Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6419/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Pirallahı Rayon Məhkəməsinin 2(094)-18/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Pirallahı Rayon Məhkəməsinin 2(094)-18/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 3000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, “Azneft” X1 Xidmətində 1 nömrəli sahə üzrə dalğıc vəzifəsində çalışır. İşlə əlaqədar olaraq dənizdə neft daşlarında olmuş, dünyada və ölkədə cərəyan edən pandemiya ilə əlaqədar dənizdə qalmış və buna görə də qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)-18/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilmiş, iddiaçının həmin qərardaddan verdiyi şikayət isə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh ərizədə dənizdə olduğunu bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı ləğv edilərək, xx xxxx 2020-ci il tarixli qətnamədən apellyasiya şikayəti verməsi üçün ötürdüyü prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, xx.xx.2020-ci il tarixdə çıxarılmış qətnamə poçt vasitəsilə cavabdehə göndərilmiş, qətnamə xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən poçt xəbarnaməsinə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan “Azneft” X1 Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən təsdiq olunmuş qrafik üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iş yerində olmuşdur. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən şikayət verilməsi müddətinin üzrlü səbəbdən buraxıldığı qənaətinə gəlməklə prosessual hüquq normalarını düzgün təfsir etməmişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən sonra iş yerində olmamış, ölkədə xüsusi karantin rejimi tətbiq edilsə belə ölkə üzrə poçt xidmətləri fəaliyyət göstərmişdir. Cavabdeh həmin müddətdə apellyasiya şikayətini poçt vasitəsilə məhkəməyə ünvanlaya bilərdi. Cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-18/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş üzrə Cavabdeh “prosessual müddətin bərpası barədə ərizə”si təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6419/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6419/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver