Məhkəmə qərarları › İş №2(103)-6410/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6410/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6410/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması tələbi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər, yəni İddiaçı və Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun saxlanması üçün Cavabdeh hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir.

3. İş materiallarına xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun müvafiq xəstəliyi barədə tibbi sənədlər əlavə edilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilir ki, xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Ona “serebral iflic” dioqnozu qoyulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər uşağa münasibət 170 manat olmaqla ümumilikdə 340 manat məbləğində alimentin artırılaraq hər uşağa münasibətdə 235 manat olmaqla ümumilikdə 470 manat sabit pul məbləğində alimentin, xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun xəstəliyi ilə bağlı əlavə olaraq 200 manat əlavə xərcin tutulması və mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi uşaqların tələbatlarının artması, qida məhsullarının qiymətlərinin qalxması, kiçik uşağın müalicə xərclərinin yüksək olması və təyin olunmuş alimentin ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna uyğun olmaması ilə əsaslandırılmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(004)-3292/24 saylı qətnaməsi ilə (hakim F.Əlizadə) iddia təmin edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi qismən təmin olunmalı, qüvvədə olan məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmalı, alimentin məbləği hər uşağa münasibətdə 235 manat müəyyən edilməli və xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun xəstəliyi ilə bağlı əlavə olaraq hər ay 50 manat əlavə xərc cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 75, 76, 78, 81, 112-ci və MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - əlavə xərc hissəsində ləğv edilməsini və əlavə xərc hissəsində hər ay 200 manat pul tutulmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kifayət qədər əsaslandırılmaması, cavabdehin əlavə xərcə görə tələb olunan 200 manatı ödəmək iqtidarında olması ilə əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublkasının Ailə Məcəlləsi:

Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir”.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarı: Bənd 8.2. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qərar qəbul edərkən uşaqların üstün mənafeyini əsas götürür. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən qismən əlavə xərclər hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

22. Birinci instansiya məhkəməsi əlavə xərcin tutulması hissəsində iddianı qismən təmin edərkən bu nəticəyə gəlmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü Hüseynov Kamran Məmməd oğlunun saxlanılması üçün Cavabdeh hər ay 200 manat məbləğində əlavə xərcin tutulması cavabdehin həddən artıq maliyyə yüklənməsinə səbəb olacaqdır. Lakin, məhkəmə hesab edir ki, uşağın xəstə olması xüsusatı (mülki işin mübahisəsiz halıdır) əsas götürülməklə və üstün mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə hər ay 50 (əlli) manat məbləğində əlavə xərcin tutulması qanuni və əsaslıdır.

23. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hüquqdan suiistifadə edilməsi yolverilməzdir. Uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir.

24. Cavabdeh qeyd edir ki, “iddiaçı təxminən 4 ildir ki, Rusiya Federasiyasında uşaqlarla birlikdə yaşayır. Həmin vaxtdan etibarən cavabdehin valideyn kimi övladları ilə ünsiyyəti iddiaçı və ailəsi tərəfindən tam məhdudlaşdırılmışdır. Uşaqlarla ünsiyyətə dair məhkəmə qətnaməsi möcud olsa da onun hər hansı əlaqə saxlamaq imkanı yoxdur. Ata kimi öhdəlik daşımağa hazır olsa da, övladları ilə ünsiyyət saxlamaqda xüsusi maraqlıdır”. Sözügedən arqumenti məhkəmə faktiki olaraq qəbul etsə də, bu xüsusat valideynin (ata) aliment öhdəliklərinin azaldılmasına və ya aradan qaldırılmasına əsas ola bilməz. Lakin, mülki hüquq münasibətlərin subyektləri tərəfindən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədiilə istifadə edilməsi yol verilməzdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və eyni zamanda qeyd edir ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı müəyyən sənədləri təqdim etmiş olsa da, bununla bağlı hər hansı xərc çəkməsinə və ümumiyyətlə nə qədər xərc tələb olunmasına dair mötəbər sübutlar təqdim etməmişdir.

26. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

29. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 28 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar