Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6422/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(001)-621/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11- MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, bank sonuncuya illik 30% hesablanmaqla 12 ay müddətinə 20.000 manat məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci maddəsinə əsasən kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələcəyi hallarda verdiyi krediti hesablanmış faiz, komissiya və müvafiq halda cərimə və dəymiş zərərlə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Müqavilənin 4.8-ci maddəsinə əsasən, kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləğinə gündəlik 5% dərəcəsilə dəbbə pulu hesablanır.
2. "xxxx" İKB ASC ilə Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11- MZ2-2-0-2617-19 nömrəli zaminlik müqavilələrindən görünür ki, zaminlər, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər.
3. 29 yanvar 2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsinə Əlavə Sazişdən görünür ki, Bu Saziş qüvvəyə mindiyi tarixdən Müqavilənin 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilmiş, 2.3, 2.4, 2.5, 4.2 və 4.8-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: 2.3 kredit müqaviləsinin müddəti 29 yanvar 2021-ci il tarixədək uzadılır; 2.4 müqavilə üzrə kreditin illik faiz dərəcəsi 15 təşkil edir, 4.2 borcalan Müqavilə üzrə Müqavilənin 2.5-ci bəndində göstərilmiş müddət ərzində faizlərin ödənilməsini, güzəşt müddəti bitdikdən sonra əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir; 4.8 borcalan bu Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə Ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi illik 72 (yetmiş iki) faiz dəbbə pulunu da ödəyir. Dəbbə pulu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğ Kreditora tam ödənildiyi günə qədər hesablanır.
4. 29 yanvar 2020-ci il tarixdə İddiaçı ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2- 2-0-2617-19 nömrəli zaminlik müqavilələrinə Əlavə Sazişdən görünür ki, Bu Saziş qüvvəyə mindiyi tarixdən Müqavilənin 2.1.2, 2,1.3 və 2.1.4-cü yarımbəndləri aşağıdakı redaksiyada verilmişdir: “2.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2021 -ci tarixədək uzadılır. 2.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 15 (on beş) təşkil edir. 2.1.4.0.2 (sıfır tam onda iki) % təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik cərimə faiz dərəcəsi".
5. 04 dekabr 2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsinə Əlavə Saziş 1dən görünür ki, Bu Saziş qüvvəyə mindiyi tarixdən - 1.1.1. Müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3,-cü yarımbəndləri ləğv edilir. 1.1.2.Müqavilə üzrə kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır; 1.1.3.Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 15( on beş ) % təşkil edir; 1.1.4 borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə Əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. 1.1.5 Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 % təşkil edir.
6. 04 dekabr 2020-ci il tarixdə İddiaçı ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2- 2-0-2617-19 nömrəli zaminlik müqavilələrinə Əlavə Saziş 1-dən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən kredit müqaviləsi üzrə kreditin müddəti 29 noyabr 2021 tarixədək uzadılır, Kreditin illik faiz dərəcəsi 15 % təşkil edir, Kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir.
7. İddiaçı ASC tərəfindən borcalana və zaminlərə ünvanlanan 20 sentyabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclulara banka olan borcunu 5 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər.
8. İddiaçı ASC-nin 15 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 8.046,07 manat, faiz üzrə borcu 446,14 manat, cərimə 838,48 manat olmaqla cəmi 9.330,69 manat məbləğində borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı "xxxx" İKB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 22 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8.046,07 manat əsas borc, 446,14 manat faiz borcu və 419,24 manat cərimə olmaqla, ümumilikdə 8.911,45 manat borcun və 109,12 manat ödənilmiş dövlət rüsumunun tutulması, habelə onunla Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 22 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 30 faizlə 12 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 22 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. 04 dekabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 29 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il oktyabrın 15-dək Cavabdeh1 banka həmin müqavilə üzrə 8.046,07 manat əsas borc, 446,14 manat faiz borcu və 838,48 manat cərimə olmaqla, ümumilikdə 9.330,69 manat borcu vardır. Göründüyü kimi Cavabdeh1 cərimə borcu 838,48 manat olmasına baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 419,24 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(001)-621/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 22 oktyabr 2019-cu il tarixli, 11- MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8.046,07 (səkkiz min qırx altı manat, yeddi qəpik) manat məbləğində əsas borc, 446,14 (dörd yüz qırx altı manat, on dörd qəpik) faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 8.692,21 manat borcun və ödənilmiş dövlət rüsumunun 106 (bir yüz altı) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 97 (doxsan yeddi) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 3 (üç) manatının isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə həmçinin iddia tələbinin əsas və faiz borcu hissəsi ilə əlaqədar ekspert rəyi ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0- 2617-19 nömrəli kredit müqaviləsi ilə verilmiş kreditin illik faiz dərəcəsi 30% olsa da, sonradan tərəflər arasında Əlavə Sazişlər bağlanaraq illik faiz dərəcəsi 15% endirilmişdir. Buna baxmayaraq ekspert cavabdehin banka olan borcunu müəyyən edərkən, borcun məbləğini illik 30 % dərəcə ilə hesablamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi “əsas və faiz borcun tutulması” hissəsində təmin edilməli, 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi ləğv edilərək, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8.046,07 manat məbləğində əsas borc və 446,14 faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi və ona edilmiş Əlavə Sazişlər üzrə tərəflər arasında cərimə ilə bağlı yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 419,24 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə belə hesab etmişdir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği azaldılmalı və 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 424.2, 424.3, 424.5, 427.3, 442, 443.1, 462.1, 463.1, 465.2, 467, 472.1, 472.2, 739 eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
15. Apelyasiya şikayətində göstərilmişdir ki, müqaviləyə dəyişiklik ediləndə zaminlərin razılığı alınmamış və eyni zamanda müqavilənin müddəti bitəndən 3 il sonra məhkəməyə müraciət edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsi nəzərə alınmamışdır. Həmçinin məhkəmə işdə olan tərəfindən banka ödənilmiş məbləğlərin hamısını nəzərə almamışdır. Nəticədə ondan artıq məbləğin tutulması barədə qərar verilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, tərəflər arasında olan razılaşmaya əsasən kredit məbləğinə görə hesablanan illik faiz dərəcəsi 15 faizə endirilmiş və zaminlərlə də bu barədə müqavilə bağlanmışdır. Apellyasiya şikayətində cavabdeh tərəf özü də banka borcunun olmasını inkar etməmişdir. Hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
22. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
23. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
24. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
25. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
28. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
30. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.
31. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
32. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
34. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Apelyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş, həmçinin qətnamə digər cavabdehlər eləcə də iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində Cavabdeh1 münasibətdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatı bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Belə ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh1 qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır.
40. Cavabdeh apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Eyni zamanda iş materiallarından görünür ki, tərəflər arasında 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0- 2617-19 nömrəli kredit müqaviləsi ilə verilmiş kreditin illik faiz dərəcəsi 30% olsa da, sonradan tərəflər arasında Əlavə Sazişlər bağlanaraq illik faiz dərəcəsi 15% endirilmiş, birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş ekspertiza zamanı isə borcun məbləğini illik 30 % dərəcə ilə hesablamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi illik 15% dərəcəsi ilə hesablanmış borcun tutulması barədə düzgün qənaətə gəlmişdir.
41. Bundan başqa cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, müqaviləyə dəyişiklik ediləndə zaminlərin razılığı alınmamışdır, halbuki iş materiallarından görünür ki, 29 yanvar 2020-ci il tarixdə İddiaçı ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2- 2-0-2617-19 nömrəli zaminlik müqavilələrinə Əlavə Sazişdən görünür ki, Bu Saziş qüvvəyə mindiyi tarixdən Müqavilənin 2.1.2, 2,1.3 və 2.1.4-cü yarımbəndləri aşağıdakı redaksiyada verilmişdir: “2.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2021 -ci tarixədək uzadılır. 2.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 15 (on beş) təşkil edir. 2.1.4.0.2 (sıfır tam onda iki) % təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik cərimə faiz dərəcəsi".
42. Göründüyü kimi kredit müqaviləsinə olan Əlavə Sazişin müddəaları zaminlərlə razılaşdırılmaqla, bu barədə zaminlik müqavilələrinə əlavə saziş bağlanmışdır.
43. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
44. İş materiallarından göründüyü kimi "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi 22 oktyabr 2019-cu il tarixdə bağlanmaqla 12 ay müddətinə 20.000 manat məbləğində kredit verilmiş, daha sonra müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışıdr.
45. Göründüyü kimi iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 29 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İddiaçı isə qanunla nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmədən, 02 noyabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
46. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(001)-621/2022 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov