi zəbt etmişlər və evdən çıxmırlar, baxmayaraq ki onların həmin evdən çıxarılmaları ilə bağlı icra vərəqəsi Sabunçu Rayon İcra Şöbəsini icraatındadır. İddiaçı və iddiaçının anası icra məmurunu aldadaraq evindən çıxmaq istəmirlər. Bundan başqa nəzərə alınmalıdır ki, o, Moskvada olandan sonra 4 il 9 ay keçmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülüb. Bu halda da iddia tələbinin rədd edilməsi üçün əsasdır (cavabdeh tərəfindən işə baxmış Rayon Məhkəməsinə “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə verilmişdir). c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində olmuşdur. Həmin müddətdə, yəni xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə və xx.xx.2020-ci il tarixdə müxtəlif həkim müayinələrində olmuş, ondan müxtəlif analiz nümunələri götürülmüşdür. Həmin tarixlərdə cavabdehə göstərmiş tibbi xidmətlərə görə iddiaçı tərəfindən tibb müəssisələrinə müvafiq olaraq 126.540 rubl, 342.500 rubl, 3.900 rubl və 6.795 rubl məbləğində pul vəsaitləri ödənilmişdir. Qeyd olunan hissədə iddia tələbi iş materiallarında olan sübutlarla təsdiq olunur. İddianın qalan hissəsi sübuta yetmir. İddiaçı, cavabdehin müalicəsi üçün çəkdiyi xərcin onun tərəfindən cavabdehə borc verilməsi kimi qələmə versə də, işin hallarından müəyyən edilir ki, onların arasında nə şifahi, nə də ki, yazılı surətdə “Borc müqaviləsi” bağlanmamışdır. İşin hallarından həmçinin müəyyən edilir ki, cavabdeh, iddiaçının çəkdiyi və yuxarıda qeyd edilən pul vəsaitlərini iddiaçıya qaytarmamışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh iddiaçının ödədiyi pul vəsaitini iddiaçıya qaytarmamaqla əsassız varlanmışdır. İddia tələbi qismən əsaslı olsa da, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, cavabdeh, Moskva şəhərində ona göstərilən tibbi xidmətlərə görə iddiaçının ödədiyi pulu iddiaçıya qaytarmamaqla əsassız varlanmasına baxmayaraq, iddiaçı həmin pul vəsaitini qanunvericiliklə müəyyən edilmiş müddətdə tələb etməmiş və hüquqi nəticə etibarı ilə 1 illik iddia müddətini hər hansı üzürlü səbəb olmadan ötürmüşdür. Cavabdeh isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə vermişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi həmçinin iddia müddətini tətbiq edərkən iddiaçının Rusiya Federasiyasında yaşamasını, pul verilən ərəfələrdə “COVİD 19” pandemiyasının olmasını, bununla bağlı ölkəyə giriş-çıxışın məhdudlaşdırılmasını, eyni zamanda iddiaçının həmin ərəfələrdə göstərilən virusa yoluxmasını və bununla bağlı uzun müddət müalicə olunmasını və Azərbaycana gəlməməsini, hüquqlarının pozulmasını yalnız 2022-ci ildə bilməsini və iddia müddətinin həmin vaxtdan hesablanmalı olması hallarına qiymət verməmiş və iddia müddətinin ötürülməsi ilə bağlı iddianın rədd edilməsinə dair qərar qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında verdikləri izahatlar barədə məlumat
8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
9. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdehin müalicəsinə görə o, hissə-hissə 37.000 manata qədər pul xərcləmişdir. Cavabdeh ona demişdir ki, evini satışa qoyub və ən geci 2020-ci ilin sonuna qədər borcunu qaytaracaq. 2020-ci ilin sonunda cavabdeh borcunu qaytarmadığı üçün o, Azərbaycana gəlib, pulunu cavabdehdən geri götürmək istəsə də, müharibəyə və pandemiyaya görə bunu edə bilməmişdir. 2021-ci ildə isə o, “COVİD-19” virusuna yoluxmuş, uzun müddət ərzində müalicə olmuşdur. Bu müddət ərzində də cavabdeh borcunu qaytarmadı. 2022-ci ilin avqust ayında o, Azərbaycana gəlmiş və cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmək istəmişdir. Bundan xəbər tutmuş cavabdeh ona bildirmişdir ki, evini artıq satıb və borcu qaytarmağa hazırdır. Bu səbəbdən də o, cavabdehə qarşı iddia verməmişdir. Lakin cavabdeh onu yenə də aldatmış, borcun qaytarılmasından yayınmışdır. Bunu səbəbdən o, cavabdehə təklif etmişdir ki, onunla bilikdə notariusun yanına gedib “Borc müqaviləsi” bağlasınlar, lakin cavabdeh oxumağı və yazmağı bilmədiyi üçün təkliflə razılaşmamışdır. 2022-ci ilin oktyabr ayında o, Moskvaya qayıtmışdır. Daha sonra anasının səhhətində problemlər yaranmışdır. 2023-cü ildə ayağı sındığı üçün o, 4 ay gipsdə olmuş və yenə də Azərbaycana gələ bilməmişdir. 2023-cü ilin dekabr ayında isə nənəsi vəfat etmişdir. Bu səbəbdən də o, iddia ərizəsi ilə məhkəməyə yalnız 2024-cü ilin aprel ayında müraciət edə bilmişdir. Göründüyü kimi, o iddia müddətini ötürməmişdir, onun üzürlü səbəbləri olmuşdur.
10. Apellyasiya baxışında iştirak etmiş cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Moskva şəhər 2 saylı Poliklinikasının (“Ailə həkimi” Səhmdar Cəmiyyəti) 317881 nömrəli (tarixsiz) arayışından görünür ki, hazırkı iş üzrə cavabdehə göstərilmiş tibbi xidmətə görə iddiaçı tərəfindən Poliklinikaya xx.xx.2019-cu il tarixdə 126.540 rubl məbləğində ödəniş edilmişdir.
13. Həmin Poliklinikanın 119035 nömrəli (tarixsiz) arayışından görünür ki, hazırkı iş üzrə cavabdehə göstərilmiş tibbi xidmətə görə iddiaçı tərəfindən Poliklinikaya xx.xx.2020ci il tarixdə 342.500 rubl məbləğində ödəniş edilmişdir.
14. İşdə olan xx.xx.2019-cu il tarixli rezarvasiya edilmiş aviabiletin surətindən görünür ki, cavabdehin və (cavabdehin bacısı, iddiaçının isə anası) X1 Maxaçqala-Moskva aviareysi ilə Moskva şəhərinə getmələri üçün iddiaçı tərəfindən 1.999 rubl məbləğində pul ödənilmişdir.
15. Moskva şəhəri “X5” QSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Müayinə sənədindən” və "xxxx" görünür ki, Tibb Müəssisəsi tərəfindən cavabdehin qarın boşluğu orqanlarının ultrasəs müayinəsi edilmişdir və bununla bağlı iddiaçı tərəfindən Müəssisəyə 3.900 rubl məbləğində ödənilmişdir.
16. Həmin QSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Göndəriş blankından” və xx.xx.2019-cu il tarixli “ödəniş qəbzdən” görünür ki, həmin tarixdə cavabdehdən analiz nümunələri götürülmüş və bununla bağlı iddiaçı tərəfindən Müəssisəyə 6.795 rubl məbləğində ödənilmişdir.
17. Göstərilənlərə və iş üzrə tərəflərin verdikləri məlumatlara əsasən işə baxmış Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş və apellyasiya baxışının nəticəsi ilə təsdiq edilmişdir ki, cavabdeh xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində olmuş, bu müddətdə o, müxtəlif tibbi müayinələrdən keçmiş və bunun üçün iddiaçı tərəfindən yuxarıda qeyd edilən məbləğlərdə ödənişlər edilmişdir. Cavabdeh həmin məbləğlərin əvəzini iddiaçıya qaytarmamışdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində onun tərəfindən cavabdehə görə edilmiş ödənişlərin daha çox məbləğdə olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutlarını Rayon Məhkəməsinə təqdim etməmişdir.
18. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, iddiaçı, cavabdehin müalicəsi üçün çəkdiyi xərcin onun tərəfindən cavabdehə borc verilməsi kimi qələmə versə də, işin hallarından müəyyən edilir ki, onların arasında nə şifahi, nə də ki, yazılı surətdə “Borc müqaviləsi” bağlanmamışdır.
19. İşin hallarından müəyyən edilir ki, cavabdeh, iddiaçının çəkdiyi və yuxarıda qeyd edilən pul vəsaitlərini iddiaçıya qaytarmamışdır. Başqa sözlə, cavabdeh iddiaçının ödədiyi pul vəsaitini iddiaçıya qaytarmamaqla iddiaçın hesabına əsassız olaraq varlanmışdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).
21. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Bu baxımdan qəbul edilməlidir ki, cavabdehin xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində müxtəlif tibbi müayinələrdən və müalicədən keçməsi ilə əlaqədar iddiaçı tərəfindən yuxarıda qeyd edilən (sübuta yetən) məbləğlərdə ödənişlər edilmiş və iddiaçı həmin məbləğlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Lakin o, digər (sübuta yetməyən) məbləğlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlı deyil.
23. Rayon Məhkəməsi, iddiaçı tərəfindən ödənilməsi sübuta yetməyən məbləğlərin qaytarılması barədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.
24. Yuxarıda artıq qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi, iddiaçı tərəfindən ödənilməsi sübuta yetən məbləğlərin qaytarılması barədə iddia tələbini də rədd etmiş və bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı həmin pul vəsaitini qanunvericiliklə müəyyən edilmiş müddətdə tələb etməmiş və hüquqi nəticə etibarı ilə 1 illik iddia müddətini hər hansı üzürlü səbəb olmadan ötürmüşdür. Cavabdeh isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə vermişdir.
25. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, iddia ərizəsi ilə məhkəməyə gec (iş materiallarından görünür ki, iddia ərizəsi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur) müraciət etməsi üzürlü səbəblərdən baş vermişdir (daha ətraflı məlumat hazırkı qətnamənin 9-cu bəndində qeyd edilib).
26. Lakin iddiaçının apellyasiya baxışı zamanı verdiyi məlumatlardan görünür ki, o, 2020-ci ilin sonunda, 2021-ci ilin əvvəlində hüququnun cavabdeh tərəfindən pozulduğunu artıq bilirdi, lakin o, həmin ərəfədə iddiaçıya qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir.
27. Bununla bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (maddə 1095.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.).
28. İşin bu halına Mülki Məcəllənin 377.1 və 1095-ci maddələrinin tələbləri baxımından yanaşdıqda müəyyən edilir ki, iddiaçı iddia müddətini ötürmüşdür, “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” cavabdehin ərizəsi əsaslıdır.
29. Rayon Məhkəməsi iddia ərizəsinin müzakirə edilən bu hissəsinə iddia müddətini tətbiq edib, tələbi rədd edərkən iddia müddətinə iki illik müddət kimi deyil, bir illik müddət kimi yanaşsa da, onun iş üzrə gəldiyi nəticə faktlar nöqteəyi-nəzərindən və mahiyyət etibarı ilə düzgün olmuşdur. MPM-in 385.2-ci maddəsinin tələbinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. g) apellyasiya baxışının nəticəsi
30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə faktlar nöqteəyi-nəzərindən və mahiyyət etibarı ilə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. Buna görə də MPM-in 385.2-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.
32. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iş üzrə cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
33. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə iddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.