Məhkəmə qərarları › İş №2(103)-6417/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6417/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6417/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, bankla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli qətnamə ilə müəyyən edilən borcdan 23 dekabr 2022-ci il tarixinə qalan 74 620,84 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Komersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, mübahisə üzrə tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraata qəbul edilməsindən imtina olunmuş, aidiyyət məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Xətai Rayon Məhkəməsi işin ərazi aidiyyatını mübahisələndirmək üçün onu Bakı Apellyasiya Məhkəməsinə göndərərkən, işin ümumi məhkəmə yox, ixtisaslaşmış məhkəmə olan kommersiya məhkəməsi tərəfindən göndərildiyini nəzərə almamışdır. Belə olan halda, işin ərazi aidiyyati üzrə düzgün verilmədiyi nəticəsinə gələn məhkəmə bu işin başqa eyni statuslu məhkəməyə göndərilməsi barədə qərardad qəbul etməyə səlahiyyətlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadı ilə işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə həmin qənaətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...İddiaçı ləğv prosesində olan "Texnikabank” ASC-dir və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Həmçinin "Azemis” Elektron Məhkəmə informasiya sistemindən vergi ödəyicisinin məlumatları barədə çıxarışdan görünür ki, Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 40-dır. "Bank Technique” ASC ilə "AAAF- İnşaat” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 9.2-ci maddəsində "Tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş qaydada aidiyyatı üzrə Bakı şəhərinin məhkəmələrində həll edilir” qeyd edilmişdir. Göründüyü kimi tərəflər arasında müqavilənin Bakı şəhərinin məhkəmələrində həll edilməsi barədə razılığa gəlsələr belə, tərəflərin iradə ifadəsi qeyri-dəqiq ifadə edilmiş, mübahisənin məhz hansı məhkəmədə həll edilməsi göstərilməmişdir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 9.2-ci maddəsinə əsasən tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisələrə aidiyyatı üzrə Bakı şəhərində baxılması barədə razılığa gəldiklərindən, hazırkı mübahisənin həllində müqavilə aidiyyəti əsas götürülməli olduğundan, cavabdehlərin Abşeron rayonunda qeydiyyatda olması və mülki işin Abşeron Rayon Məhkəməsinə göndərilməsi müqavilənin Bakı şəhər məhkəmələrində baxılması müddəası ilə uzlaşmadığından, mülki iş baxılması üçün iddiaçının ləğvedicisinin hüquqi ünvanı əsas götürülməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməldir”. Qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadı ləğv olunaraq iş, ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 40.2-ci maddəsinə görə isə, tərəflər aralarındakı sazişlə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqaviləyə istinad edərək işə Bakı şəhərinin ümumi yurisdiksiyalı məhkəmələrində baxılmalı və bu zaman səlahiyyətli məhkəmənin iddiaçının ünvanı üzrə müəyyənləşdirilməli olduğu nəticəsinə gəlsə də, nəzərə almamışdır ki, iddiaçı Əmanətlərin Sığortalanması Fondu deyil, hüquqi ünvanı Bakı şəhərinin Xətai rayonu ərazisində (Xətai rayonu, Babək prospekti ev 16) yerləşən İddiaçı ASC-dir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi istinad etdiyi əsasla işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4969/2023 saylı mülki iş üzrə 22 avqust 2023-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar