Məhkəmə qərarları › İş №2(103)-6434/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6434/2021

08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6434/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-291/2021 saylı iş üzrə qəbul etdiyi 11 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3123 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin, həmçinin 30 manat dövlət rüsumu olmaqla cəmi 3453 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 27.10.2017-ci il tarixli D/2284 saylı “Qaz paylacyıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə Müqavilə” əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı 1702AZ**********03 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavadbehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Briliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25.11.2016-cı il tarixli akt üzrə itirilmiş qazın miqdarı 3235 m3 dəyəri 323.50 manat, 30.12.2016-cı il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1544 m3 dəyəri 154.40 manat, 23.01.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1612 m3 dəyəri 322.40 manat, 13.02.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1232 m3 dəyəri 246.4 manat, 19.04.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1659 m3 dəyəri 331.80 manat, 30.01.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 2913 m3 dəyəri 582.60 manat və 27.02.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3 dəyəri 115.20 manat barədə aktlar tərtbi edilmişdir. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 3123 manat ziyan vurmuşdur. Yaranmış borcun könüllü ödənilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-291/2021 saylı iş üzrə qəbul etdiyi 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 477.90 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı İddiaçınə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan aktlardan görünür ki, cavabdeh tərəfindən dəfələrlə qanunsuz qoşulma olmuşdur. İş materiallarında olan digər aktlara əsasən cavabdehin borcu təmin olunmamışdır. Qeyd olunan hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmiş, düzgün maddi hüquq normalarını tətbiq etməmiş və bununla da hüququn tətbiq edilməsində səhv buraxmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlməmişlər, kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Bakı X1 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 27.10.2017-ci il tarixli D/2284 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan və “gasrep” abonentin hesabından çıxarışdan görünür ki, **********00010 sayla qeydiyyata alınmış abonent koduna 3123 manat borc hesablanmışdır. İş materiallarında olan 25.11.2016-cı il tarixli itirilmiş qazın dəyərinin hesablanmasına dair qərardan görünür ki, 22.11.2016-cı il tarixli ******* saylı, 08.12.2016cı il tarixli ******* saylı, 13.01.2017-ci il tarixli ******* saylı, 07.02.2017-ci il tarixli ******* saylı, 07.03.2017-ci il tarixli ******* saylı, 11.04.2017-ci il tarixli ******* saylı, 25.01.2018-ci il tarixli ******* saylı, 26.02.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərindən görünür ki, təbii qazdan qeyriqanuni sayğacdan kənar istifadə halı aşkar olunduğuna görə dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarından və abonent saldosundan görünür ki, yuxarıda qeyd olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında dəymiş ziyan 3235 m3 (323.50 manat), 1544 m3 (154.4 manat), 1612 m3 (322.4 manat), 1232 m3 (246.4 manat), 1185 m3 (237 manat), 1659 m3 (331.8 manat), 2913 m3 (582.6 manat), 576 m3 (115.2 manat) və iddia ərizəsinə əlavə edilməmiş akt əsasında 03.2018-ci il tarixdə 972 m3 (194.4 manat) həcmində itirilmiş qazın dəyəri hesablanmaqla cavabdehin abonent hesabına köçürülmüşdür. İş materialları ilə müəyyən edilir ki, cavabdehin ünvanına təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi səbəbindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və həmin aktlar əsas gətirilməklə onun abonent hesabına köçürülmüş cəmi 3123 manat borcun cavabdehdən tutulması iddiaçı tərəfindən tələb olunur. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində belə nəticəyə gəlmişdir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Bundan başqa pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkilmiş xərc kimi cavabdehdən 300 manat məbləğində pul tələb olunsa da, həmin məbləğdə pulun iddiaçı tərəfindən hüququ yardıma görə ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından həmin hissədə də iddia tələbinin təmin edilməsi mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı cavabdehə məxsus evə dair qazdan istifadəyə görə - (iddianın təmin edilməyən hissəsinə dair) hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Təqdim edilmiş aktların doğruluğu isə işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin iş materialları ilə iddiaçı tərəfindən hüququ yardıma görə 300 manat xərclənməsi müəyyən edilməyindən iddia tələbi həmin hissədə də əsassız olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın təmin edilməyən hissəsində iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin mübahisələndirilən hissəsində tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-291/2021 saylı iş üzrə qəbul etdiyi 11 mart 2021-ci il tarixli qətnaməsi - mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar