Məhkəmə qərarları › İş №2(103)-6424/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6424/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6424/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bank, iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 06.06.2015-ci il tarixdə bağlanmış “Nağd pul layihəsi müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 2.609,38 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.917,87 ABŞ dolları, və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh iddiaçı Bank ilə bağladığı 06.06.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 36 ay müddətinə, illik 26% dərəcəsi ilə 3.359 ABŞ dolları məbləğində borc almışdır. Həmin müqaviləyə əsasən cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, Bankdan götürdüyü krediti aybaay, hissə-hissə Banka ödəyəcək. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bunun nəticəsində cavabdehin 2.609,38 ABŞ dolları məbləğində əsas və 2.917,87 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Bank xəbərdarlıq məktubu ilə cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 31.08.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmışdır. Bununla da, Rayon Məhkəməsi prosessual pozuntuya yol vermişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, Bankın cavabdehdən tutulmasını tələb etdiyi borcun məbləği şişirdilmişdir. Bankın nümayəndəsi və cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə birmənalı olaraq ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Rayon Məhkəməsi məhkəmə baxışında cavabdehin iştirakını qanuna müvafiq qaydada təmin etməmişdir. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. İşdən görünür ki, Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişlərinin cavabdeh tərəfindən alınması iş materialları ilə təsdiq olunmur. İşə baxmış Rayon Məhkəməsi bu halı nəzərə almamış və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Bununla da Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. MPM-nin 387-ci maddəsinin mənasına görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir (maddə 387.2.2.). Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Çünki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə işdə olan sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçı Bank ilə bağladığı 06.06.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 36 ay müddətinə, illik 26% dərəcəsi ilə 3.359 ABŞ dolları məbləğində borc almışdır. Müqavilənin şərtlərindən görünür ki, cavabdeh iddiaçı Banka qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Bankdan götürdüyü krediti aybaay, hissə-hissə Banka ödəyəcək. İşin hallarından müəyyən edilir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, borcun kiçik bir hissəsini ödəmiş, qalan borcu isə ödəməmişdir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür cavabdehin Banka 2.609,38 ABŞ dolları məbləğində əsas və 2.917,87 ABŞ dolları məbləğində faiz borcu var. Bank tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, Bank cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etmişdir. İş materiallarından görünür ki, cavabdeh borcunu ödəməmişdir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür, cavabdeh iddiaçı Banka borcunun olmamasını iddia etmir. O, bildirir ki, iş baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, Bankın ondan tutulmasını tələb etdiyi borcun məbləği şişirdilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh borc məbləğinin şişirdilmiş olduğunu bildirsə də, bu halı təsdiq edə və Bankın hesablamalarını şübhə altına ala biləcək sübutları, ən azından adi riyazi hesablamanı Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsaslı saymır. Beləliklə də, Məhkəmə Bankın təqdim etdiyi sübutları, işin hallarını və cavabdehin “Bankın ondan tutulmasını tələb etdiyi borcun məbləği şişirdilmiş olması barədə” dəlilinin əsasız olmasını nəzərə alaraq müəyyən edir ki, cavabdehin Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri var və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Borcalan cavabdehin Bank qarşısında icra edilməmiş öhdəliklərinin olması və borcun məbləğinin şişirdilmiş olmaması təsdiq olunduğundan Məhkəmə hesab edir ki, Bank, onunla cavabdeh arasında 06.06.2015-ci il tarixdə bağlanmış “Nağd pul layihəsi müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 2.609,38 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.917,87 ABŞ dolları, və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Bu baxımdan Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Bankın iddiası təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh arasında bağlanmış 06.06.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.609 (iki min altı yüz doqquz) ABŞ dolları 38 (otuz səkkiz) sent, faiz borcunun ödənilməsi məqsədi ilə 2.917 (iki min doqquz yüz on yeddi) ABŞ dolları 87 (səksən yeddi) sent, cəmi 5.527 (beş min beş yüz iyirmi yeddi) ABŞ dolları 25 (iyirmi beş) sent (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul cavabdeh X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar