Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6428/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 8105.76 manat məbləğində zərərin, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 8135.76 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə, iş № 2(003)-389/2021) iddia qismən təmin olunaraq, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olan 1440 manat, istifadə edilmiş təbii qaza görə ödənilməyən 1049.76 manat və 15 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2504.76 (iki min beş yüz dörd manat yetmiş altı qəpik) manatın tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “Azəriqaz" İB ilə 09.12.2013-cü il tarixli 93 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00400 hesab nömrəsi verilmişdir. Cavabdeh sayğacdan kənar qaz xətti vasitəsilə, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən bir neçə dəfə akt tərtib edilmişdir. Həmin aktlara əsasən cavabdehin ümumi borcu 8105.76 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standard qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 8105,76 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda qətnamə iddianın təmin edilən hissəsində cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qətnamə yalnız iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilmişdir. Bu səbəbdən də qətnamə yalnız iddiaçı tərəfindən mübahisələndirilən hissədə yolxanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin özünün davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şübhəsizdir ki, göstərilən şəxslərin davranışlarının dəymiş zərərin yaranmasına və artmasına göstərdikləri təsirə mütənasib olaraq dəymiş zərərin həcmi azaldılmalıdır. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi mütləq nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə vurulmuş ziyanın həcmini müəyyən edərkən məhz bu halları da nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6428/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6428/2021
18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver