Məhkəmə qərarları › İş №2(103)-6426/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6426/2024

19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6426/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2334/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2019-cu il tarixdə X7 doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-309/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 iddiaçının yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə Əhmədova (Qədirova) Turanə Tural qızı ilə nikaha daxil olmuş və hazırda onunla nikahdadır. İddiaçı "xxxx" MMC-də kargüzar vəzifəsində çalışır, 175 manat məbləğində əmək haqqı alır. Cavabdeh əlilliyə görə (İİİ qrup) 150 manat məbləğində pensiya alır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)- 309/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək, 325 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdehin hazırda aliment borcu yoxdur. Lakin aliment məbləği müəyyən edildikdən sonra uşağın istifadə etdiyi istehlak mallarının qiyməti xeyli bahalaşmış, uşağın böyüməsi ilə bağlı onun tələbatı artmış, habelə bir uşağın saxlanılması üçün yaşayış minimumu artırılaraq, 235 manat müəyyən edilmişdir. Bu müddət ərzində cavabdehin gəlirləri artmışdır. Ötən 3 il ərzində cavabdeh Qobustan şəhərində 2 mağaza açmış və həmin mağazalarda divar kağızlarının, habelə ərzaq mallarının satışını həyata keçirir. O, isə işləmir, hər hansı gəlirə malik deyil. Valideynləri ona maddi cəhətdən köməklik edir. Cavabdeh 175 manat aliment məbləğindən başqa maddi baxımdan hər hansı köməklik etmir. Bu səbəbdən hesab edir ki, müəyyən edilmiş alimentin məbləği artırılmalıdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2334/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-309/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilməli olan 48.2 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim X6)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət vermiş və 2024-cü il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğunu, uşağın üstün mənafeyini və onun təminat səviyyəsini əsas götürərək, uşağın əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimumu məbləği ilə müqayisə edərək, bu fərqin uşağın təminat səviyyəsinə əhəmiyyətli dərəcədə təsirinin olması halını, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar artan (normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair) tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini, cavabdehin stabil qazancının olması halının müəyyən edilmədiyini nəzərə alaraq, hesab etmişdir ki, iddia tələbi əsaslı olmaqla qismən təmin edilməli, 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə hazırki tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 48.2 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edilməsini əsas götürərək, qeyd etmişdir ki, iş üzrə ödənilməli olan 48.2 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə köçürülməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, 34-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14.2-ci, 76.1-ci, 77.1-ci, 82.3-cü, 106.1-ci, 107-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci, 9.1.2-ci, 9.4-cü maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, o, məhkəmə iclasında görmə qabiliyyətinin şox zəif olduğunun və bununla əlaqədar ona əlillik təyin olunduğu üçün 150 manat məbləğində təqaüd əlaqədar ona əlillik təyin olunduğu üçün 150 manat məbləğində təqaüd aldığını bildirmişdir. Həmçinin, yenidən ailə qurduğunu və buna görə də xərclərinin artdığını, belə olan halda, aliment məbləğinin artırılmasının onun maddi vəziyyətinin daha da pisləşməsinə səbəb olacağını bildirmişdir. Lakin məhkəmə işin bu hallarını nəzərə almamış və yalnız iddiaçının mövqeyini əsas götürərək, onun iddiasını qismən təmin etmişdir. Məhkəmə iddiaçının da bir valideyn kimi birgə nikahdan doğulmuş bu uşağın saxlanılmasında iştirak etməli olduğunu və maddi cəhətdən də uşağın saxlanılmasına kömək etməli olduğunu nəzərə almamışdır. Bir halda ki, Ailə Məcəlləsinin tələblərinə əsasən valideynlər övladlarına qarşı eyni hüquq və vəzifələrə malikdirlər. İşin hallarından da görünür ki, uşağın 5 yaşı var və iddiaçı uşağı baxçaya qoyaraq özü də əmək fəaliyyəti ilə məşğul ola bilər. Həmçinin, qanunverici uşağın minimum yaşayış səviyyəsinin təmin olunmasının yalnız atanın vəzifəsi olduğunu göstərməmişdir. Bütün qanunverici aktlarından da görünür ki, Azərbaycan Respublikasında qadın və kişilər eyni hüquq və vəzifələrə malikdirlər. Ondan 235 manat məbləğində alimentin tutulması onun bir ay ərzində aldığı 150 manat təqaüdün miqdarı ilə qeyri-mütənasiblik təşkil edir. Ona görə də məhkəmənin uşağın saxlanılmasının yalnız atanın vəzifəsi olması qənaətinə gəlməsi tamamilə əsassız və qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.

22. Cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır, uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, onun maddi vəziyyətində müsbət mənada heç bir dəyişikliyin olmadığını, əksinə yeni nikaha daxil olduğunu və xərclərinin daha da artdığını, ondan 235 manat məbləğində alimentin tutulmasının onun bir ay ərzində aldığı 150 manat təqaüdün miqdarı ilə qeyrimütənasiblik təşkil etdiyini, uşağın artıq 5 yaşının olduğunu, bu səbəbdən iddiaçı da əmək fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək imkanında olduğunu bildirir.

23. Məhkəmə kollegiyası vurğulayır ki, tərəflərin birgə nikahından doğulmuş uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2021-ci il) qəbul edilməsindən 3 ildən artıq müddət ötmüş, sonrakı dövrdə uşağın saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2024-cü ildə bir uşaq üçün 235 manat təşkil etmişdir. Cavabdehdən tutulan 175 manat aliment miqdarı artıq 2022-ci ildə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan (193 manat) az olmuş, hazırda artırılmış məbləğ də 2024cü il üzrə müəyyən edilmiş məbləğdir. Alimentin 175 manat miqdarında saxlanılması isə uşağı həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən bir qədər də uzaqlaşdırır.

24. Bununla belə, hazırki mübahisəyədək cavabdehin hər ay 175 manat məbləğində aliment ödəmək öhdəliyi artıq yaranmışdır, lakin bu məbləğ hazırda uşağın maddi baxımdan təmin edilməsi üçün yetərli deyil. Bu da öz növbəsində həmin miqdarın artırılmasını şərtləndirir.

25. Eyni zamanda qeyd olunmalıdır ki, aliment öhdəliyi müəyyən edildikdən sonra cavabdehin ailə vəziyyətində həqiqətən də dəyişiklik olmuşdur. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdə digər bir şəxslə nikaha daxil olmuşdur. Lakin belə bir dəyişikliyin baş verməsi özü-özlüyündə qeyri-şərtsiz və birmənalı şəkildə müəyyən edilmiş alimentin miqdarının artırılmasını istisna etmir. Hər bir halda, bu mövqedən çıxış edən cavabdeh ailə vəziyyətində baş vermiş bu dəyişikliyin onun maddi vəziyyətinə alimentin miqdarının artırılmasını istisna edəcək səviyyədə (əhəmiyyətli dərəcədə) təsir etməsini sübut etməli idi. Lakin cavabdeh bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, aliment məbləğinin artırılması hər bir halda cavabdehin əlavə vəsait ödəməsi ilə nəticələnir və bu hal da onun maddi vəziyyətinə təsir etmiş olur. Bu halın, habelə rəsmi əmək münasibətlərində olmamasının əsas götürülməsi ümumiyyətlə müəyyən edilmiş hər bir alimentin miqdarının artırılmasını (bu əsaslar olan belə işlərdə) istisna etmiş olur.

26. Bununla bağlı, məhkəmə kollegiyası o halı da nəzərə alır ki, yenidən nikaha daxil olan zaman cavabdeh artıq 175 manat məbləğində aliment ödəyirdi. Hər bir halda, bu barədə qərar həmçinin, onun maddi imkanları, o cümlədən alimentin ödənilməsi öhdəliyin olması ilə yanaşı, bu ailənin və həmin ailədən doğulacaq uşaqların maddi cəhətdən saxlanılmasının mümkünlüyü nəzərə alınmaqla qəbul edilmişdir. Həm bu halın mövcudluğu, həm də 150 manat məbləğində təqaüd almasına baxmayaraq, ötən dövr ərzində bu məbləğdən artıq olan 175 manat məbləğində alimentin cavabdeh tərəfindən ödənilməsi (borcu yoxdur) cavabdehin əlavə gəlirə malik olmasını təsdiq edir və bu baxımdan iddiaçı ilə onun birgə nikahından doğulmuş uşağın 2024-cü ilin yaşayış minimumuna uyğun olan məbləğdə aliment almaq hüququnun təmin edilməsini şərtləndirir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız 235 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir (aydın məsələdir ki, uşaq üçün 235 manat məbləğində alimentin ödənilməsinə razılıq verməyən və ondan 175 manat alimentin tutulmasını tələb edən cavabdeh bu məbləği qarşılayan deyil). Uşağın qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır. Hər bir halda, 235 manat tələb olunan və ya maksimum deyil, 2024-cü il üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğdir. Bu məbləğ hesabına da uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.

28. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (235- 175=60, 60 x 12 = 720 manat) 720 manat təşkil etdiyindən və məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2334/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar