Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6421/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4859/2024 saylı, 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)- 6035/2013 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan övladının onun yanında saxlanılması, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-778/2018 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-6035/2013 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan övladının onun yanında saxlanılması və cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-778/2018 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. O, hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan alimentin məbləği artırılmalıdır. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Hazırda cavabdehin uşağın saxlanması üçün ödədiyi alimentin məbləği 2024-cü il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumundan kifayət qədər azdır. Bu isə uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun pozulmasına səbəb olur. O, hesab edir ki, uşağın saxlanılması xərclərinin yetərli və davamlı olması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində olmaqla, bir uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən olunmuş həddə - 235 manat müəyyən edilməlidir. Hansıkı uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 235 manat müəyyən edilsə də, hazırki bazar qiymətlərini nəzərə alsaq uşağın gündəlik qidalanma, geyim xərclərini ödəmir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli, 2(001)- 4859/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə uşağın mənafeyini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, cavabdehin kifayət qədər qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən, həmçinin uşağın saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələri; «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 oktyabr 2024-cü il, 2(001)-4859/2024 tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qət olunarkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. O, xx.xx.2019-cu il tarixində 53 saylı nikah qeydindən keçməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 anadan olmuşdur. Həmçinin etiraza əlavə olunmuş "xxxx" Logistics MMC-nin xx.xx.2024-cü il tarixli, №34-li Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdim etmək üçün verilmiş arayışda qeyd olunur ki, X3 həqiqətən xx.xx.2021-ci il tarixindən halhazıradək "xxxx" Logistics MMC-də sürücü vəzifəsində çalışır və onun aylıq əmək haqqı qanunvericliyə uyğun tutulmalarla daxil olmaqla 600 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin mənasına görə tərəflərin ailə vəziyyətinin dəyişməsi dedikdə aliment ödəyən şəxsin himayəsində olan şəxslərin artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi düşünülür. Həmçinin tərəflərin maddi vəziyyətinin dəyişməsi dedikdə onların maddi vəziyyətin yaxşılaşması və pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən və aliment alan şəxsin gəlirinin çoxalması və azalması ilə əlaqədar olur. Hazırda əmək haqqının 600 manat təşkil etdiyini və digər nikahdan 3 övladının (xx.xx.2015-ci il təvəllüdlü X9,xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5) olduğunu nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməsi ilə bağlı heç bir əsas mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almayaraq əsassız qətnamə qət etmişdir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4859/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qət olunmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildirmişir ki, oğlu 9-cu sinifdə oxuyur, imtahanlar ərəfəsidir, hazırlığa gedir, əlavə yol pulu və digər xərcləri vardır. Qarşı tərəf xaricə böyük tırlar sürür, maaşı daha çoxdur
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
18. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
19. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
20. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
22. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
23. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
24. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
25. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:
26. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
27. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
28. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
29. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, iddianın qanuni əsasını yoxlayan məhkəmə kollegiyası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərin mövcudluğu ilə əlaqədar qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.
33. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə olan halda, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağının saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
34. Apellyasiya şikayətində göstərilənlərlə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması isə alimentin məbləğinin dəyişdirilməməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ikinci dəfə ailə qurması, yenidən uşağı olması onu əvvəlki nikah münasibətlərindən olan övladının getdikcə artan tələbatlarını ödəmək, əvvəlki təminat səviyyəsini yüksək saxlamaq vəzifəsindən azad etmir.
35. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən cavabdeh əmək qabiliyyətlidir və onun az qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinə təsir edən hallardan deyil.
36. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.
37. Belə ki, valideynlərin öz uşaqları barəsində bərabər hüquqlara malik olduqları kimi həm də bərabər şəkildə vəzifələr daşıdıqları nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-778/2018 saylı qətnaməsinin qəbul edilməsindən 6 ilə yaxın müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin tutulmaların miqdarının müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə aparılan tutulmaların miqdarının dəyişdirilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanunvericilikdə nəzərdə tutulan dispozisiya şərtlərinin mövcudluğu baxımından əsaslı olmuşdur.
39. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
40. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti (235-100*12=1.620) beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4859/2024 saylı, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə