Məhkəmə qərarları › İş №2(103)-6434/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6434/2025

13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6434/2025 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6434/2025 (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X14 və X12 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1354/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 13 fevral 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 manat maddi ziyan, 130 manat dövlət rüsumu və 300 manat vəkil müqaviləsinə ödəniş cəmi 10.430 manat Cavabdeh tutularaq İddiaçı2 xeyrinə və 5.000,00 manat dəymiş ziyan, 70 manat dövlət rüsumu cəmi 5.070,00 manat Cavabdeh tutularaq İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-504/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış hökmü ilə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, təqsirləndirilən şəxs X9 xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Howo” yük markalı **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan X7 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan X7 baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə tasına keçən çoxsaylı sınıqları, sağ bazu və saidin səthi kəsilmiş yaraları, bədənin çoxsaylı sınıqları ilə müşaiyət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq baş beyinə, qişalarına və mədəciklərə qansızma səbəbindən X7 aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olmuşdur. X4 idarə etdiyi “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdır. Cavabdeh mülkiyyətində olan “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığortalamamış və heç bir müqavilə bağlamadan X6 maşının idarə etdirməklə işə cəlb etmişdir. X1 idarə etdiyi “Opel Astra” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillin mülkiyyətçisi İddiaçı2dur. Qəza zamanı İddiaçı2 10.000 manat maddi ziyan dəymişdir. İddiaçı1 X1 arvadı olaraq iş üzrə X1 hüquqi varisidir. Cavabdeh mülkiyyətində olan “Howo” yük markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığortalamadığı üçün İddiaçı1 X1 ölümünə görə 5.000 manat sığorta ödənişini almamışdır. X3 döyüşlərdə iştirak edərək qazi olaraq 3-cü qurup əlil idi. 2 az yaşlı övladı vardır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1354/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərə görə 9.800 manat və vəkil xidmətindən istifadəyə görə 300 manat pulun alınaraq İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1108.1, 1108.2-ci, «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 27.1, 32.1.3-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarına əsasən də müəyyən olunur ki, hadisəni törədən Seymur avtomobili Cavabdeh iradəsi və ya icazəsi olmadan, onunla heç bir münasibət olmadan, üçüncü şəxs– Xaliqin xahişi ilə idarə etmişdir. Bu da onu sübut edir ki, Natavan Əhmədova nə Seymuru tanımış, nə də ona hər hansı etibarnamə və ya səlahiyyət verməmişdir. Mülki Məcəllənin 1096.2-ci maddəsinin birbaşa tələbinə görə, ziyanın əvəzini ödəmək öhdəliyi yalnız delikt törətmiş şəxs – Seymurun üzərinə düşür. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə heç bir aidiyyəti olmadığı halda, vurulmuş maddi zərərin cavabdeh qismində ondan tutulması tamamilə qanunsuzdur. Natavan Əhmədova tərəfindən X8 qeyd olunan avtomobili idarə etmək üçün xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş etibarnamə verilmişdir. Xaliq Abdullayev isə hadisə günü Natavanın xəbəri və icazəsi olmadan qeyd olunan avtomobili idarə etmək üçün tanışı Seymur Əliquliyevə vermişdir. Bu hallar Suraxanı rayon məhkəməsinin hökmündə öz təsdiqini tapmışdır və iş üzrə preyudisial əhəmiyyət daşıdığı halda hakim tərəfindən sübut kimi nəzərə alınmamış və düzgün hüquqi qiymət verilməmişdir. Bu faktlar Natəvan xanımın avtomobilin Seymurun istifadəsinə verilməsində heç bir iradəsinin olmadığını və təqsirsiz olduğunu sübut edir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

9. Apellyasiya baxışında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

12. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

21. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin olunmasının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddia həmin hissədə də rədd edilməlidir.

30. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

31. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, 22 may 2024-cü il tarixdə saat 03:00 radələrində “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X9 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərini pozaraq, qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan X7 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla sonuncu avtomobilə (yol vərəqəsi olsa da, hər hansı əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsini təsdiqləyən sübutlar təqdim edilmədiyindən) zərər vurmuşdur. Utilizasiya aktına əsasən sözügedən avtomobil tamamilə sıradan çıxmışdır. Həmçinin müəyyən olunur ki, qəzanı törədən avtomobilin mülkiyyətçisi Cavabdeh olmuş, sonuncu tərəfindən yalnız X11 adlı şəxsə qeyd olunan avtomobili idarə etmək üçün xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş etibarnamə verilmiş, hadisəni törədən X9 isə avtomobili buna dair hər hansı qanuni əsas olmadan idarə etmişdir.

32. Kollegiya əvvəla qeyd etməyi zəruri hesab edir ki, ilk növbədə iddianın yönəldiyi şəxsə münasibətdə əsaslı olub-olmamasına dair maddi hüquq normaları təhlil olunmalı, əgər müvafiq əsas tapılarsa, bu zaman dəymiş zərərin məbləğinə və utilizasiya dəyərinə dair apelyasiya baxışı zamanı aparılmış tədqiqatın nəticələrinə qiymət verilməlidir.

33. Belə ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh münasibətdə təmin edərkən onu əsas gətirmişdir ki, cavabdehin mülkiyyətində olan HOWO” yük markalı, 77FD821 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəzanın baş verməsində təqsirli bilinən Əliquliyev X2 keçməsinin qanuni əsası və ya cavabdehin iradəsinə zidd şəkildə qanunsuz olaraq keçməsi müəyyən edilməmişdir. Odur ki, cavabdeh avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olduğundan və avtomobilin onun iradəsinə zidd şəkildə sahibliyindən çıxması sübut olunmadığından, o, İddiaçı2 dəymiş zərərin ödənilməsi üçün mülki məsuliyyət daşıyır.

34. Kollegiya qeyd edir ki, avtonəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarəsi zamanı deliktlə nəticələnən hadisənin baş verməsi halında məsuliyyət bölgüsünə dair bir sıra normalar mövcuddur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.

35. Oxşar qayda hazırki mübahisənin hüquqi əsasının təşkil edən Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

36. Beləliklə, adı çəkilən normalar paralel təhlil olunduqda bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.

37. Kollegiya vurğulayır ki, hazırki məzmunlu mübahisələr üzrə mülki qanunvericilikdə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir.

38. Həmçinin qeyd edilməlidir ki, avtomobilin istifadəsi ilə bağlı verilmiş etibarnamə anlayışı ilə mülki hüquqdakı etibarnamə anlayışları bir-birilərindən fərqli olmaqla birinci anlayışda etibarnamə verilən şəxs mülki hüquqdakı kimi etibarnamə verənin mülkiyyətlə bağlı hüquq və mənafelərini təmsil etmir, öz şəxsi istifadəsinin qanuni əsasını digər üçüncü şəxslər qarşısında müdafiə etmək imkanı qazanır.

39. İşin faktiki hallarının təhlili nəticəsində aydın olur ki, mülkiyyətçi qismində Cavabdeh ona məxsus olan avtomobili idarə etmək üçün X11 adlı şəxsə vermişdir və mülkiyyətçi olaraq ona məxsus əşyaya qanuni sahibliyi həyata keçirə bilməsi üçün öz razılığını ifadə etmişdir. Lakin deliktlə nəticələnən yol-nəqliyyat hadisəsi X11 tərəfindən deyil, mülkiyyətçi tərəfindən hər hansı formada səlahiyyət və razılıq verilməyən üçüncü bir şəxs - X10 tərəfindən törədilmişdir.

40. Bütün bunlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin İddiaçı2 dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsinə dair mövqeyi əsassız hesab edilməlidir. Bu halda dəymiş zərərin hesablanması ilə bağlı aparılmış tədqiqatın təhlililə də hər hansı zərurət qalmamış olur.

41. Beləliklə, kollegiyanın mövqeyinə əsasən birinci instansiya məhkəməsi maddi hüquq normasını işin faktiki hallarına münasibətdə düzgün tətbiq etməmiş və nəticədə qanunvericiliyin pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia bütövlükdə rədd edilməlidir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1354/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar