Məhkəmə qərarları › İş №2(103)-6419/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6419/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6419/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pulun tutulması” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1273/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla “Vilardi” studiyanın sahibi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit (borc) müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən o, studiyanın inkişafı məqsədi ilə cavabdehə 126.000 manat borc pul məbləği vermiş və cavabdeh həmin pul məbləğini tərtib olunmuş siyahı üzrə hər ay 6300 manat (gündəlik 210 manat) olmaqla 20 ay ərzində, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəliyinə götürmüşdür. Həmin kredit müqaviləsi Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş və 3M732 No ilə reyestrə daxil edilmişdir. Belə ki, Cavabdeh ona olan ümumilikdə 126.000 manat borc puldan 52.500 manat pul məbləğini ona geri qaytarmış, lakin geridə qalan 73.500 manat məbləğində borc pulu indiyədək ödəməmiş və müqavilə üzrə üzərinə öhdəliyi göstərilən müddət ərzində yerinə yetirməmişdir. Cavabdeh onun cavabdehə olan etibarından suiistifadə edərək həmin borc pul məbləğindən əlavə olaraq 32.450 ABŞ dolları pul məbləğində borc pul məbləği verməsini xahiş etmiş və o, cavabdehə həmin pul məbləğini vermiş, cavabdeh isə borc pulu geri qaytarmaq öhdəliyi götürmüşdür. Cavabdeh 32.500 ABŞ dolları borc pul məbləğindən 4500 ABŞ dolları borc pulu geri qaytarmış, lakin indiyədək geriyə qalan 28.000 ABŞ dolları borc pulu iddiaçıya geri qaytarmamışdır, həmin borcun mövcudluğunu öz razılığı ilə videoçəkilişlə təsdiq etmişdir (notarial orqanları mövcud borcun etirafı haqqında müqaviləni rəsmiləşdirməkdən imtina etdiklərindən onlar belə videoçəkilişə üstünlük vermişlər). Beləliklə, Cavabdeh ona ümumilikdə 73500 manat və 28.000 ABŞ dolları borc pul məbləğini indiyədək ödəməmişdir və bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 73.500 manat və Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə əsasən 28.000 ABŞ dolları pul məbləğinin, eləcə də iddiaçı tərəfindən ödənilmiş 511 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2(009)-1273/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim şahin Abdullayev) ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 70.600 (yetmiş min altı yüz) manat və 28.000 (iyirmi səkkiz min) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 408 (dörd yüz səkkiz) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddia tələbinin ilk hissəsi kimi tərəflər arasında borc müqaviləsi notariat qaydada bağlansa da, tələbin 28 000 dollar hissəsində müqavilə qanunvericliyin tələbləri gözlənmədən bağlanmışdır. Halbuki, göründüyü kimi 3 min manatdan yuxarı məbləğlər borc verildiyi zaman onun notariat qaydada bağlanması imperativ tələbdir. Əqdlərin forması barədə qanunvericilikdə qeyd olunur ki, qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Buna baxmayaraq, hakim notariusda təsdiq edilmiş müqaviləni deyil, sadəcə öz aralarında çəkilən videonu əsas tutmuş və o videoda pulun dollarla qaytarılacağı qeyd olunduğu üçün qərarı bu yöndə vermişdir. Lakin qeyd olunduğu kimi məhkəmə bu hissədə sübut kimi video çəkilişə deyil, notariat qaydasında təsdiq edilmiş müqaviləyə istinad etməli idi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, cavabdehlə əvvəllər də münasibətləri olmuş, belə ki aralarında notarial qaydada bağladıqları 126.000 manat pul vəsaitinin verilməsinə dair borc müqaviləsi mövcuddur, cavabdeh həmin müqavilə üzrə ödəniş edərək, borcun bir hissəsini qaytarmışdır, bu baxımdan aralarında etibarlı münasibətlər var idi, sonra cavabdeh ona təcili pul lazım olduğunu bildirmiş, təcili olduğu üçün ona pulu müqavilə bağlamadan verməsini, müqaviləni isə sonra bağlamalarını xahiş etmiş, o da razılaşmış cavabdehə 32450 ABŞ dolları pul vermiş, həmin puldan cavabdeh müəyyən məbləğ qaytarmış, həmin puldan 28.000 ABŞ dolları borclu qalmasını isə zərurətdən video ilə çəkiliş etməklə öz aralarında rəsmiləşdirdilər. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, qətnamə qanuni və əsaslıdır, iddiaçı 2 dəfə cavabdehə borca pul veribdir, birinci dəfə verilən borc pulla bağlı notarial müqavilə var, ikinci dəfə verilən borc pulla bağlı isə müqavilə yox, video çəkiliş var, hansı ki, həmin çəkiliş məhz cavabdehin razılığı ilə çəkilmişdir. Cavabdeh ona pulun təcili lazım olduğunu bildirdiyinə görə, borc pulun verilməsinə görə notarial qaydada müqavilə bağlanmamışdır. Həmçinin bildirdi ki, cavabdeh heç birinci instansiya məhkəməsində işə baxılarkən də gəlmirdi, indi apellyasiya şikayəti versə də məhkəmə iclasına gəlmir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Cavabdeh tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli iltizamın surətindən görünür ki, o, “Vilardi” studiyasının inkişafı məqsədilə İddiaçı 126.000 manat pul məbləğini almışdır. Bu məbləği hər gün 210 manat olmaq şərtilə xx.xx.2021-ci il tarixdən etibarən 20 ay ərzində, yəni xx.xx.2023-cü il tarixədək, otaqlarda işləyən 7 ustanın gəlirindən ödəməsi öz öhdəsinə götürmüşdür.

10. “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən Salayev X1 Əfruz Nazim oğluna 126.000 manat məbləğində borc pul vermiş, Cavabdeh krediti xx.xx.2023cü il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.

11. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı Notariat ofisində kredit müqaviləsi bağlayaraq 126.000 manat məbləğini xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə borc almış, həmin kredit müqaviləsinə əsasən, 55.400 manat pul qaytardığını bildirmişdir (i/v 53).

12. Mülki iş materiallarındakı CD diskdə olan video yazıdan məlum olur ki, cavabdeh iddiaçıya ikinci müqaviləyə əsasən 28.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

13. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində ətnamənin bütünlüklə ləğv edilməsini xahiş etsə də, qətnamənin məzmunundan açıq-aşkar məlum olur ki, cavabdeh məhz 28.000 ABŞ dolları pul tələbinə dair hissədə qətnaməni mübahisələndirir, bu baxımdan Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddianın 28.000 ABŞ dolları pul tələbi hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, tərəflərin arasında iddiaçının iddia etdiyi kimi borc münasibətlərinin olduğu dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə 3000 manatdan yuxarı olan borc müqaviləsi notarial qaydada bağlanmalı idi. Hazırkı halda isə belə bir müqavilə yoxdur, iddiaçı yalnız video görüntü əsasında ondan 28.000 ABŞ dolları tələb edir.

16. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən plenum telefon danışıqlarının mülki məhkəmə icraatında istifadə olunmasına dair göstərmişdir ki, “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.

17. Bu baxımdan Kollegiya hesab edir ki, hazırkı iş üzrə rayon məhkəməsinin sübut kimi istinad etdiyi video görüntünün həqiqiliyi nəinki mübahisələndirilmir, əksinə cavabdehin özü də həmin yazının mövcudluğunu təsdiq etmişdir. Demək ki, həmin video yazı tərəflər arasında olan borc münasibətləri ilə əlaqədar olmaqla mübahisənin həllində sübut hesab olunur. Yuxarıda da qeyd olunduğu kimi, cavabdehin yeganə dəlili iddiaçının tələb etdiyi 28.000 ABŞ dollarına dair borc müqaviləsinin yazılı qaydada bağlanmalı olmasına dair qanunun tələbinə əməl olunmaması ilə bağlı olmuş və cavabdeh bu vaxt tərəflər arasında münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə istinad etmişdir ki, həmin normanın tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. Kollegiya cavabdehin həmin maddəyə istinad edərək, 3000 manatdan yuxarı olan borc müqaviləsinin yazılı qaydada bağlanması barədə dəlili üzrə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Bununla bağlı qeyd edilməlidir ki, MM-in 739-cu maddəsində borc müqaviləsinin anlayışı verilmiş, Məcəllənin 740-cı maddəsində isə borc müqaviləsinin forması müəyyən olunmuşdur. Məlum olduğu kimi, MM qəbul olunarkən 740-cı maddədə borc müqaviləsinin şifahi bağlanılan müqavilə olduğu müəyyən olunmuşdur. Eyni zamanda həmin normada borc müqaviləsinin bağlanmasında tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilməsi təsbit olunmuşdur. Borc müqaviləsinin bağlanmasının həmin qaydası xx.xx.2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikası Qanununun qüvvəyə minənədək, yəni xx.xx.2016-cı il tarixədək qüvvədə olmuşdur. Yəni borc müqaviləsi predmetinin məbləğinin 3000 manatdan çox olduğu halda müqavilənin yazılı olmasına dair tələb istinad olunan qanunun qəbulundan sonra yaranmışdır. Borc müqaviləsinin formasına dair belə tələbin yaranması təsadüfi olmamışdır. Yeni qaydanın müəyyən olunmasınadək keçən dövr ərzində məhkəmə təcrübəsi göstərdi ki, borc münasibətlərində müqavilənin şifahiliyinə dair nəzərdə tutulan həmin qayda mülki münasibətlərin asanlaşdırılması, eləcə də mülki dövriyyənin sürətli inkişafı baxımından olduqca mütərəqqi bir hal olsa da, mübahisələrin həlli zamanı ciddi, xüsusən də borcun verilib-verilməməsi, borcun alınması, onun məbləği, eləcə də digər şərtləri ilə bağlı sübutetmə məsələsində bir sıra çətinliklər, qeyri-müəyyənliklər ortaya çıxmışdır. Bəzən də bu mülki dövriyyə iştirakçılarının- borc müqaviləsinin tərəflərinin öz hüquq və vəzifələrinin icrasından yayınmağa və sui-istifadəsinə şərait yaradırdı. Məhz borc münasibətlərindən yaranan mübahisələrə baxılarkən mövcud vəziyyəti nəzərə alaraq, bu sui-istifadə və qeyrimüəyyənliklərin aradan qaldırılması baxımından, qanunverici məbləği 3000 manatdan çox olan borc müqaviləsinin formasının yazılı olması kimi bir qayda müəyyən etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məlum olur ki, borc müqaviləsinin yazılı olması ilə bağlı tələb daha çox sübuti əhəmiyyət daşıyır, nəinki müqavilənin etibarlılığı məsələsinə təsir edir. Dəyişiklikdən sonra da 3000 manat məbləğində borca dair müqavilənin şifahi bağlana bilməsinin qanunda müəyyən olunması da bu qənaətin təsdiqidir. Əks halda necə ola bilər ki, 3000 manat məbləğində borc müqaviləsi şifahi bağlanır və etibarlı olur, 3001 manat məbləğində borc müqaviləsi isə yazılı olmadıqca etibarsız olur. Belə bir yanaşma dayanıqlı və məntiqli də görünmür. Cavabdeh özü tərəflərin razılığı ilə aparılan video yazıda iddiaçıya tələb olunan məbləğdə borcu olduğunu bildirir. Eyni zamanda, cavabdeh şikayətində tərəflər arasında borc münasibətlərinin olmasını, eləcə də borcun məbləğini (28.000 ABŞ dolları) mübahisləndirmir. Belə olan halda həmin müqavilənin yazılı olması barədə tələbin güddüyü əsas məqsədin (sübut etmə) təmin olunduğu müəyyən olunur.

19. Bundan başqa MM-in 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Demək ki, cavabdehin həmin dəlili əsaslı olmuş olsa belə, o, iddiaçıdan borc aldığı və məbləğini mübahisələndirmədiyi 28.000 ABŞ dolları pul vəsaitini geri qaytarmağa borcludur. Nəticə:

20. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

22. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1273/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar