Məhkəmə qərarları › İş №2(103)-642/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-642/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-642/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) Vəkil, cavabdehin vəkili (nümayəndəsi) X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 07.06.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan borcun ödənilməsi məqsədi ilə 830.000 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin arasında 07.06.2018-ci il tarixində bağlanmış və Bakı Şəhəri 51 saylı Notariat Kontoru tərəfindən qeydə alınaraq rəsmiləşdirilmiş “Kredit müqaviləsinə” əsasən cavabdeh 07.12.2018-ci il tarixdə qaytarmaq şərti ilə iddiaçıdan 830.000 manat məbləğində pulu borc almışdır. “Kredit müqaviləsi” bağlanarkən müqavilə iddiaçı və cavabdeh tərəfindən şəxsən imzalanmışdır. Aralarındakı şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıdan aldığı borcu hissə-hissə qaytarmalı idi. Lakin, cavabdeh qeyd edilən müqavilə və şifahi razılaşma üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, iddiaçıya olan borcu bugünədək qaytarmamışdır. Borcun qaytarılması ilə əlaqədar iddiaçının cavabdehə etdiyi müraciətlər cavabsız qalmışdır. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh, 2016-cı il dekabr ayında hər birinin ölçüsü 6 sot, ümumi dəyəri isə 440.000 manat olan və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ünvanında yerləşən 3 torpaq sahəsini iddiaçı ilə əvəzləşdirmə edilərək razılaşma əsasında, iddiaçı da əvəzində cavabdehə Xırdalanda yerləşən təzə inşa edilən ayrı-ayrı binalarda (100, 109, 128 və 189 kv.metr mənzilləri) və 140.000 manat pulu vermişdir. Bundan sonra onların arasında yuxarıda qeyd edilən əvəzləşmə üsulu ilə əqdlər üzrə sənədləşdirmənin gecikdiyini nəzərə alaraq və 03.05.2017-ci il tarixdə 230.000 manat dəyərində olan və Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3004-cü məhəllə, 25 “A” nömrəli mənzil cavabdeh tərəfindən alınaraq mənzilə görə ilkin ödəniş 40.000 manat məbləğində pul verilmişdir. Bununla yanaşı, yuxarıda qeyd edilən ilkin əqd üzrə sənədləşmə işinin ləngiməsini görərək cavabdeh tərəfindən iddiaçıya verilmiş torpaqların sənədlərini geri götürərək əvəzində 1.200.000 manat dəyərində olan və Bakı şəhəri, Nəsimi rayonu, 6-cı mikrorayonda yerləşən 10 sot torpağın içində villa təklif olunmuş və təklif zamanı aralarında şifahi əqdə görə həmin xüsusi ev 1.000.000 manata cavabdehlə hesablaşaraq razılaşdırılmışdır. Həmçinin, əqdin məbləğinin çox olduğunu nəzərə alaraq 2018-ci il cavabdehlə əlavə olaraq şifahi əqd əsasında Bakı şəhəri, Yasamal rayonu, “İctimai TV” kanalının yanında "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan 237 kv.metr mənzil cavabdehə verilmişdir. Bütün yuxarıda qeyd edilən əqdlər üzrə cavabdeh ilə iddiaçı 07.06.2018-ci il tarixdə ümumi razılığa gələrək onun tərəfindən iddiaçı şəxsə təklif edilərək üst-üstə əmlaklar üzrə 830.000 manat dəyərində notarial kontorunda yalançı əqd bağlanaraq ortada müqavilədə göstərilən məbləğ olmaması və sadəcə olaraq borc müqaviləsi bağlanaraq yuxarıda qeyd etdiyi kimi indiyə qədər də onların arasında əmlaklar üzrə sövdələşmələr davam etməkdədir, belə ki, axırıncı sövdələşməyə görə cavabdeh tərəfindən iddiaçıya yuxarıda qeyd edilən məbləğ üzrə 230.000 manat dəyərində mənzil şahidlərin iştirakı ilə geri qaytarılmışdır. Bununla da, cavabdeh, iddiaçıya əmlaklar üzrə 600.000 manat dəyərində əmlak qaytarmalıdır. Bu fakt da onlar arasında olan disk yazısı ilə tam şəkildə təsdiq olunur. Ona görə ki, cavabdehin iddiaçıya heç bir nağd şəkildə pul borcu yoxdur. Sadəcə olaraq, onlar arasında əmlaklar üzrə uzun müddətli şifahi əqdlər bağlanılır və müxtəlif aspektlərə görə həmin əqdlər bir hissəsi pozulmuşdur. Hal-hazırda iddiaçı tərəfindən cavabdehə təklif olunur ki, 1.000.000 manat dəyərində olan mülk üzrə cavabdehə 400.000 manat əlavə pul ödəyərək həmin mülkün onun adına rəsmiləşdirilsin. İddiaçı yuxarıda qeyd edilən pulu ödəmir və şifahi əqdi pozaraq qanunsuz olaraq ortada olmayan məbləği cavabdehdən tələb edir. İş üzrə iddiaçı cavabdehin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazına münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh, 2016-cı il dekabr ayında hər birinin ölçüsü 6 sot, ümumi dəyəri isə 440.000 manat olan və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ünvanında yerləşən 3 torpaq sahəsini iddiaçı ilə əvəzləşdirmə edilərək razılaşma əsasında, iddiaçı da əvəzində cavabdehə Xırdalanda yerləşən təzə inşa edilən ayrı-ayrı binalarda (100, 109, 128 və 189 kv.metr mənzilləri) və 140.000 manat pulu vermişdir. Cavabdeh tərəfindən yazılmış sənəddən görünür ki, o, söz verdiyi torpaq sahələrinə dair “Reyestrdən çıxarış” ala bilmədiyi üçün sənədləri geri almışdır. Lakin, nədənsə ona verilən və onun tərəfindən satılaraq pullarını özünə götürdüyü mənzillər barəsində heç bir söz demir və həmin əmlakları geri qaytarmamışdır. Özünün yazdığı sənəddə cavabdeh bildirir ki, bundan sonra iddiaçı ona dəyəri 230.000 manat olan üç otaqlı mənzil və dəyəri 200.000 manat olan dörd otaqlı mənzillər vermişdir. Bildirir ki, cavabdeh Xırdalan şəhərində deyil, məhz həmin mənzildə mənzil kirayə müqaviləsinə əsasən yaşayır. Bundan əlavə, cavabdeh iddia ərizəsinə etirazda bildirir ki, əvəzləşdirmə üsulu ilə əqdlər üzrə sənədləşmənin gecikdiyini nəzərə alaraq və 03.05.2017-ci il tarixində 230.000 manat dəyərində olan və Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 3004-cü məhəllə, 25 “A” mənzili onun tərəfindən alınaraq ona mənzilə görə ilkin ödəniş 40.000 manat pul vəsaiti vermişdir. Bildirir ki, mənzilə görə ona 40.000 manat ilkin ödəniş verilməmişdir, belə ki, həmin mənzil onun oğlunundur və cavabdehə kirayəyə verilmişdir, onunla oğlu arasında 03.05.2017-ci il tarixdə mənzil kirayəsi müqaviləsi bağlanmışdır. 40.000 manatı isə o, xəstəxanada yatanda borcundan vermişdir. Bundan əlavə, cavabdeh iddia ərizəsinə etirazda bildirir ki, ilkin əqd üzrə sənədləşmənin uzadılmasını görərək onun tərəfindən qarşı tərəfə verilmiş torpaqların sənədlərini geri götürərək əvəzində 1.200.000 manat dəyərində olan və Bakı şəhəri, 6-cı mikrorayonda yerləşən 10 sot torpağın içində villa təklif olunmuşdur və təklif zamanı aralarında şifahi əqdə görə həmin xüsusi ev 1.000.000 manata cavabdehlə hesablaşaraq razılaşdırılmışdır. Bildirir ki, həmin villa ona təklif olunmuşdur. Lakin, həmin villa başqa bir adama məxsusdur və dəyərindən ikiqat çox qiymətə ona təklif olunmuşdur. Bu məsələ ilə bağlı onların arasında hər hansı bir razılaşma olmamışdır. Bundan əlavə, cavabdeh iddia ərizəsinə etirazda bildirir ki, 2018-ci ildə cavabdehlə əlavə olaraq şifahi əqd əsasında Bakı şəhəri, Yasamal rayonu, “İctimai TV” kanalının yanında "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 237 kv.metr mənzili ona verilmişdir. Bütün yuxarıda qeyd edilən əqdlər üzrə onunla cavabdeh 07.06.2018-ci il tarixdə ümumi razılığa gələrək onun tərəfindən ona təklif edilərək üst-üstə əmlaklar üzrə 830.000 manat dəyərində notariat kontorunda yalançı əqd bağlanaraq ortada müqavilədə göstərilən məbləğ olmaması və sadəcə olaraq borc müqaviləsi bağlanaraq yuxarıda qeyd etdiyi kimi indiyə qədər də onlar arasında əmlaklar üzrə sövdələşmələr davam etməkdədir, belə ki, axırıncı sövdələşməyə görə onun tərəfindən ona yuxarıda qeyd edilən məbləğ üzrə 230.000 manat dəyərində mənzil şahidlərin iştirakı ilə geri qaytarılmışdır. Bildirir ki, hər hansı bir yalançı əqddən söhbət belə gedə bilməz. Belə ki, cavabdeh onu aldadaraq onun mənzillərini satmış və pulunu özünə götürmüş, bu səbəbdən də ona 830.000 manat borcu yaranmışdır. Həmin məbləğ də notariat kontorunda rəsmiləşdirilmişdir. Cavabdeh onu yenidən aldatmış, guya ona Mənzil Tikinti Kooperativində üç mənzil vermək adı ilə müqavilə bağlamış və əlavə olaraq 170.000 manat pulunu almışdır. Həmin binanın isə hələ özülü belə qazılmayıb, binanın nə vaxt tikiləcəyi də məlum deyildir. Cavabdeh öz şahidlərinin iştirakı ilə yenidən onu aldatmışdır. Bundan əlavə, cavabdeh iddia ərizəsinə etirazda bildirir ki, cavabdeh ona əmlaklar üzrə 600.000 manat dəyərində əmlak qaytarmalıdır. Bu fakt da onlar arasında olan disk yazısı ilə tam şəkildə təsdiq olunur. Ona görə ki, cavabdehin ona heç bir nağd pul borcu yoxdur. Sadəcə olaraq onlar arasında əmlaklar üzrə uzun müddətli şifahi əqdlər bağlanılır və müxtəlif aspektlərə görə də həmin əqdlərin bir hissəsi pozulmuşdur, hal-hazırda onun tərəfindən ona təklif olunur ki, (yəqin cavabdeh özünün təklifini nəzərdə tutur) 1.000.000 manat dəyərində olan mülk üzrə ona 400.000 manat əlavə pul ödəyərək həmin mülkü onun adına rəsmiləşdirilməsini tələb edir (yəqin ki, öz tələbini nəzərdə tutur ). Hal-hazırda yuxarıda qeyd edilən pulu ödəmir və şifahi əqdi pozaraq qanunsuz olaraq ortada olmayan məbləği ondan tələb edir. Bildirir ki, yuxarıdakı fikirləri diqqətlə oxuduqda görünür ki, cavabdehin hərəkətlərində dələduzluq cinayətinin tərkibi vardır. Nədənsə onun əmlaklarla bağlı bağladığı əqdlərin hamısı şifahi əqdlərdir. Əgər ortada pul yoxdursa onda cavabdeh ondan aldığı mənzilləri niyə geri qaytarmır. Axı özü də bildirir ki, onlar arasındakı sövdələşmələr əmlak sövdələşmələridir. Onda necə olur ki, cavabdeh ondan əmlakları götürür, lakin əvəzində ona vəd etdiyi əmlakı vermir. Əgər sövdələşmə baş tutmursa onda ona məxsus əmlakları niyə geri qaytarmır. Yenə də ona özünə məxsus olmayan sənədləşdirə bilmədiyi əmlakı verərək 400.000 manat pul istəyir. Göründüyü kimi, cavabdeh bütün üsullarla ona olan borcunu geri qaytarmaqdan yayınır və onu aldatmaqda davam edir. Hesab edir ki, məhkəmə yuxarıda göstərilənlərə hüquqi qiymət verərək, cavabdehin hərəkətlərində cinayət əlamətləri olduğundan, xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Qeyd edilənlərə əsasən, Cavabdeh hərəkətlərində dələduzluq cinayətinin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdehin vəkili (nümayəndəsi) İ.Əsədov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia tələbinə qarşı verilmiş etirazın əsaslarına uyğun izahat verdi. İş üzrə iddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddia tələbi iddiaçı ilə cavabdehin arasında bağlanmış və Bakı Şəhəri 51 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 07.06.2018-ci tarixli “Kredit müqaviləsinə” əsaslanır. Həmin müqavilədə qeyd edilib ki, borcalan olan cavabdeh kreditor olan iddiaçıdan 07.12.2018-ci il tarixədək qaytarmaq şərti ilə 830.000 manat məbləğində pulu borc alır. İş üzrə cavabdehin vəsatəti əsasında Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, o, cavabdehin qohumudur. Ötən il o, Sadiq adlı dostu ilə birlikdə iddiaçı ilə görüşmüş və bu görüş zamanı iddiaçı ilə cavabdehin arasında olan hazırki mülki mübahisənin mövcudluğundan xəbərdar olmuşdur. Bundan sonra o, cavabdeh ilə söhbət etmiş və bu mübahisəni həll etməyi məsləhət bilmişdir. Cavabdehə 230.000 manat borcu olan bir şəxs vardı. Elə həmin gün yeni tikilmiş binalardan iddiaçının borcunun bir qismini qaytarmaq üçün 3 mənzilin müqaviləsini bağlamışlar. Lakin müvafiq evlər tam təhvil verilməmişdir. Bundan əlavə, iddiaçı 3 mərtəbəli villa təklif olunmuşdur. Buna görə də, iddiaçıya əlavə olaraq 400.000 manat məbləğində pul vəsaiti ödənilməklə borc silinmişdir. İşə baxmış Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə “Kredit müqaviləsi” bağlamış, lakin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Rayon Məhkəməsi tərəfindən həmçinin cavabdeh tərəfindən təqdim olunmuş və həmin danışıqların iş üzrə tərəflərə aid olması bildirilən danışıq (səs yazısı) dinlənilmişdir. Lakin Rayon Məhkəməsi təqdim olunmuş səs yazısında həmin səsin həqiqətən iddiaçıya məxsus olmasını, həmçinin həmin yazının gizli yolla əldə edilməsini nəzərə alaraq cavabdeh tərəfindən təqdim olunmuş səs yazısını sübut kimi qəbul etməmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra normalarına istinad etmişdir ki, həmin normalarda qeyd edilir ki, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (maddə 329.2.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir (maddə 390.5.). Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanan Rayon Məhkəməsi hesab etmişdir ki, “Kredit müqaviləsi” üzrə cavabdeh öhdəliyi icra etmədiyi üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə aldığı pul vəsaitindən, yəni məhkəmə araşdırması zamanı müəyyən olunmuş 830.000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Lakin Məhkəmə, Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilən 07.06.2018-ci il tarixli “Kredit müqaviləsinə” əsaslanaraq cavabdehə 830.000 manat borc verdiyini iddia edir və həmin borcun qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən ona yalnız 140.000 manat pulun verildiyini bildirərək, aralarında olan əmlak sövdələşmələrinə görə 830.000 manat dəyərində notariat kontorunda yalançı əqd bağlandığını, hazırda onun iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 140.000 manat məbləğində pulun verildiyi cavabdeh tərəfindən təsdiq edilir, işin düzgün həlli üçün 830.000 manatın həqiqətən cavabdehə borc kimi verildiyi müəyyən edilməlidir. İş üzrə tərəflər arasında müxtəlif əmlak sövdələşmələrinin olması işdə olan sübutlarla öz təsdiqini tapır. Apellyasiya baxışının iclasında iddiaçı özü də bu halı təsdiq etmiş və cavabdehə 140.000 manat verildiyini, cavabdehin onu aldadaraq onun mənzillərini satdığını və pulu özünə götürdüyünü və bu səbəbdən də ona 830.000 manat borcu yarandığını, həmin məbləğin də notariat kontorunda rəsmiləşdirildiyini bildirmiş, mübahisənin barışıq yolu ilə həll edilməsi üçün vaxt istəmiş, Məhkəmə tərəfindən tərəflərə barışıq üçün vaxt verilmiş, lakin aralarında barışıq əldə edilməsi mümkün olmamışdır. İş üzrə şahid Əli Hüseynovun ifadəsi ilə də həmin xüsusatlar təsdiq olunmuş, cavabdehin iddiaçıdan borc almadığı, ona 600.000 manat dəyərində mülk borcunun olduğu öz təsdiqini tapmışdır. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, iş üzrə tərəflər arasında 830.000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi barədə “Kredit müqaviləsi” bağlansa da, həmin borc faktiki olaraq verilməmişdir. Rayon Məhkəməsi tərəfindən “Kredit müqaviləsi” üzrə yaranmış borc öhdəliyinin icra edilməməsi əsası ilə iddianın təmin edilməsi əsassızdır, işin halları düzgün müəyyən edilməmiş və maddi hüquq normaları səhv tətbiq edilmişdir. Bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də, Rayon Məhkəməsinin qətnaməsi əsassız hesab edilərək ləğv edilməlidir. İşin həqiqi halları üzrə Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan 140.000 manat alınması mübahisə doğurmur. Həmin pul vəsaitinin cavabdehdə qalmasının heç bir qanuni əsası yoxdur və iddiaçının tələbi ilə əhatə olunduğu üçün iddiaçıya qaytarılmalıdır. Aralarındakı əmlak sövdələşmələri baş tutmadığından və münasibətləri pozulduğundan cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmış hesab edilməli və 140.000 manat cavabdehdən alınaraq qanuni sahibi olan iddiaçıya qaytarılmalıdır. İddianın qalan hissəsi isə düzgün tələb irəli sürülmədiyi üçün rədd edilməlidir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri, habelə MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 140.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh 140.000 (yüz qırx min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Elşad Şamayev (imza) İlham Kərimli “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar